“Həzrəti Peyman”, falçı Fazil, ekstrasens Aybəniz - “TikTok”da qeybdən xəbər verənlər
21 noyabr 2023 18:23 (UTC +04:00)

“Həzrəti Peyman”, falçı Fazil, ekstrasens Aybəniz - “TikTok”da qeybdən xəbər verənlər

Hər növ "əməl" olunur. Cadu, bəxt açma, bəxt bağlama. Falçı Peyman. Ekstrasens Aybəniz...

Və daha nələr, nələr...

Qədim dövrdən bu günədək bəşər övladında fövqəltəbii güclərə, sirli dünyalara, gələcəyin nələr gətirəcəyinə, gənc qızların evlənəcəyi kişilərin kimlər olacağına, qeybdən gələn xəbərlərə həmişə marağı olub.

Bir neçə il öncəyə qədər bu falçıların adı qulaqdan-qulağa yayılırdısa, zaman keçdikcə bu iş sosial mediada “xüsusi ixtisas” halına gətirilib. 

Deyəcəksiniz necə? 

Sizə hər gecə insanların yuxusunu ərşə çəkən “TikTok”dakı canlı proqramlardan danışım. Deməli, elə biri “Ekstrasens Peyman”. Bu şəxs canlı açıb, bütün dərdlərə dərman olduğunu iddia edir. Hətta, izləyicilərinə vəd edir ki, həkimlərin belə müalicə edə bilmədiyi xəstələri sağaldırmış. Bunlar azmış kimi, onu televiziyada “Həzrəti Peyman” deyə çağırırlarmış. 

“Həzrəti Peyman” gecədən səhər sübh çağına qədər həmin sosial platformada canlı açıb, izləyicilərinin istəkləri üzərində fala baxır. Amma, bir məqam var. O, canlıda ümumi danışır. Deyir ki, “Xüsusi baxdırmaq istəyənlər ödənişli əsaslarla vatsapa yazsın”. Təbiidir. Onun da qazancı olmalıdır, ya yox? Məsələ bu deyil, problem ona inanıb vəsait ödəyənlərdədir. 

Daha sonra, sizə baxıcı Yeganənin həmkarlarını ifşa etməsindən O deyir ki, yalançı baxıcıları millət yaradırmış. Yəni, taleyini baxdırmaq üçün gələnlər oturub, hər şeyi özü danışır. Heç falçının nə isə deməsinə ehtiyac qalmır. Elə bunla da yalançı baxıcı yaranır. 

Müasir dövrün falları...

Əvvəllər baxıcılar fala baxanda nə isə kitab açardılar, suya baxardılar. Amma bəşəriyyət müasirləşdikcə, fala baxmaq da irəliləyir. Müasir dövrdə isə şam, tüstü, tarot falı gündəmdədir. 

Deməli, “TikTok”da video çəkib üzərinə bir neçə bürc yazır. Daha sonra, “tarot kartlar”ını açır. Karta baxıb həmin bürclərin gələcək 1 həftədə başına gələcəklərindən danışır. Video gələn şərhlər isə ayrı bir mövzudur. 

Bu falçıları da qınamaq olmaz. Görünən odur ki, həqiqətən də “baxıcıları” gecə yatmayıb səhərə qədər sosial mediada canlıda qalanlar yaradırmış. İnsanların bu tələbatını ödəmək üçün də belə seanslar ortaya çıxdı. 

Söz vaxtına çəkər deyiblər. Elə bu yaxınlarda falçı adı ilə 100 min manat mənimsəyən Günəş Qasımova hakim qarşısına çıxarılmışdı. Sən demə, Günəşdə də bir çox insana verilmiş “ilahi gücdən” varmış. Qeybdən xəbər gətirən Günəş və onun kimilər üzləşdikləri bəzi problemlərdən həll yolunu “ilahi güc”lərindən alırmışlar. Onun məhkəmə prosesi hələ də davam edir. 

Bəzən düşünürsən ki, kahin, sehrbaz, cadugər, falçı, baxıcı kimi adlarla bilinən bu şəxslərə cahil insanlar inanar. Amma elə deyilmiş. Təxminən 2 il əvvəl 1 saylı Kliniki Tibbi Mərkəzin baş həkimin müavini Adil Salahovun qızı da “falçı” qurbanı olub. Görünən odur ki, falçılığa yaranan bu inanclar cahil yox, elə dünyagörmüş, savadlı insanları da özünə çəkməyi bacarıb. 

Polisin də fal baxdıranlara sözü var...

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyev Lent.az-a açıqlamasında bildirib ki, sosial şəbəkələrdə  “falçılıq”, “baxıcılıq”, “taleyin dəyişdirilməsi” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla vətəndaşların aldadılaraq pul vəsaitlərinin mənimsənilməsi ilə bağlı polis orqanlarına daxil olan müraciətlər diqqət mərkəzində saxlanılmaqla araşdırılır.

Onun sözlərinə görə, bu kimi hallarda özünü “falçı” və “baxıcı” kimi təqdim edən şəxslərin vətəndaşların müxtəlif məbləğlərdə pul vəsaitlərini onlayn köçürmə formasında ələ keçirməsi və məsuliyyətdən yayınmaq üçün həmin şəxslərin hesablarını sonradan bloklaması ilə müşahidə olunur:

“Vətəndaşlardan mənimsənilən pul vəsaitlərinin miqdarından asılı olaraq hal barəsində inzibati və yaxud cinayət icraatı açılır. Sosial şəbəkə istifadəçilərinə bu kimi hallarda diqqətli davranmağı, bu tipli elanları paylaşan şəxslərə heç bir halda ödəniş etməməyi və şəxsi məlumatlarını tanımadığı şəxslərlə paylaşmamağı tövsiyə edirik”.

Bu da belə... Necə deyərlər, Keçəl dərman bilsə, öz başına sürtər. İnandığınız, dediklərini etdiyiniz o şəxslər gələcəyi görə bilsəydi, yəqin ki, burda olmazdılar. 

 

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 9315
avatar

Fidan İlqar

Oxşar yazılar