“İnək sağmışam, əkin əkmişəm, toyuq-cücəyə baxmışam” -  Deputatla QEYRİ-RƏSMİ SÖHBƏT
25 aprel 2024 17:06 (UTC +04:00)

“İnək sağmışam, əkin əkmişəm, toyuq-cücəyə baxmışam” - Deputatla QEYRİ-RƏSMİ SÖHBƏT

Lent.az-ın “Rəsmilərlə qeyri-rəsmi” rubrikasında növbəti qonağımız, deputat Jalə Əhmədovadır.

- Jalə xanım, haqqınızda araşdırma aparanda daşıdığınız vəzifələri oxuyanda nəfəs kəsilir. Deputat, Dünya Alpaqut Federasiyasının Prezidenti, Azərbaycan Autizm Assosiasiyasının Prezidenti, Türk Dövlətləri Autizm Federasiyasının baş katibi, bir çox parlament komitələrinin üzvü. Bütün bu işləri aparmağa zaman  tapa bilirsiniz?

- Tam səmimi deyirəm, insan istəyəndə zaman tapa bilir. Ona da zaman tapıram, üstəlik ailəmə də. Mən işləmək istədiyimi bildirəndə rəhmətlik atam “ailəni arxa plana atmayacaqsansa işlə” dedi. İnsan üçün ilk növbədə onun ailəsi dayanmalıdır. Atama söz verdim. Övladlarım dördüncü sinfə gedənə qədər onlarla məşğul olmuşam. Nə dayə tutdum, nə də kiməsə onların tərbiyəsini həvalə etdim. Ondan sonra karyerama başladım, çox çalışdım və hər şeyə zaman ayıra bildim. İndi işlərimlə yanaşı, hər həftə sonu mütləq şəkildə Xaçmaza qayınatama və qayınanama baş çəkməyə gedirəm. Nə qədər israr eləsəm də, gəlib Bakıda yaşamaq istəmirlər.

- Evdə köməkçiniz var?

- Bəli var. O olmasa, işlərimi çatdıra bilmərəm. Köməkçi deməyim, gənc bir xanımdı, bacım kimidir. O olmadan çox yorulurdum.

- Ev işləri ilə aranız necədir?

- Yaxşıdır. Əlimdən hər iş gəlir. Köməkçim şənbə, bazar günləri istirahət edir, gələn qonaqlarımı özüm yola salıram.  Ailə qurandan sonra 6 il Xaçmazda, Padar kəndində yaşamışam. Qayınanama qoşulub hər işi görürdüm, inək də sağmışam, taya da boşaltmışam, əkin də əkmişəm, toyuq-cücəyə də baxmışam. Yadıma gəlir, qayınanam öyrədirdi ki, inəyi sağmazdan əvvəl gərək ona tumar çəkəsən, könlün alasan. Demirəm ən ağır kənd işlərini görürdüm,  sadəcə bunları sevərək eləyirdim. Öyrənməyə çalışırdım, indi də eləyəm, istəmirəm desinlər ki, sən bu işi bacarmırsan. Bütün gün mamanın dalınca gəzirdim (qayınanasını nəzərdə tutur), ağır işlər deyildi, həvəslə qoşulurdum ona.

- Siz Ali Məhkəmənin hakimi Fərhad Əliyevin qızısınız. Necə oldu rayon yerinə, kəndə ərə getdiniz və kənddə yaşadınız? İndi kənd qızlarına elçi düşəndə mütləq şəhərdən ev tələbi qoyurlar. Yəqin böyük bir sevgi olub...

- Mərhum həyat yoldaşımın ailəsi atamla dost idi. Daha doğrusu qaynımla atam dostluq edirdi. Biz onlara gedirdik, onlar bizə gəlirdi. O zaman ağlımdan evlilik filan keçmirdi. Dəcəl, şuluq bir qız idim. Yoldaşım məndən 10 yaş böyük idi. O məni görüb bəyənmişdi. Əvvəl bacısı ilə söz göndərmişdi, baldızımla çox yaxın idik. Bacısı bu barədə mənə deyəndə əsəbiləşdim, dedim olmaz, atama deyəcəm. Amma demədim. 

- Eşq elanı elə belə oldu?

- Yox sevgi məktubu yazmışdı. Bir ilin içində evləndik. Toyum olanda 18 yaşım var idi.

- Ata-ananız şəhərdə əl içində böyüdülmüş qızlarının kənddə yaşamasına nə deyirdi?

- Heç nə. Anam ümumiyyətlə, ailə işlərimə qarışmaz, çox nadirən gələrdi. Atam tez-tez gəlirdi baş çəkməyə, onda anam deyirdi uşaqları çox narahat eləmə. 

- Bildiyimə görə, iki oğlunuz var. Neçə yaşlarındadırlar, nə iş görürlər?

- 26 yaşları var, əkizdirlər. Onlardan çox razıyam, Allaha şükür. İqtisadiyyat üzrə ali təhsil alıblar, biri hərbi sahədə işləyir, digəri bankda işləyirdi. Amma bir gün dedi ki, aşpaz olmaq istəyir. Əlavə kurslar keçdi, sertifikatlar aldı və özünə kiçik bir restoran açdı.

- Evdə yemək bişirir?

- Yox. Evdə bu vəzifəni boynuna almaq istəmir.

- Özünüzə özünüz kimi gəlin arzu edirsiniz?

- Bəli. Əslində kimi sevsələr, onunla da evlənəcəklər. Mənim işim bir yerə qədərdir, ailə qurdular, orda mənim müdaxiləm bitəcək. Mən nişanlı olanda qayınanam zarafatla həyat yoldaşıma deyib ki, gəlin gəlsəydi gəlib mənə kömək edərdi iş-güc görməyə. Yoldaşım deyib ki, ana o sizin gəlininiz olsa da mənim xanımımdır, nə problem varsa, mənə deyiləcək. Ailə işimə kimsə qarışa bilməz. Toy günü də mənə bildirdi ki, bu dünyada anamdan əziz heç nə yoxdur, aranızda nə söhbət olsa, hər zaman anamı haqlı sayacam, ona görə davran. Elə edin ki, mən gəlib sizi qaşqabaqlı görməyim. Qayınanam da mən də bu “qanunla” hərəkət etdik və 27 ildə bir dəfə də olsun aramızda sərin külək əsmədi. Qayınanam çox müdrik qadındır. 3 gəlini var, hamısı şəhər qızı, amma elə bir tarazlıq münasibət yaratdı ki, inciklik olmadı. Hökm etmirdi, sevgi ilə başa salırdı. Bütün münasibətlərimizin sayqı-sevgi içində olmasını arzu edərəm. Hər şey bundan başlayır. Həyat yoldaşım hərbiçi idi deyə onunla rayon-rayon gəzmişəm. Amma əsas yaşayış yerimiz Xaçmazda olub. Qayınatamla qayınanamdan gül qədər inciməmişəm. Bilmirəm, mən uşaq idim. Bəlkə onlar məndən inciyib, inciyiblərsə Allah keçsin günahımdan. Amma övlad sevgisi ilə yanaşmışam. 

- Jalə xanım, dəfələrlə sizi müxtəlif tədbirlərdə müşahidə eləmişəm, ətrafdakılarla çox mehriban münasibət qurursunuz. Bu işinizdə sizə mane olmayıb? Hüquqşünas, Milli Qvardiyanın kadrlar şöbəsində baş zabit, Prezidentin Təhlükəsizlik Xidmətində baş zabit-hüquqşünas  kimi ciddi vəzifələrdə çalışmısınız.

- İşdə çox ciddiyəm, gülərüzlü olmağıma baxmayın. Mənimlə işləyən insanlara ilk gündən öz tələbimi qoyuram, nə istədiyimi bildirirəm. Amma bütün bu işlər, vəzifələr mənim xarakterimə, əxlaqi keyfiyyətlərimə təsir etməməlidir. Buna inanmışam. Bu dünyada bütün qapıları açan tək şey sevgidir, ən çətin şey insan qazanmaqdır. Elə eləməliyik ki, vəzifədən düşəndə bizə can-can deyənlər işdən gedəndən sonra üzlərini çevirməsinlər. Vəzifə əbədi deyil. Bunu atamdan öyrənmişəm. Hikkəli insan deyiləm. Kimdənsə tənqidi, neqativ  fikir eşidəndə belə, diqqət edirəm görüm, bunun arxasında nə dayanır, bəlkə elə o haqlıdır, problem məndədir. İnsanlarla konfliktə girmirəm. Bu mənim uğurumdur.

- Həyatda ən ağır itkiniz nə olub bəs?

- 2021-ci ildə 3 ay arayla iki arxa-dayağımı itirdim. Atamı və həyat yoldaşımı. Həyat yoldaşım hərbiçiydi, çox sağlam insan idi, anidən ürəktutmasından öldü. 3 dəfə koronavirusa yoluxmuşdu, dedilər bu virus damarlarında tromb yaradıb.

- Sizə  ilk dəfə zəng edəndə telefonu açmadınız, sonra özünüz  geri yığdınız və söz arası “namazda idim deyə aça bilmədim” dediniz. Həcc ziyarətinə də getmisiniz. Çoxdan ibadətlə məşğul olursunuz?

- 18 ildir.

- Kimdənsə çəkinirsiniz?

- Həyatda insan kimi formalaşmamda ən böyük rolu anam oynayıb. Bu yaşa çatmışam, mən indi də ondan çəkinirəm. Qadının oturuşu, duruşu, danışığı, əxlaqı, mental dəyərlərə hörmətlə yanaşması vacibdir. Filoloqdur, universitetdə dərs deyir. Bunları anam ömrümüz boyu biz 4 bacıya təlqin edib. Çox ciddi dayanırdı üstümüzdə. Elə indi də bir çox tələbləri yerində qalır. Atam daha mülayim davranırdı.

- Plastik əməliyyat etdirmisiniz? Özünüzü necə formada saxlayırsınız?

-  Bütün qadınların etdiyi kiçik baxımlardan mən də istifadə edirəm.  Formada qalmaq üçün idman edirəm, 2 saat piyada gəzirəm və çoxlu su içirəm. Həm yəqin genetik olaraq nəsə keçib, anam da, atam da simaca çox gözəl idi.

- Gözəl zövqünüz var. Brend geyimlərə üstünlük verirsiniz ya necə?

 - Yox. Hesab edirəm ki, insan geyimini daşımağı bacarmalıdır, insan geyimi qiymətə mindirir, geyim insanı yox. Geyim seçməyi anam öyrədib, həmişə deyərdi ki, eyni tonlardan istifadə elə, çalış üzərində iki rəng olsun, üçüncü rəng artıqdır.

-  Hansı ətirdən istifadə edirsiniz?
-  Çox ətir dəyişməyi sevmirəm. Çünki ətir yaddaşdır, insanı xatırlatmalıdır. “Yves Saint Laurent” ətrindən illərdir istifadə edirəm, yeni çıxan ətirlərdən isə “Good Girl” xoşuma gəlir.  

- Dünya Alpaqut Federasiyasının prezidentisiniz. Bu federasiyanın yaranmasında rolunuz olub. Özünüz döyüş bilirsiniz? Və bu ideya haradan yarandı?

- Atam Vinq-çur döyüş sənəti ilə məşğul olurdu, bu Aikidonun bir başqa növüdür, rəqibin gücündən istifadə edərək ona qalib gəlmək, özünümüdafiə sənətidir. Bu idmanla mən də, yoldaşım da məşğul olmağa başladıq. İdman klubuna gedib gəlirdik. Bir gün düşündüm ki, nə üçün yaponun, çinin milli idmanı brend olur, bizim türklərin öz döyüş növlərimiz brendə çevrilmir. Səy göstərməyə başladım və beləcə balaca bir idman klubunu federasiyaya çevirdik.  Alpaqut “alp” və “qut” sözlərindən yaranıb, müqəddəs döyüşçü deməkdir. Turan coğrafiyasında yaşayan, türk xalqlarının ortaq mədəni dünya görüşünü təmsil və təbliğ edən, milli döyüş mədəniyyətinin qlobal mədəniyyətə çıxışını təşkil edən bir idman növüdür. Güləş, oxatma, at çapma, qılıncoynatma kimi müxtəlif döyüş növlərini özündə ehtiva edir. Amma idmançılarımız beynəlxalq yarışlara qatılanda bir növ üzrə təmsil olunur. Hədəfimizdə alpaqutu olimpiya idman oyunları siyahısına daxil etmək var. İdmançılarımız beynəlxalq yarışlara çıxırlar və milli düşünçəli, türkçülük, turançılıq ideyası ilə yaşayan igidlərdir. Baş məşqçimiz Vasif müəllim qədər vətənpərvər adam tapmaq çox çətindir. Özüm alpaqutla məşğul olmuram, bir dəfə ox atdım, iki ay qolum ağrıdı, damarlarım partlayıb gömgöy olmuşdu. Əsl ağır döyüş yaylarıdır, onu çəkib atmaq böyük fiziki güc tələb edir. Bir neçə ay məşqdən sonra asta-asta alışdım ona. 

- Federasiyanız Azərbaycan Gənclər və İdman Nazirliyindən maliyyə alır?

-  Yox təəssüf ki. Beynəlxalq Federasiya statusumuz olsa da, bizə dövlətdən maliyyə ayrılmır.  

- Deputat Jalə xanımdan ən çox nəyi xahiş edirlər?

- Bölgələrdə insanları ən çox narahat edən məsələ işsizlikdir. Bir şeyi də dilə gətirmək istəyirəm. Yerlərdə istənilən vakansiya üçün ingilis dili tələbi . Çox zaman həmin vakansiya üçün xarici dil tələbi yersizdir, bu gənclərimizin qarşısında süni əngəl yaradır.

- Deputat, xanım, ana olaraq, sizi cəmiyyətdə ən çox narahat edən şey nədir?

- Mənəvi dəyərlərimiz çox dəyişib. Bir çox meyarlar pozulub. Həyata, insanlara yanaşmamız dəyişməlidir. Bu gün uşaqların düzgün tərbiyəsi ilə məşğul olan çox azdır. İşdən yorğun gəlib ya uşağı yola verirlər, ya da əlinə bir telefon uzadırlar ki, səssiz dayansın. Öz qohumlarımda da var. Bir məclisə düşürsən, hamı başını salıb telefonla məşğuldur. Ünsiyyət qabiliyyətimiz itir. Bir-birimizlə danışmağı unutmuşuq. Hamı virtual dostluqlara üz tutur. Çünki  virtual aləmdə özlərini olmadıqları kimi göstərirlər. Hələ bir şey eşitmişəm, mat qalmışam. Yeni texnoloji qurğular var. Xüsusi proqram yüklənir. Eynəyi gözlərinə taxıb, özlərinə virtual dünya qururlar. 1500 manat qiyməti var o qurğuların. Virtual dünyada evlənir ev-eşik sahibi, övlad sahibi olur, dünyaya səyahətə çıxırlar. Bunu imkanı olanlar da edir, olmayanlar da. Real həyatdan bu şəkildə qopmağın sonu depressiyadır, reallığa alışa bilməyib antidepressantlarla yaşayırlar.

 

Foto: Rüfət Mustafayev

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 15147
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar