İnsan yetişdirən adam – O öyrətmirdi, öz yaşam tərzi ilə həyatı göstərirdi
28 noyabr 2022 16:21 (UTC +04:00)

İnsan yetişdirən adam – O öyrətmirdi, öz yaşam tərzi ilə həyatı göstərirdi

Gənc nəslin milli mənlik şüurunun inkişaf etdirilməsi və vətənpərvərlik hisslərinin tərbiyəsi istiqaməti üzrə

Sizə bir müəllimdən danışacam. Məni və mənim ata-anamı, onlar kimi yüzlərlə insanı tərbiyə etmiş Nadir müəllimdən. O Ucar rayonunun Şahlıq kəndində yaşayırdı.

Orta məktəbdə oxuyanda vətəni, insanları sevməyi bizə öyrətmirdilər, göstərirdilər. “Əməkdar müəllim” fəxri adını almış ədəbiyyat müəllimimiz Nadir Məmmədov hər sinfi kənddə yaşayan bir tənha, kimsəsiz qocaya qayğı göstərməyi təhkim eləmişdi. İşin içində əmr, göstəriş filan yox idi. Boş saatlar olan kimi gəlib uşaqları yığırdı başına, deyirdi bu gün gedirik Bəsti qarıgilə.

Bəsti nənə yaşı səksəni çoxdan adlamış, tənha yaşayan ağzıdualı bir insan idi. Gedərdik. Nadir müəllim özü hamıdan öncə yabanı alardı əlinə, nənənin həyətindəki tayadan mal-qaraya ot daşıyardı. Oğlanlar qoşulardı ona. Qızların ayrı işi var idi. Ev-eşiyi silib təmizləyir, həyəti süpürərdik, oğlanlar qırığı, söküyü düzəldərdi. Sonra birləşib bir iki qazan yemək bişirərdik. Bir dəfə soğanını yandırdığımız şorbanı Bəsti nənənin dəvəti və israrı üzrə özümüz yediyimizə görə, necə pis daddığını da bilmiş, növbəti dəfə yeməyi bişirərkən daha çox diqqət göstərmişdik.

Alı babanın, Zeynəb nənənin, Xanım qarının, Rəsul kişinin də qayğısına uşaqlar qalırdılar. Onların evinə gedib bacardığımız köməyi eləmək yaman xoşumuza gələrdi. Özümüzü insan həyatı xilas eləmiş qəhrəmanlar kimi hiss edərdik.

İşimizi bitirənə qədər yardım etdiyimiz ağsaqqallar, ağbirçəklər bizə keçmişlərdə olub-keçənlərdən danışar, maraqlı söhbətlər edərdilər. Hamımızın “çinədanı” sözlə, bayatıyla, əfsanələrlə, kəndimizin keçmişiylə bağlı əhvalatlarla dolub daşardı. Məktəbdə işimiz oxuyub yazmaqla bitməzdi, özümüzdən böyüklərə hörmət, qayğı, kiçiklərə sevgi aşılanardı. 

Nadir müəllim “belə edin, elə edin” deməzdi, sadəcə öz həyat tərzi, yaşadıqları ilə örnək olardı. Ən çətin tərbiyə olunan uşaqlar belə Nadir müəllimin əlində ipəyə dönür, özünü uşaqlar arasında “ögey” hiss etmirdi. Hər kəsin “tərbiyəsiz” dediyi uşaqlara məktəb tamaşalarında qəhrəman rollarını həvalə edirdi, onları məsuliyyətli işin dalınca göndərməklə “yükləyər” özgüvən yaradardı.

Məktəbimizdə xadimə işləyən bir Zülhəccə xala var idi. Məktəb sobalarını səhər saat 7-dən gəlib qalayar, böyük samovarda çay dəmləyib bufetdə hazır gözləyərdi. Deyərdi uşaqlar soyuq divarlar arasında oturmasın. Həmişə deyərdi həyatda ən böyük arzusu təhsil almaq olub, amma gənc yaşda evləndiyinə görə, arzusu ürəyində qalmışdı. Zülhəccə xala deyərdi, "özüm oxuya bilmədim, amma sobaları qalayanda, çay hazırlayanda elə bilirəm sizin oxumağınız üçün əlimdən gələn nəyisə edirəm". Onun bu sevgisi, qayğısı məktəbdə neçə-neçə şagirdi təsirləndirmişdi, oxumağa həvəsləndirmişdi. Nadir müəllim rəhbərlik elədiyi məktəbdə örnək olası insanları çalışdırırdı. Şagirdlər təkcə müəllimlərdən yox, elə süpürgəçidən, qapıçıdan da həyat dərsi alırdılar. Hamımız alim olmayacaqdıq. Amma hamımız insan kimi yetişməliydik. Onun tək istəyi bu idi.

Nadir müəllim hər il dəfələrlə müharibə veteranlarını məktəbə dəvət edər, onların gəlişinə xüsusi məsuliyyətlə hazırlaşardı. Veteran dediklərimiz bizimlə eyni kənddə yaşayan yaşlı kişilər idilər. Lakin Nadir müəllimin sayəsində bizim üçün onların hər biri alovlardan keçib sağ qayıtmış qəhrəmanlar idilər. İllər keçdi. Nadir müəllim yaşlandı. Bizdən sonra da yüzlərlə gənci yetişdirdi və bir gün həyata vida etdi.

Onun peşəsinin adı müəllimlik deyil insan yetişdirmək idi. İnsan yetişdirmək pafosla, böyük sözlərlə olmur, böyük əməklə, sevgiylə başa gəlir. Bir də gərək özün örnək olasan, nümunə rolu oynaya biləsən ki, gənc nəsil də baxıb öyrənsin. Nadir müəllimin yetirmələrindən 12-si şəhid adı alıb, 23 nəfəri qazi və veteran adını daşıyır. Alimlər, doktorlar, müəllimlər, mühəndislər, hərbiçilər də yetişdirib. İndi onun şagirdlərinin çoxu nənə-baba adını alsa da, Nadir müəllimi özlərinə ustad, müəllim hesab etməkdə davam edirlər.

Yenə məktəbə veteranlar dəvət edilir. Bu dəfə gələnlər nəvələri yerində gənclərdir, öz keçmiş şagirdləridir. Lakin onu daha məktəb qapıları önündə görə bilmirlər. Yetişdirdiyi o körpə fidanlar indi xan çinarlar kimi şəkli önündə, məzarı başında dualarla anırlar onu. Unudulmur, hər zaman hörmətlə anılır. Bir müəllimin çata biləcəyi ən böyük zirvəyə çatıb Nadir müəllim. Sadəcə vətənə, işinə, peşəsinə hədsiz sədaqəti ilə bir sadə insan, bir müəllim yüzlərlə insanın ürəyində taxt qurub.

Yazı MEDİA-nın maliyyə yardımı ilə yazılıb

# 1422
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09
İranda şəhid olan Orxan Əsgərovun yaxınları DANIŞDI  -VİDEO

İranda şəhid olan Orxan Əsgərovun yaxınları DANIŞDI -VİDEO

27 yanvar 2023 , 16:49
Hacı Şahindən terrorla bağlı PAYLAŞIM:  "Diplomatlarımızın yanındayıq"

Hacı Şahindən terrorla bağlı PAYLAŞIM: "Diplomatlarımızın yanındayıq"

27 yanvar 2023 , 16:34
Marketlər  heyvan yeməklərini   insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

Marketlər heyvan yeməklərini insanlara belə yedizdirir – AQTA-ya qarşı CİDDİ İTTİHAM

27 yanvar 2023 , 16:27
Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

Mehriban Əliyevadan səfirliyimizə hücumla bağlı PAYLAŞIM

27 yanvar 2023 , 14:30
Hava şaxtalı olacaq,  yollar buz bağlayacaq   - XƏBƏRDARLIQ

Hava şaxtalı olacaq, yollar buz bağlayacaq - XƏBƏRDARLIQ

27 yanvar 2023 , 13:31
Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

Bu maşınlar gecələr də texniki baxışdan keçə bilər - VİDEO

27 yanvar 2023 , 13:27