Köçəcək başqa yerimiz yoxdur, olanın da qədrini bilmirik
14 sentyabr 2022 16:38 (UTC +04:00)

Köçəcək başqa yerimiz yoxdur, olanın da qədrini bilmirik

Ekologiya və ətraf mühitin mühafizəsi istiqaməti üzrə

2 gün öncə sosial şəbəkələrdə bir video trend oldu. ABŞ Prezident Administrasiyasının üzvlərindən biri dövlət himnini oxuya-oxuya təxminən 20 saniyə əlini sabunlayırdı, amma krantdan su axmadan. Məqsəd dünyadakı su qıtlığına diqqət çəkmək idi. Baxmayaraq ki, ABŞ-ın su ehtiyatları kifayət qədərdir. İllərdir dünyada su ehtiyatlarının tükənməsi, gələcəyimizin su qıtlığı şəraitində keçəcəyinə dair anonslar verilir, biz hələ də inanmırıq. Bakıda su qıtlığı yaşanmır, amma susuzluğa görə boşalan, məhv olan kəndlərimiz var. Xüsusən Aranda, Muğanda. İllərdir su benzindən bahadır, daha hər şey od qiymətinə yox, su qiymətinədir. Sudan danışacağıq. 

Lent.az-ın müsahibi ALLATRA Beynəlxalq ictimai hərəkatının üzvü, geologiya-mineralogiya elmləri doktoru, Rəhman Həzidir.

- Dünyada ekoloji vəziyyət kosmosda özümüzə yurd axtarmağımızı labüd edəcək qədər pisdir?

- Bəşəriyyət üçün əsas təhlükə qlobal istiləşmədir. 2040-cı ildən sonra Yer kürəsi həddi keçəcək dərəcədə istiləşəcək və bu prosesin geri dönüşü olmayacaq. 2 il öncə ekoloji fəlakətlərə həsr olunmuş konfransda BMT-nin Baş katibi Antonio Quterreş Beynəlxalq Meliorasiya Təşkilatının hesabatını dinlədikdən sonra “Dünya uçurumun kənarındadır” bəyanatını vermişdi. Təəssüf ki, dünyanın böyük dövlətləri gələcək ekoloji fəlakətlərlə bağlı proqramlar həyata keçirsələr də, sadə vətəndaşlar bunu öz məsuliyyətləri kimi dərk etmirlər. Hamımız əziyyət çəkəcəyiksə, hərə üzərinə düşən qədər problemin həllinə yardım etməlidir. İnsan israfçılığı böyük fəlakətlərə qapı açmaqdadır. Dünya Meteorologiya Təşkilatının hesabatında deyilir ki, son onillik tarixdə ən qaynar 10 il olub və artıq bəşəriyyətin gördüyü tədbirlərdən asılı olmayaraq, proses artan sürətlə irəliləyir. İndi bizə öz başımıza açdığımız ziyanlardan ən yüngül formada çıxmağın yollarını aramaq qalır.

- Qlobal istiləşmə termininə inanalar da var inanmayanlar da. Ortaya hər cür iddialar çıxır. Hansına inanaq?

- Haqlısız. Bu boşuna yaranmayıb. Bəzi böyük neft şirkətləri işlərini irəlilədə bilmələri üçün yanlış informasiyalar verirlər, iqlim dəyişiklikləri barədə xəbərlərin yalan olmasını iddia edirlər. Məsələn, bir ara mediada belə bir informasiya gəzdi ki, ABŞ-ın keçmiş vitse-prezidenti All Qor Nobel Sülh Mükafatını almaq üçün qlobal istiləşmə termini “özündən uydurub”. Neft emalı və digər təbii sərvətlərin istismarı ilə məşğul olan böyük beynəlxalq şirkətlər 1997-2018-ci illərdə sırf iqlim dəyişikliyi, ekoloji fəlakətlər barədə danışılmasın deyə nüfuzlu media orqanlarına145 milyon dollar vəsait ayırıblar. Amma fakt faktlığında qalır ki, nəqliyyat vasitələri və ağır sənaye hər il atmosferə 40 milyard ton karbon qaz buraxılmasına səbəb olur. Yer kürəsində orta temperatur son 2000 ildə ən yüksək həddə çatıb. Səbəb insanın ehtiyacı olduğundan çox istehsal etməsi, israfa yol verməsidir. Yer kürəsini kobud səslənsə də deyəcəm, sağıb qurtarmaq üzrəyik.

- Hamı su qıtlığı yaşayacağıq deyə qorxu içindədir. Təhlükə nə dərəcədə realdır?

- Yaxın 40 ildə bir litr su üstündə cinayətlərin baş verəcəyi qədər ağırdır vəziyyət. Bizim nəvələrimiz su savaşlarının iştirakçıları ola bilərlər. Ekstremal hava hadisələri artan qış fırtınaları, yay quraqlıqları daha yüksək səviyyədə özünü göstərəcək. Dünya əhalisinin sayı sürətlə artır. Hesablamalar aparılıb, inkişaf etmiş ölkələrdə bir uşağın doğulması ilə ildə atmosferə təxminən 60 ton karbon qazının atılması ilə nəticələnir. Elə buna görə də bu gün müxtəlif “komplo” nəzəriyyələri səsləndirilir, gah insanların sayını azaltmaq üçün müharibələr törədildiyi, gah bioloji silahlar, viruslar, xəstəliklər yayıldığı deyilir. İnsanlıq da, Yer Kürəsi də sonun başlanğıcındadır.

- Çox qorxunc iddia olmadımı bu?

- Elmə əsaslanmadan heç nəyi iddia etmirəm. Rusiyalı geoloqların araşdırmasına görə, 1998-ci ildə Yer kürəsinin daxili nüvəsində silkələnmə olub. Planetin dəmir nüvəsi şimala doğru sürüşüb. Yerin daxilində maqnit sahəsi azalır, şimal maqnit qütbündə tez-tez qeydə alınan  anomal hallar bu fenomenlə bağlıdır Deyə bilərsiniz nə olsun? Ən sadə dildə başa salım, sellərin, daşqınların artmasına baxmayaraq su yoxa çıxır. Daxili nüvə yeraltı suları buxarlandırıb, yağış buludlarına çevirir, daşqınlar olsa da çökən su yenidən buxarlanır. İnsan hər iki halda əziyyət çəkir. Ya quraqlıqdan, ya daşqından. Bu yaxınlarda Pakistanda baş verən daşqınları xatırlayırsınız yəqin. Bu, Yer nüvəsindəki çat səbəbi ilə baş verən təbii fəlakətlərdən növbətisiydi. Yer təkindəki maqma yer qabığına doğru qalxır, bu o deməkdir ki isinmə və buxarlanma artır, Yerin altındakı su ehtiyatlarını da itiririk. Üstəlik vulkanik aktivlik də çoxalır. Bir sözlə bizim öz su ehtiyatlarımızı artırmağımız, su anbarları qurmağımız vacibdir. Dünyada gedən siyasi problemləri izləsək nə görürük? Taxıl ehtiyatları ilə sınağa çəkilirik. Təsəvvür edin ki, su müharibələri məsələsi yeni deyil, hələ yarım əsr öncə başlamışdı. İsrail, Hindistan, Türkiyə, Botsvana, Suriya, Türkiyə ilə İraq, İran ilə İraq arasında su münaqişələri həll olunmadan qalır. Yəqin ki həll yolu yaxın gələcəkdə tapılmayacaq.

- Bu fonda Azərbaycanda su ehtiyatlarının gələcəyinə dair nə deyə bilərsiniz?

- Azərbaycanda adambaşına düşən suyun miqdarı azdır. Dəqiq rəqəm demək istəmirəm.

- Niyə?

- Çünki Afrikanın Seneqal kimi suya ən çox ehtiyac duyulan isti ölkəsində adambaşına düşən su gündəlik 10 litr təşkil edir, onu da tapa bilmirlər, Amerikada 150 litrdir, ən təmiz, ən saf şəkildə alırlar yenə narazılıq edirlər. Amerikalılar ildə şüşə qablarda 25 milyard litr mineral su alırlar.

Ölkəmizə su ehtiyatları digər dövlətlərin ərazisindən axan çaylarla çirklənmiş vəziyyətdə gəlir, dəfələrlə demişik, Ermənistanın su terroru barədə. Ermənistan və Gürcüstan ərazilərində bütün sənaye tullantıları, təmizlənməmiş kanalizasiya suları Kür və Araz çaylarına axıdılır. Çirkabın miqdarının çoxluğundan, hətta 200 kilometr məsafədə belə çaylar özlərini təbii yolla təmizləyə bilmir. Bizim özümüz də Xəzərin ekoloji vəziyyətini sabit saxlamırıq. Xəzərin quraqlıq səbəbi ilə səviyyəsi çəkilir, açıq görürük. Eyni zamanda açıq şəkildə Xəzərə axıdılan kanalizasiya borularını da görürük. Çoxu özbaşına salınmış böyük qəsəbələrin ərazisindən çəkilib. Kanalizasiya suları filtrdən keçirilmədən dənizə axıdılır. Bax elə bayaq buna görə deyirdim ki, hərə üzərinə düşəni eləməlidir. Dünyada okean sularını şirinləşdirib içirlər, biz zibilləməklə məşğuluq.

- Bir ara üzv olduğunuz beynəlxalq birlik yer kürəsinin böyük təbii fəlakət qarşısında olduğunu idda etdi. Yəni əslində günahkar insan yox, kainatın quruluşudur?

- Bu faktor da var. Amma dünya liderləri bu barədə susurlar. Yəqin xaosa yol verməmək üçün. Yer kürəsi hər 12 000 ildən bir öz yeni dövrünə başlayır, bizim Günəş sistemimiz qalaktikada kiçik qarşılıqlı təsir məkanına daxil olur Böyük təsir məkanı isə 24 min ildən bir təkrarlanır. Hər dövrün sonu böyük fəalkətlərlə başa çatır. Hazırda növbəti 12 000 il başa çatmaqdadır.

- Konkret nə zaman başa çatır bu 12000 il?

- Hesablamalara görə, 2025-ci ildə. Bəlkə də fantastik iddia kimi səslənə bilər, məncə Marsda insan koloniyaları yerləşdirmək ideyası Yeri gözləyən qorxunc gələcəklə bağlıdır. Yoxsa nə üçün insan belə bir bahalı ideyaya “hə” deyəydi?

- Bu fəlakətdən qaçış yolu var?

- Yerin gücünə qarşı çıxdıq, onu tar-mar etdik  Unutduq ki biz təbiətə yox, təbiət bizə lazımdır. O ki, qaldı sualınıza, bu artıq kainatın gücünə qarşı çıxmaq demək olardı.

Yazı MEDİA-nın maliyyə yardımı ilə hazırlanıb

# 1227
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

“Azercell”in dəstəyi ilə idarə olunan “Qadın Qaynar Xətti”nin rəsmi təqdimatı oldu®

8 dekabr 2022 , 18:39
Həftə sonu üçün  HAVA PROQNOZU

Həftə sonu üçün HAVA PROQNOZU

8 dekabr 2022 , 17:56
Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

Azərbaycanda maska cərimələri ləğv olunacaq? - CAVAB

8 dekabr 2022 , 16:02
İldırım 900-dan çox  adamı öldürdü

İldırım 900-dan çox adamı öldürdü

8 dekabr 2022 , 15:31
Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ:  Yollar buz bağlayacaq

Sabah bu rayonlara gedənlərə XƏBƏRDARLIQ: Yollar buz bağlayacaq

8 dekabr 2022 , 14:11
Sabah hava  çiskinli olacaq   - PROQNOZ

Sabah hava çiskinli olacaq - PROQNOZ

8 dekabr 2022 , 12:09
3 rayon susuz qaldı - SƏBƏB

3 rayon susuz qaldı - SƏBƏB

8 dekabr 2022 , 09:56
Qeyri-sabit hava şəraiti  nə qədər davam edəcək?   - AÇIQLAMA

Qeyri-sabit hava şəraiti nə qədər davam edəcək? - AÇIQLAMA

7 dekabr 2022 , 13:45