“Məmurun toyuna getmədim deyə...” - Razi Nurullayevlə  MARAQLI SÖHBƏT
28 mart 2024 16:01 (UTC +04:00)

“Məmurun toyuna getmədim deyə...” - Razi Nurullayevlə MARAQLI SÖHBƏT

Lent.az “Rəsmilərlə qeyri-rəsmi” adlı layihəsinə start verir. İlk qonağımız Milli Məclisin deputatı, Milli Cəbhə Partiyasının sədri Razi Nurullayevdir.

- Razi bəy, öncələr tez-tez müsahibələriniz, açıqlamalarınız olurdu. Prezident seçkilərindən sonra sosial şəbəkələrdə aktiv olsanız da, media ilə münasibətlərinizdə bir soyuqluq yaranıb. Nədənsə susursunuz. Səbəb nədir?

- Seçkilərdən sonra danışmamağa söz verdim. Qüdrət Həsənquliyevin variantına keçdim. Lazım olanda çəkirəm, qoyuram sosial şəbəkə hesabıma. Maraqlananlar orada izləyir.

- Niyə belə qərar verdiniz?

-  Birincisi, yalnız bir neçə media ilə, yalnız peşəkarlarla işləməyə qərar verdim. Çoxlu sayt var. Amma peşəkar azdı, yaxşı jurnalistə yaxşı pul verməyin dərdindən işdən, dünyadan bixəbər adamları cəlb edirlər, onlar da ağıllarına gələni yazır. Zəng edir, verdiyi sualdan ətim tökülür. Biri o gün zəng vurub məndən YAP-a dair suallar verir. Deyirəm bu sualı mənə niyə verirsən? Cavab verir ki, siz YAP-çı deyilsiniz? Bəziləri söz ağzından necə çıxıb, ütüsüz, redaktəsiz verir. Bir də bəziləri elə qəribə başlıqlarla sənin fikrini xalqa baş-ayaq çatdırır, aləmi qatır bir-birinə. Məndən çox bu ölkədə uşaq pulu söhbətini qaldıran olmayıb. Həmişə xalqın mənafeyindən danışmışam. Götürüb biri yazıb, “Razi Nurullayev deyir ki, Qarabağ alınandan sonra uşaq pulunu tələb eləmək düzgün deyil”. Bu söz baş aldı getdi. Hələ də bəziləri yazırlar ki, sən niyə uşaq pulu verilməsinə qarşı çıxırsan, onda elə deyirdin, indi belə.  

 - Sizcə uşaq pulu məsələsində niyə irəliləyiş yoxdur, maliyyə çatmır?

-  Maliyyə yetir. 30-dan çox sosial yardım paketləri var, onların bəzilərini ləğv edib uşaq pulunu vermək olar. Bir neçə ildən sonra Qarabağ da Azərbaycan iqtisadiyyatına gəlir verəcək. Bu imkanlardan istifadə edib əhalini uşaq pulu ilə təmin etmək olar. 1-3 yaş arası uşaqların tibbi, sosial xərclərini, uşaq yeməklərini dövlət öz üzərinə götürməlidir.

- Dəfələrlə sosial şəbəkə hesabınızda müalicəsinə yardımçı olduğunuz vətəndaşlarla şəkillərinizi paylaşırsınız. Səhiyyə sistemimizin indiki vəziyyəti sizi qane edir?

- Bizim səhiyyə sistemimiz bərbaddır, bütün məsuliyyətimlə deyirəm. Bunun bir səbəbi səhiyyə sistemində ikitirəliliyin olmasıdır. Bir tərəfdə TƏBİB dayanıb, bir tərəfdə Səhiyyə Nazirliyi, bir tərəfdə Sığorta Agentliyi. Ayrı-ayrı dövlət qurumlarının tabeliyində olan xəstəxanalar anlaşılmazlıq yaradır, xəstələri yorur, çaşqınlığa salır. Bütün dövlət xəstəxanaları hər cür lazımi avadanlıqla təmin olunub. Amma çox zaman xidmət göstərməyin dərdindən deyirlər işləmir, xarab olub. Niyə təmir edilmir və ya əvəzedicisi olmur. Düzdür, sığorta tətbiq ediləndən sonra əhalinin vəziyyəti xeyli yüngülləşib, gərək bunu danmayasan. Açıq deyək, pulu olmayan insanlar bahalı əməliyyata gücləri çatmadığı üçün ölürdülər. İndi əməliyyat olunub həyatda qalırlar, amma xidmət almaq üçün çox əziyyət çəkirlər. Həkimlərin bir qismi sığorta ilə xəstəyə baxmağa maraqlı deyillər, bunu psixoloji olaraq qəbul edə bilmirlər. Xəstələr kobud rəftarla qarşılaşırlar. Yiyəsi olmayan ölməlidir? Niyə insanlar xəstəxanaya üz tutanda tanış-biliş axtarmalıdır? Görürlər vəziyyəti ağırdır, başdan edib göndərirlər başqa xəstəxanaya. Bu günlərdə bir neçə xəstəxananın rəhbərləri ilə çox sərt söhbətim olacaq, ölçü götürməsələr adlarını mediaya açıqlayacam. Bu yaxınlarda İmişlidə bir nəfər sirkə içmişdi, bu da yetməyib, özünü asmışdı. 28 yaşlı gənc idi. Onu təcili yardım maşını ilə Bakıya gətirmək üçün TƏBİB-dən icazə alınmalı idi. Niyə xəstəxana təcili yardımla bağlı müstəqil qərar verməməlidir ki? Mənə zəng etdilər, xahiş etdim, sonra icazə verdilər. Həyatı xilas oldu. Gərək bu işə deputat qarışa? Axı onun həyatı risk altındadır, hər dəqiqə onun üçün qiymətlidir. İnanın ki, 50-dən çox insanın həyatını xilas etmişəm. Baş həkimlərin bəziləri yerində olmayan, səhiyyə sisteminin adını batıran insanlardır. Onların günahına görə insanlar həyatını itirir.
Amma gözəl xəstəxanalarımız, gözəl həkimlərimiz də var, bunu da deməliyəm və mən onların hamısına təşəkkür edirəm. 

- Razi bəy, deputat olandan sonra öncələr tanımadığınız qohumlarınız və ya unudulan dostlar ortaya çıxdı?

- Bəli. Xeyli sinif yoldaşım, tələbə yoldaşım, uşaqlıq dostlarım üzə çıxdılar. Çoxunun adını, üzünü  xatırlamırdım. Mən buna çox yaxşı yanaşdım. Bəzən deyirlər, “başqa vaxt səni niyə axtarmırdılar?”. Deyirəm, guya mən axtarırdım? Bütün cəmiyyətlərdə belədir, öndə olan insanı axtarırlar. Bəzən fırıldaqçılar da axtarır bizi. Öz məclislərinə, tədbirlərinə dəvət edirlər, səninlə şəkil çəkdirib, orda-burda göstərib istifadə eləmək, başqalarını inandırmaq üçün əlləşirlər.

- Ən səmimi danışan, əlçatan deputatlardan birisiniz. Amma niyəsə sizdən söz düşəndə belə fikir yaranır ki, böyük nüfuz sahibi deyilsiniz. Necə deyərlər,  “bazbrut” çatışmır sanki. Bəlkə də, adət edilməmiş məmur tipisiniz .

- Bu suala görə təşəkkür edirəm. Bu məsələyə iki prizmadan baxaq. Xalq və ictimai rəy gözündən. Xalq məni sevir. Xalq arasına çıxanda, görüşlərə gedəndə mənə çox müsbət münasibət olduğunu görürəm. İctimai rəy yaradan təxminən 15 min nəfər var, əsasən sosial şəbəkələrdə. İnsanlar yaxşı söz deməyə xəsislik çəkirlər. Küyə gedən kütlə də var. Heç səni tanımadan, bilmədən haqqında rəy yazır. Sevənlər ictimai rəy formalaşdırmırlar, kənarda dururlar, məni görəndə üzümə deyirlər. 

- Bir neçə dəfə özümün də olduğum hansısa söhbətlərdə sizdən söz düşəndə “onun keçmişini bilirik” deyirlər. Nə olub o keçmişdə?

-  Əli Kərimlinin partiyasında olub sonra oradan ayrılmağımı nəzərdə tuturlar. Müəyyən müddət AXCP adına iddia etdim. 4-5 il ərzində müxalifət mediasında haqqımda xoş olmayan məqalələr yazıldı. Maraqlıdır ki, eyni vaxtda  hakimiyyət mediası da məni vururdu. Təkləndim, amma həqiqəti deyirdim. Məndən çox Əli Kərimliyə yaxşılıq edən olmamışdı. O məni partiyadan bezdirdi, qaçırdı. İstər Əli Kərimli olsun, istər digər müxalifətçilər, onlar danışanda xalqın damarını tutmağı bacarırlar, onun qəlbindən keçənləri danışırlar. Əllərindən bir iş gəlməsə də, danışırlar. Xalq da deyir bu nə yaxşı adamdır. Mənim deputat olana qədər sözümü çatdırmaq imkanım olmadı. Müəyyən qüvvələrə bağlı media orqanları haqqımda qara fikir formalaşdırmaqda davam edirdi. Amma deputat olduqdan sonra Razinin səsini eşitdilər. 

-  Bir zaman belə söhbət gəzirdi ki, Milli Məclisdə yüksək ranqlı məmurlar mədəniyyət və incəsənət sahəsindən gəlmiş deputatlara ciddi baxmırlar. Bu doğrudur? Ümumiyyətlə parlamentdə ikitirəlik var? Kimsə kiməsə yuxarıdan aşağı baxır?

-  Yox mən bunu hiss etməmişəm. Özümə qarşı heç kimin yuxarıdan aşağı baxdığını da düşünmürəm, olsa hiss edərdim. Təbii ki, hamı hər kəslə dostluq yoldaşlıq etmir, hər kəsin öz çevrəsi var. YAP-çılar arasından dostlarım var, hərdən oturub maraqlı müzakirələr aparırıq. Hamımız bu vətənin daha gözəl olması arzusundayıq. 

-  Hərdən deputatlar iclaslarda maaşlarının artırılması ilə bağlı çıxışlar edəndə bu cəmiyyətdə qıcıq yaradır.  Bəzi deputatlar deyirlər ki, xərcləmələrimiz çoxdur. Böyük başın böyük də dərdi olur? Sizə bəs edir maaşınız?

-  Mənə bəs edir. Hətta 1000 manat almış olsaydım belə, yenə səsimi çıxarmazdım. Orta statistik azərbaycanlını belə bir halın qıcıqlandırımasını başa düşürəm. Düzünü desəm, son zamanlar deputatların belə təklif səsləndirdiyini xatırlamıram. 

-  Seçiciləriniz sizi toylarına dəvət edəndə gedirsiniz?

-  Hə. Toylardan qalmıram. Getməyə imkanım olmayanda bir paketdə “mübarəkdir” hədiyyəsini göndərirəm. Amma bu günlərdə bir nəfərin toyuna getməyi unutmuşam, yadıma düşəndə utanıram.

-  Məmurdur, ya sadə vətəndaş?

-  Sadə vətəndaşların dəvətlərini unutmuram. Məmurdur. Qızımın toyuna gəlmişdi. Gərək arada bir hədiyyə alıb  gedəm onlara.

-  Gedəndə nə qədər nəmər yazdırırsınız?

-  Bu barədə danışmaq istəmirəm. 

-  Əlavə biznesiniz var?

-  Mən bu işi bacarmıram. Uzun illər öncə başladım, alınmadı. Biznesin kiçik də olsa, gərək özün üstündə durasan. Mənim başım siyasətə qarışmışdı. 

-  Bəs deyirdilər şirkətiniz var,  xanımınız idarə edir , avtomobiliniz də onun adınadır.

-   Bəli mənim avtomobilimin xüsusi nömrəsi var. Belə nömrələr şirkət adına olmalıdır. O da xanımımın yox, qohumumun şirkətidir.

-  Övladlarınızın karyerası üçün mövqeyinizdən istifadə etmisiniz?

-  Yox. Tam ciddiyəm. İki qızım oxuyub, yoldaşımla da evlənəndə tələbə idi. Dedim elmə güzəşt yoxdur, nə özümə, nə ailə üzvlərimə. Qızlarımın oxuduqları ali məktəblərin rəhbərliyi onların atalarının mən olduğunu bilməyiblər. Amma bir-iki dəfə qazi, şəhid ailələrinin uşaqlarına görə kiməsə ağız açdığım olub.

-  İmişlinin Xəlfəli kəndində doğulub böyümüş bir gənc Bakıya üz tutanda bir gün deputat olacağını düşünürdü? 

-  Xəlifəlidən daha böyük arzularla çıxmışdım. O  vaxt SSRİ dönəmi idi və mən özümü SSRİ Nazirlər Kabinetində vəzifədə görürdüm. Bilirdim ki, gücüm çatar buna görə yolumu cızdım. Deputat olana qədər Avropa parlamentlərində, müxtəlif beynəlxalq arenalarda insan hüquqlarının təmsilçisi kimi çox nüfuzlu insanlarla, milyarderlərlə, prezidentlərlə eyni masa arxasında oturmuşam. Ölkəmizin insanlarının mənafeyini müdafiə etmişəm. Qeyd edim ki, Avropada insan hüquqlarından danışan hər kəsi yüksək masalara işə dəvət edirlər. O, siyasətçi olmasa belə.

-  İkinci ali təhsilinizi hüquq üzrə almısınız. İstifadə etdinizmi və hüquq sistemimiz barədə nə fikirdəsiniz?

-  Məhkəmə sistemimiz xətalıdır. Bəzi hakimlərin səlahiyyətinə xitam verilməlidir. Gələcəkdə adlarını çəkərək onları rüsvay edəcəm. O ki, qaldı özümə, partiyamızın ofisində hər həftə ən az 30-40 nəfərə hüquqi dəstək verilir.

-    “Siyasət çirkin oyundur” fikri ilə razısınız? 

-     Həm çirkin, həm vacib, həm lazımlı, həm də ağıllı oyundur.

-    Partiyalı olmaq asandır, çətin?

-    Çox çətin. Bir partiyaya üzv yazılanda çox azadlığını təhvil verməli olursan. Partiyanın dediyi ilə durub oturmalısan, hətta hansısa məsələdə fikir ayrılığın olsa belə.

-    Cəmiyyətimizdə belə bir fikir var ki, partiyalarımız elə ad xətrinə var. Sizin partiya olmasa nə olar? 

-    Bu fikir var. Bizim ölkədə partiyalar zəifdir, bu da düz. Hansısa partiya olmasa, Azərbaycan dağılmaz. Partiya istehsal üçün yaranmır. Yaranır ki, hədəfinə çatsın, hakimiyyətdə təmsil olunsun.

- Səhifənizdə sağlam həyat tərzi keçirməyiniz, limonla kivi şirəsi hazırlamağınız barədə son paylaşım birmənalı qarşılanmadı. Qeyri-ciddi qarşılanmaqdan qorxmadınız?

- Yox. Mən doğru bildiklərimi edirəm. Başqalarının düşüncələri həyatımıza yön verməməlidir. İlhamım gəlsə, istəsəm, yenə belə paylaşımlarım ola bilər. 

Fotoqraf: İlkin Nəbiyev

# 12405
avatar

İlhamə HƏKİMOĞLU

Oxşar yazılar