Müəllimlərin işə qəbulu ilə bağlı JURNALİSTDƏN ETİRAZ
25 iyun 2023 11:40 (UTC +04:00)

Müəllimlərin işə qəbulu ilə bağlı JURNALİSTDƏN ETİRAZ

Müəllimlərin atestasiya, o cümlədən də işə qəbul imtahanı ilə bağlı zaman-zaman ziddiyyətli fikirlər səsləndirilir. Bəzi ekspertlər bu imtahanları müsbət qiymədləndirsələr də, bəziləri bunun çox lazımsız olduğunu düşünürlər. 

Bu dəfə isə müəllimləri işə qəbulu imtahanından narazılıq edən jurnalist Çingiz Səfərli olub. 

Lent.az xəbər verir ki, o, bu barədə öz feysbuk hesabında paylaşım edib. 

Paylaşımda musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarında ədalətsizliyin olduğunu vurğulayıb:

Hörmətli, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və Dövlət İmtahan Mərkəzi

Musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanlarında ƏDALƏTSİZLİK VAR!

1. Artıq iki ildir musiqi və incəsənət məktəblərinə müəllimlərin işə qəbulu imtahanı mərkəzləşdirilmiş qaydada aparılır. Lakin nə keçən il, nə də bu il məktəblərdəki vakant yerlər elan edilməyib. Vakansiyaların öncədən elan edilməməsi namizədlər üçün çətinlik yaradır. Məsələn, keçən il violin ixtisası üzrə onlarla insan sənəd verdiyi halda, cəmi 3 yerə qəbul aparılmışdı, Bakı üzrə isə heç bir vakansiya yox idi. Yəni, namizəd sənəd verdiyi sahə üzrə ona uyğun yerlərdə vakansiya olmadığını öncədən bilsə, kifayət qədər vəsait xərcləyib imtahana da daxil olmaz. Bu həm o şəxslərin vaxtını, həm də pulunu mənimsəməkdir.

2. Müxtəlif alətlərin ifaçıları və musiqişünaslar üçün imtahanların test mərhələsinin eyni suallar əsasında keçirilməsi doğru deyil. Çünki test mərhələsində ixtisasa dair salınan suallar sırf musiqişünasların sahəsinə aiddir. Buna görə də, ifaçılar böyük əziyyət çəkirlər. Məsələn, kantrabas ifaçısı musiqi məktəbində musiqi ədəbiyyatı və solfecio, harmoniya fənnini tədris etməyəcəksə, ona bu sahənin dərinliklərindən suallar verilməsi nə dərəcədə doğrudur?!

3. Digər tərəfdən klassik musiqi aləti ifaçıları ilə xalq musiqi alətləri ifaçıları üçün də suallar fərqli olmalıdır. Çünki, məsələn bir violonçel ifaçısı muğamın dərinliklərinə tar və ya kamança ifaçısı qədər bələd ola bilməz. Həmçinin dərs prosesində də şagirdə muğam tədris etmir. Bu baxımdan onlara muğam ladlarından çətin sualların salınması ədalətsizlikdir.

4. Nəticədə əzbərçiliyi olan, lakin ifaçılığı zəif şəxslər işə qəbul edilir, peşəkar ifaçılığa malik namizədlər isə test mərhələsini keçə bilmədiklərindən kənarda qalırlar.

Sonda, ötən il imtahanlar pulsuz keçirilmişdi. Qaydalarda da imtahanların ödənişli olmasına dair müddəa və öncədən elan olmadığı təqdirdə, necə olur ki, müəllimlərin işə qəbulu üçün 75, direktor və direktor müavinlərinin işə qəbulu imtahanı üçün 95 manat rüsum tələb olunur? Bunun qaydası, tarifi haqda hansısa qərar mövcuddurmu?

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 6487

Oxşar yazılar