təhsil naziri Emin Əmrullayev
01 iyun 2021 11:55 (UTC +04:00)

təhsil naziri Emin Əmrullayev

Nazirdən yay məktəblərini dəstəkləməyən valideynlərə CAVAB

"Keçirilmiş sorğu ilə bağlı bir sıra şərhləri nəzərə alaraq, məsələyə aydınlıq gətirmək istəyirəm".

Lent.az məlumat verir ki, bu sözləri təhsil naziri Emin Əmrullayev "Facebook" səhifəsində yazıb. Onun fikrincə, sorğu nəticəsində 44 faiz respondentin "Yay Məktəbi"nin təşkilinə müsbət rəy verməsi o deməkdir ki, I-IX siniflərdə təhsil alan təqribən 1,350,000 şagirddən 600,000 nəfərinin valideyni övladlarının iyun ayının ikinci yarısında əlavə təhsil almasını dəstəkləyir:

"Hətta sorğuda mümkün xətaları nəzərə alsaq, bu say 500,000-ə (yarım milyon) yaxındır. 

Təhsil Nazirliyi olaraq yüz minlərlə şagirdimizin öyrənməsini təmin etmək bizim əsas vəzifəmizdir. Hər hansı səbəbdən bu təşəbbüsə qoşulmaq istəməyən valideynlərin seçimini də anlayışla qarşılayırıq.

Xatırlatmaq istərdim ki, yay məktəbləri könüllü və ödənişsiz əsasda şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınaraq təşkil ediləcək".

Yada salaq ki, ötən həftə Təhsil Nazirliyi tərəfindən ümumi təhsil müəssisələrində “Yay məktəbi”inin təşkil edilməsi ilə bağlı sorğu keçirilib. Sorğuda iştirak edənlərin 44 faizi bu təşəbbüsə müsbət rəy bildirib. Belə ki, mövcud vəziyyəti nəzərə alaraq, şagirdlərin zəruri bilik və bacarıqlarının möhkəmləndirilməsi, öyrənilənlərin ümumiləşdirilməsi məqsədilə 2021-ci il iyunun 16-dan etibarən 2 həftə müddətinə ümumi təhsil müəssisələrində ödənişsiz və könüllü əsaslarla “Yay məktəbi”nin təşkil edilməsi nəzərdə tutulur.

İyunun 30-dək davam edəcək “Yay məktəbi” ərzində dərslərin sayı və qrafiki şagirdlərin yaş xüsusiyyətləri nəzərə alınmaqla müəyyən ediləcək.

Bildirilib ki, “Yay məktəbi”nin təşkil edilməsi ilə bağlı bütün məlumatlar yerli təhsili idarəetmə orqanlarına təqdim olunacaq.

Qeydiyyatdan keçmək istəyən vətəndaşlar iyunun 5-dən etibarən övladlarının təhsil aldıqları müəssisələrə və ya aidiyyəti üzrə rayon (şəhər) təhsil şöbələrinə (idarələrinə) müraciət edə bilərlər.

# 1308
avatar

Hicranə Əlişqızı

Oxşar yazılar