"Hadisə olan günü "Qarabağ"ın oyununa baxırdım" - 3 nəfərin ölümündə  təqsirləndirilən DİREKTOR
07 oktyabr 2026 17:56 (UTC +04:00)

"Hadisə olan günü "Qarabağ"ın oyununa baxırdım" - 3 nəfərin ölümündə təqsirləndirilən DİREKTOR

0

Bakı Ağır Cinayətlər Məhkəməsində çoxmərtəbəli yaşayış binasında baş vermiş yanğınla əlaqədar məsuliyyətə cəlb olunan "Loft Dent" stomatoloji klinikasının direktoru Bəhruz Paşayevin cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Lent.az xəbər verir ki, hakim Babək Pənahovun sədrliyi ilə keçirilən məhkəmə təqsirləndirilən Bəhruz Paşayevin ifadəsi ilə davam edib:

"Mən ailələrdən, ziyan çəkənlərdən üzr istəyirəm, bacarsalar, məni bağışlasınlar. Bilmədiyim bir işin qulpundan yapışıb bəlaya düşmüşəm. İstədim ki, klinikanın ətrafında təmizlik, səliqə yaradım, bununla da çoxlu müştəri cəlb edim. Mən sadəcə icraçı direktor olmuşam. Obyekti 2025-ci ildən icarəyə götürmüşdüm, məkan dayım oğlu Vüqar Abbasovun olub. İcarə haqqı 25 000 manat idi. Əvvəl onun yanında işləmişəm. Mən obyekti götürənə kimi məkanı əvvəl bir qadın işlədirdi, sonra Miri adlı biri idarə etmişdi. Əvvəl mən 270 manat maaşla Sumqayıtda Uşaq və Gənclər Mərkəzində dalandar işləyirdim. Direktor olanda isə 400-500 manat almağa başladım. "iVolt"la bağlı instagram-dan məlumat götürmüşdüm. Zəng etdim, sənədlər istədilər. Sonra cavab gəldi ki, sizin obyektə düşür. Bizə 160 kv verə biləcəklərini bildirdilər. Gətirib qoşdular klinikanın qabağına. Naqilləri Vüqar müəllimin işçiləri ilə birlikdə özüm çəkdim. Sentyabrın 19-da qoşdular, iki ay beləcə işlədi və heç bir problem olmadı. Aparatların hamısı saz vəziyyətdə idi. Obyekt yaxşı fəaliyyət göstərirdi, icarə haqqını artıqlaması ilə ödəyirdim, özüm ayda 42 000 manat qazanırdım. Hadisə baş verən gün Sumqayıtda evimdə idim, "Sumqayıt" və "Qarabağ" komandalarının oyununa baxırdım. Zəng edib xəbər verən kimi başıalovlu hadisə yerinə qaçdım".

Zərərçəkənlərdən Əli Qəmbərov təqsirləndirilən şəxsin ifadəsinə iradını bildirərək, onun düz danışmadığını deyib:

"Bayaqdan, əvvəlki prosesdə də dəfələrlə səhv etdiyini deyib üzrxahlıq edirsən. 270 manata dalandar işləyən birdən-birə gəlib direktor işləyə bilməz. Sən nəyi gizlətdiyini, kimləri qoruduğunu yaxşı bilirsən. Ailənə də demişəm, məhkəmədə düzgün ifadə ver, heç nəyi gizlətmə, mən söz verirəm ki, səni bağışlayacam".

Vəfat edən Könül Hümbətovanın atası üzünü təqsirləndirilən şəxsə tutaraq "Nəvəm Türkiyədə əməliyyat stolunda qalıb, gününə 1000 dollar ödəyirik. Mən pensioner adamam, haradan, necə çatdırım? Onlar məni axtarmaqdan mən ağsaqqal adam bunun ailəsinin ayağına gedib yalvardım. Neçə dəfə gedib gəldim, axır ki, 25 000 dollar hissə-hissə verdilər. Üçüncü əməliyyat üçün 60 000 manat pul istəyirlər, mən haradan alıb pulu göndərim?".

Növbəti iclas 4 noyabr saat 16:00-a  təyin olunub.

İttihama görə, "Taxes Group" MMC-nin direktoru və "Loft Dent" klinikasının rəhbəri Bəhruz Paşayev Yasamal rayonunda yerləşən binanın zirzəmisində icarəyə götürdüyü qeyri-yaşayış sahəsində yanğın təhlükəsizliyi qaydalarını kobud şəkildə pozub. O, "iVolt" brendi altında elektromobillər üçün şarj stansiyaları quraşdırarkən "Azərişıq" ASC və Energetika Nazirliyinin müvafiq texniki şərtləri və icazələri olmadan, aidiyyəti elektrotexniki heyət cəlb etmədən qanunsuz elektrik xətləri çəkdirib.

​2025-ci il noyabrın 21-də saat 19 radələrində həmin elektrik xətlərində normadan artıq yükə görə qısaqapanma baş verib. Nəticədə əmələ gələn qığılcım yaxınlıqdakı tezalışan materiallara keçərək binanın kommunikasiya şaxtası boyunca yuxarı mərtəbələrə doğru sürətlə yayılıb və binanı tüstü bürüyüb.

Faciə ilə nəticələnən yanğın zamanı binadan çıxmağa çalışan sakinlərdən 3 nəfər – Arzu Qəmbərli, Samir Məmmədov və Könül Hümbətova kəskin tüstüdən zəhərlənərək, hadisə yerində həyatlarını itiriblər.

Hadisə zamanı 7 nəfər ağır olmaqla, ümumilikdə 25 sakin müxtəlif dərəcəli xəsarətlər alıb.

​Bununla yanaşı, yanğın nəticəsində yaşayış binasının lift infrastrukturu, elektrik xətləri, kommunikasiya sistemləri və mənzillərə dəymiş ziyan da daxil olmaqla, vətəndaşlara və əmlak sahiblərinə ümumilikdə 419 min 382 manat məbləğində maddi ziyan dəyib.

Faktla bağlı Baş Prokurorluğun Kriminalistika və informasiya texnologiyaları idarəsində cinayət işi başlanaraq ibtidai istintaq aparılıb.

İstintaq zamanı aidiyyəti dövlət qurumları, o cümlədən Fövqəladə Hallar Nazirliyinin əməkdaşları və müvafiq ekspertlərin iştirakı ilə hadisə yerinə baxış keçirilib, maddi sübutlar götürülüb, çoxsaylı istintaq hərəkətləri icra edilib.

Həmçinin, istintaqla, hadisənin baş verdiyi binanın zirzəmi qatı və birinci mərtəbəsində yerləşən qeyri-yaşayış obyektini icarəyə götürmüş “TAXES GROUP” MMC-in (Loft Klinika) qanuni təmsilçisi - direktoru Bəhruz Paşayevin üzərinə yanğın təhlükəsizliyi qaydalarına riayət edilməsi vəzifəsi qoyulmuş şəxs kimi bu qaydaları pozub ehtiyatsızlıqdan 3 şəxsin ölümünə, habelə digər ağır nəticələrə səbəb olmasına əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı cinayət işi başlanılıb, Bəhruz Paşayev Cinayət Məcəlləsinin 225.3-cü maddəsi  (yanğın təhlükəsizliyi qaydalarını pozma ehtiyatsızlıqdan iki və daha çox şəxsin ölümünə səbəb olduqda) ilə məsuliyyətə  cəlb olunub.

İstintaq orqanının vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında B.Paşayevin barəsində Binəqədi Rayon Məhkəməsinin qərarı ilə həbs qətimkan tədbiri seçilib. Vəfat edən Arzu Qəmbərli Vəkillər Kollegiyasının üzvü Əli Qəmbərovun övladı olub. Bundan başqa digər vəfat edən Könül Hümbətova (Vəlibəyli) Bakı Milli Geyim Evinin rəhbəri olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 326

Oxşar yazılar