“Onların uşaqlara, meyitlərə qarşı cinsəl istəyi olur” - PSİXİATRLA MARAQLI MÜSAHİBƏ
30 noyabr 2022 18:46 (UTC +04:00)

“Onların uşaqlara, meyitlərə qarşı cinsəl istəyi olur” - PSİXİATRLA MARAQLI MÜSAHİBƏ

Psixiatr Azər Bağırovun Lent.az-a müsahibəsi:

- İnsanda ruhi xəstəliyi yaradan amillər hansılardır?

- Ruhi xəstəliyin əlamətləri həm genetik faktorlardan, həm də mühit faktorlardan qaynaqlanır. Biopolyar, depressiyanın xroniki növü, şizofreniya kimi xəstəliklərdə genetik faktorlar xüsusi rol oynayır. Bu xəstəliklər yeniyetməlik və ya gənc yaşlarda səbəbsiz şəkildə başlayır. Xəstəliyin əvvəllərində şübhələr və paranoik vəziyyətlər yaranır. Bu zaman xəstə izlənildiyini düşünə bilər. Bu insanlar hətta bəzən qorxduqlarından bayıra çıxa bilmirlər. Elə düşünürlər ki, onları bayırda kimsə izləyir. 

Digər bir vəziyyət isə qəzəbin çox kəskin şəkildə artması və yuxusuzluğun yaranmasıdır. Bu, biopolyar xəstəliyinin manik epizodunda özünü göstərir. Xəstə bir anda özü barəsində çox böyük düşüncələrə qapılır. Özlərinin Allah tərəfindən seçildiklərini, çox ağıllı biri olduqlarını düşünürlər. Bu dönəmdə qorxu hissi olmadığı üçün xəstə böyük kreditlərə, “yatırım edəcəm” adı ilə çox böyük borclara girir. 

Bundan əlavə bəzi depressiv xəstələr özlərinə qapanırlar və yataqdan çıxmaq istəmirlər. Heç nədən zövq almırlar. Həyat artıq onlar üçün mənasız gəlməyə başlayır. Bir müddət sonra isə “ölsəm nə olar?”, “yaşadım və ya yaşamadım nə fərqi var?” kimi fikirlərə qapılırlar. Bu, intihar planı qurma səviyyəsinə kimi gəlib çatır. Depressiv xəstələrdə intihar son həddir. Depressiya çox sıx görülən və müalicəyə daha yaxşı tabe olan xəstəlikdir. 

- Ruhi xəstələrin çox vaxt dahi insan olduqları iddia olunur...

- Dahi şəxsiyyətlərin daha çox biopolyar xəstələri olduqları müşahidə edilir. Vinsent Van Qoq haqqında belə bir iddia var idi. Bu cür insanların kreativ, yaradıcı tərəfləri var. Bu səbəbdən aktyorluq, rəssamlıq, yazıçılıq kimi sahələrdə biopolyar xəstələri daha çox görürük. 

Asperger sindromu var. Bu sindroma Albert Eynşteyni misal göstərə bilərik. Bildiyimiz kimi Albert Eynşteynin zəkası, intellekt səviyyəsi olduqca yüksək idi. Emosional zəkası aşağı olan, riyazi zəkası isə çox yüksək olan şəxslər asperger sindromu yaranan şəxslərdir. İnsanlarda ortalama intellekt səviyyəsi 80-100 faizdir. Intellekt səviyyəsi 140% olan insan bizdən çox fərqlidir. Normal insanlar üçün olan bir problem həmin şəxslər üçün çox normal bir haldır. Bu cür şəxslərdə insanlarla ünsiyyət qurma bacarıqları nisbətən zəif olur.

- Qarabasma və yaxud qorxuluğun yaranması nədən qaynaqlanır?

- Qarabasma və ya gecələr insanın qışqırması, yuxuda qaçması gecə terroru adlanır. Bu da müəyyən qorxulu yuxuların görülməsi, gecə yuxunun müəyyən bir anında ayılma və ayıldıqda bədənin hərəkət etməməsi deməkdir. Bu zaman sanki bir qorxu yaranır. Bir çox insan bunu cinlərlə əlaqələndirir. Bir müddətdən sonra insanlar yatmaqdan da qorxur. Elə bunun da altında yatan şey təşvişdir. 

Yuxu rejiminin pozulması, yuxunun dincəldici xarakterinin pozulması yuxu görmələrinin artması təşviş pozuntusunun əlamətləridir. Yuxu terroru, yuxu iflici müalicə ilə aradan qaldırmaq olur. Yuxu iflici daha çox uşaqlarda müşahidə edilir. Bundan əlavə olaraq yuxuda gəzərlik halı da baş verir. Bu da müəyyən bir dövrdən sonra keçir. 

- Bəzən belə insanlara pirlərə, ziyarətgahlara, çıldaqçı yanına getməyi məsləhət görürlər. Sizcə bu nə dərəcədə doğrudur?

- Qorxuluğu olan bir insanın ziyarətgahlara, pirlərə və ya çıldaqçı yanına getməyi məsləhətli deyil. Onların “plasebo” adlandırdığımız təsiri var. Xəstə sırf inandığı üçün bəzi şeylər onda dəyişə bilir. Məsələn xəstəni “pirə getsən düzələcəksən” deyə onu inandırırlar. Pirə və ya çıldaqçı yanına getdikdən sonrakı iki-üç gün ərzində xəstəliyin əlamətlərin keçdiyi görünür. Lakin sonradan yenə eyni əlamətlər üzə çıxır. Bir sözlə, insanlar qısamüddətli effektini gördüklərini hesab edirlər. Buna da “plasebo” effekti deyilir. Amma təşviş pozuntularında daha çox gördüyümüz şey kəskin qorxulardan çox mütəmadi olaraq içində pis qorxunun olmasıdır. Bu insanlar adi qapı zəngindən belə ürkürlər. 

Digəri isə obsessiv kompulsiv pozuntularda gördüyümüz təşviş halıdır. Bu xəstələrin ağlına müəyyən düşüncələr gəlir. Xəstə həmin düşüncələrin reallaşmasından qorxduqları üçün müəyyən rituallar edir. Məsələn işığı üç dəfə yandırıb söndürməsəm başıma pis hadisə gələ bilər. Bu hallar o qədər çox baş verir ki, insan günün böyük bir vaxtını o ritualları edərək keçirir. Belə şeylərə heç bir pirin, məscidin faydası yoxdur.

- Bu gün baxıcıların, ekstrasenslərin həddindən artıq çox olduğunu müşahidə edirik. Onların bir qismi hətta sosial şəbəkələrdə aktiv olurlar. Həmin şəxslərin bu bacarığı həqiqətən Allah vergisidir, yoxsa?

- Psixiatr olaraq dini məsələlərə bir az daha fərqli yanaşırıq. Çünki bunun elmi tərəfi olmadığı üçün buradan hər hansı bir nəticə əldə edə bilmərik. Bəzi insanlar var ki, yuxularının gerçəkləşdiyini iddia edirlər. Bu insanlar gün ərzində düşündükləri mövzunu yuxuda görə bilərlər. Məsələn Dmitri Mendeleyev cədvəlini yuxuda görərək kəşf edib. O, bunun üzərində çox düşündüyü üçün aylar ərzində topladığı informasiyanı beyində analiz və sintezini aparır. Bu zaman gələcəklə bağlı bəzi fikirlər yarana bilər. Amma baxıcılığın, ekstrasensliyin və ya cadunun elmi bir tərəfi yoxdur. 

- Bəzi şəxslərdə şiddətə meylliliyin olduğunu müşahidə edirik. Ölkəmizdə də bu cür insanların sayı az deyil. Bəs, şiddətə meyllilik nədən qaynaqlanır?

- Şiddətə meylliliyi daha çox şizofreniya xəstələrinə aid edirlər. Bu tamamilə səhv fikirdir. Şizofrenik xəstələr paranoik və ya xəstəliyin aktiv dönəmində deyilsə, onlar ətrafa təhlükəli deyillər. 

Bu gün həbsxanalarda araşdırma aparsaq, oradakı insanların 80-90 faizinin antisosial xarakter patologiyası olan insanlar olduqlarını görərik. Bu insanlarda vicdan duyğusu çox zəif olur. Biz başqasına aid olan bir əşyanı oğurlamırıq. Çünki vicdanımız var və bunun səhv olduğunu çox yaxşı bilirik. 

Şiddətə qarşı meyllilik ən çox ailədaxili münaqişələrdə özünü göstərir. Xüsusilə narsist insanlarda impatiya qurma bacarığı nisbətən aşağı olduğu üçün partnyorlarının ehtiyaclarını başa düşə bilmirlər. Bu da ailədaxili münaqişələrə və şiddətə səbəb ola bilər.

- Bildiyimiz kimi hər insan affekt vəziyyətinə düşmür. Affekt vəziyyətinin psixologiya ilə əlaqəsi nədir?

- İnsanın affekt vəziyyətə düşməsi üçün o çox güclü psixoloji hiss keçirməlidir. Affekt halında olan insan normalda edə bilməyəcəyi davranışı edə bilər və sonradan çox böyük peşmançılıq yaşaya bilər. Amma hər hadisədən sonra affekt halı baş verib deyə bilmərik. İnsanın affekt halına düşməsi üçün böyük və güclü psixoloji emosional bir gərginlik olmalıdır ki, insan üzərində güclü təsiri olsun.

- Cinsi azlıqları psixiatrik xəstəlik adlandıra bilərik?

- Cinsi azlıqlar fərqlidir. Onların heç biri psixiatrik xəstəlik hesab olunmur. Bundan əlavə olaraq parafiliyalar var. Parafiliya cinsəl istəyin obyektinin fərqli olmasıdır. Yəni parafiliyası olan insanların bəziləri uşaqlara qarşı, meyitlərə qarşı cinsəl istəyi olur. Mazoxistlik və sadistlik də cəmiyyətdə problem yaradan xəstəlikdir. Bunlar patologiya hesab olunur.

- Pasiyentləriniz arasında ən çox müşahidə etdiyiniz xəstəliklər hansılardır?

- Bizə müraciət edən pasiyentlər ən çox təşviş pozuntusu və depressiyadan şikayətlənən insanlar olur. Təşviş pozuntusu içərisində sıx gördüyümüz panik atak, generalizə təşviş pozuntusu və obsessiv kompulsiv xəstəlikdir. Depressiyanın isə tipik növləridir. Bunlara yuxusuzluq, yeməkdən kəsilmə və ya iştahın artması aiddir. 

Ardı var...  

# 6375
avatar

Arzu Qurbanlı

Oxşar yazılar

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

Niyə bəzi qəpiklər "BakıKart"a yüklənmir? - AÇIQLAMA

28 yanvar 2023 , 19:03
Qar yağacaq, yollar buz bağlayacaq -  XƏBƏRDALIQ

Qar yağacaq, yollar buz bağlayacaq - XƏBƏRDALIQ

28 yanvar 2023 , 14:55
Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

Orxan Əsgərov sabah II Fəxri xiyabanda dəfn ediləcək - FOTO

28 yanvar 2023 , 12:54
Sabahın HAVASI:  bu yollar buz bağlayacaq

Sabahın HAVASI: bu yollar buz bağlayacaq

28 yanvar 2023 , 12:24
Xırdalan bu gün susuz qalacaq

Xırdalan bu gün susuz qalacaq

28 yanvar 2023 , 11:12
Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

Abonent sayında artım, qaz xəttinə kənar qoşulmalar “Açıq qapı”da - VİDEO

27 yanvar 2023 , 23:03
Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

Rəşad Dağlı əfvə düşəcəkmi? - CAVAB

27 yanvar 2023 , 17:50
İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun  FOTOSU

İranda Azərbaycan səfirliyinə hücum edən terrorçunun FOTOSU

27 yanvar 2023 , 17:09