- Allah qadını kişinin qabırğasından yaradıb. Başından yaratmayıb ki, özünü ondan üstün saymasın. Ayağından yaratmayıb ki, alçalmasın. Qoluna yaxın yerdən yaradıb ki, qorunsun. Ürəyə yaxın yerdən yaradıb ki, sevilsin.
- Qadın metaldan hazırlanmış mebel deyil, o – çiçəkdir.
- Cənnət anaların ayaqları altındadır.
- Adın şərəflidir sənin, ey qadın,
Dahilər anası çağrılır adın!
Barmağım telefonun ekranında sürüşdükcə feysbuk dostlarımın (əksəriyyətini də kişilər yazıb) qadınları mədh edən statusları ağlımı “sürüşdürür”. İngilis filosofu Stuart Milli xatırlayıram: “Bir sivilizasiyanın səviyyəsini ölçmək istəsəniz, dərhal qadının həyat şərtlərinə baxın”...
Cəhalət surətlə ətrafımızı sarmaqdadır. Ən böyük həbsxana cahilin beynidir. Cəhalətin tək qorxusu isə qadındır. Çünki qadın bilsə, uşaqlarına da öyrədəcək. Cəhalət isə necə də gözəldir, hər şeyi bilirsən... Bunu da Eynşteyn deyib.
Zatən qadın haqqında ən gözəl sözləri kişilər deyib, ən əsrarəngiz əsərləri kişilər yaradıb. Onlar deməyə, yaratmağa çox məharətlidirlər. Nağıl bitənə qədər xoşbəxt etməyi bacarırlar. Amma elə ki göydən üç alma düşür...
Əsla! Baş verənlərdə Eynşteyni ittiham etmirəm. Sadəcə, üz tutduğum yerin adı məni aqressiv edir – qadın sığınacağı... Sığınacaq sözünün özündə bir acınacaq durum var... Üstəlik də bu sözün önündə bircə ovuc sevgiyə möhtac olan varlıq – qadının adı gəlirsə...
Sürücü “Çatdıq!” deyəndə, “kişi sığınacağı”ndan – feysbukdan ayrılıb, həyatın düz dibinə enirik – “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin nəzdindəki qadın sığınacağına.
Kişi sığınacağının divarlarında belə şüarlara çox rast gəlirsiniz: “İnsanı üç şey dəyişə bilər: Sevgi, əzab və sevinc”. Buradakı insanlar ikinci ilə üçüncü arasındakı o məşəqqətli “və” mərhələsindədirlər. Şiddətə, təhqirə məruz qalan qadınlar buraya sığınıb, hansısa yolla həyatlarındakı kişilərdən xilas olacaqları məqamı gözləyirlər...
Ailələrinin qapısı hamısının üzünə bağlıdır. Kimini evdən qovublar, kimisi də qaçıb. Getməyə yerləri olmadığından övladları ilə buraya sığınıblar. İndi sığınacaqda 19 qadın və 14 uşaq məskunlaşıb. Sığınacağa pənah gətirən qadınlar burada reabilitasiyası və reinteqrasiya mərhələsini keçdikdən sonra onlar üçün müvafiq işlər axtarılır. Əlindən heç bir iş gəlməyənlərə müxtəlif peşələr öyrədilir. Qadınlar iki ay işlədikdən sonra, sığınacaqdan ayrıla bilirlər. Amma bu həmişə belə olmur. Azyaşlı körpəsi olan qadınlara işləmək çətindir...
Alman ədəbiyyatının klassiki Erix Mariya Remark bədbəxt qadınları təsvir edərkən yazırdı ki, “xoşbəxt qadın haqqında çox söz demək olmur, amma bədbəxt qadın haqqında nə qədər istəsən, danışmaq olar...” Həyatı alınmayan qadın başdan-ayağa mövzudur – ədəbiyyata, incəsənətə, kinoya, musiqiyə, efirə, lap elə məhəllədəki arvadlara ən azından qeybət mövzusu... Bədbəxt qadınlar saytların xəbər lentinin mövzusudur: Ölən, öldürən və öldürülən qadınlar...
Müsahiblərim intiharın bir addımlığından dönən, ölümün pəncəsindən xilas edilən qadınlardır. Adlarının açıqlanmasını istəməyən, həyat yorğunu qadınlar... Ya insan alverinin, ya da məişət zorakılığının qurbanı olan qadınlar... Hekayələri fərqli olsa da, söhbət əsnasında istəkləri birdir – hamısı diktofonu söndürməyimi xahiş edir: “Səsim heç yerdə eşidilməsin!”
- Üç ildir ki, bir qohumumuzla ailəliyəm. Bir neçə dəfə evimizə qayıtmışam, amma ərim arxamca gələn kimi anam-atam yenidən məni ona qoşub, evimə göndəriblər... Ona görə də bu dəfə evdən ayrılmaq qərarına gələndə anamgilə üz tutmadım. Bildim ki, həyatımda heç nə dəyişməyəcək. Marketdə kassir işləyirəm. Ərim içir, məni döyür, maaşımı alıb, gedib qumar oynayır...
- Ərimdən ayrılmışam. Bir oğlum var, autizmdən əziyyət çəkir. Sığınacaq oğlum üçün əlverişli deyil, indi “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin əməkdaşları oğlumu yerləşdirmək üçün mərkəz axtarırlar...
- Biz evlənəndə demişdi ki, boşanmışam... Sən demə, hələ boşanmayıbmış... Bir oğlu, bir də qızı var idi... Sonradan ayrıldı... Məni çox döyür, söyür, incidirdi... Hamilə vaxtı göz yaşı tökə-tökə başqalarının qapılarında işləyirdim... Axırda dözməyib, atam evinə qayıtmaq istədim. 5 aylıq hamilə idim, anam dedi onun uşağı ilə mənim evimə gəlmə... Mən də övladımdan imtina edə bilmədim. Barışdıq... Sonra da iki uşağımız oldu... İçir və özünə cavabdeh olmurdu... Sonuncu dəfə parkda camaatın içində elə döydü ki, adamlar tökülüb güclə məni onun əlindən aldılar... Saçımdan yapışıb başımı betona çırpırdı... İndi üç qızla qalmışam burada... Əlimdən hər iş gəlir, çörək bişirə, ev təmizləyə, xalça yuya bilirəm... İş olsa, işləyərəm...
Sığınacağa baxanda ilk hiss olunan ehtiyac çarpayılardır. Uşaqlar yerdə yatırlar. Heç böyüklər üçün də kifayət qədər çarpayı yoxdur. “Təmiz dünya” Qadınlara Yardım İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bir tanışının sığınacağa 10 ədəd ikimərtəbəli çarpayı hədiyyə edəcəyini bildirir. Bundan başqa, sığınacağa müntəzəm diqqət göstərən Daxili İşlər Nazirliyinin 3 çarpayı və 1 şkaf göndərdiyini də bildirdi.
Mətbəxə keçirik. Üz-gözünü bağlayan bir qadın uşaqlar üçün yemək hazırlayır. Göz yaşı ilə danışır:
- Üç qızımla buradayam... Bir oğlum da var, amma evdən qaçanda onu yuxudan oyada bilmədim. Əslində onun üçün o qədər də pis deyil. Yoldaşım onu çox istəyir, əzizləyirdi. Məni və qızlarımı isə döyürdü... Qızları məktəbə getməyə qoymur, oğlanı isə oxudurdu... Böyük qızım çox savadlıdır, oxumaq üçün yalvarırdı... Axırda məcbur qalıb onun yatağını yalandan elə düzəldirdim ki, guya yatıb... Eləcə, evdən oğurlanıb dərsə gedirdi... Xəbər tutandan sonra ona da qoymadı... İçməsə ağlı başında adamdır, amma içir, bizə zülm edir. Çarəsiz durumda idim... Evimizə qayıtdım. Anam polisə verməyə qoymadı ki, övladlarının atasını tutdurmayacaqsan ki... Yenidən barışdıq... Sonuncu dəfə məni yolda tutub körpüdən aşağı atırdı... Yad adamlar zorla aldılar əlindən... Amma... amma bizə heç vaxt korluq verməyib. Ehtiyac hiss eləməmişik. Balalarım onun yanında heç vaxt ac qalmayıb...
Üzünü örtüb hönkürür... Təhsili, peşəsi olmayan çarəsiz bir ananın hıçqırıqları əslində qüruruna sığdırıb dilinə gətirə bilmədiklərini söyləyir: Uşaqları burada doyunca yemək yeyə bilmir...
Məlum olur ki, xeyli müddətdir sığınacağa heç bir vəsait daxil olmur. “Təmiz dünya” Qadınlara Yardım İB-nə heç bir qrant ayrılmadığından sığınacağa pənah gətirən qadınları yemək və paltarla təmin etməkdə problemlər yaranıb...
Sığınacaqdakı 14 uşağın yeni dərs ilində məktəbə getmək üçün ayaqqabısı yoxdur... Burada hətta sabuna, şampuna belə gərək duyulur...
Mehriban xanım bildirir ki, bura ölkədə yeganə qadın sığınacağıdır: “Son zamanlarda sığınacağa müraciət edənlərin sayı durmadan artır. Əsasən 2 və 3 uşaqlı analar, ya ər tərəfindən ölüm təhlükəsi ilə üzləşdiklərindən, ya da imtina edildiyindən küçəyə atılır. Əksəriyyətinin də valideynləri dəstək verməkdən imtina edir. Müraciət edən şəxslərin kifayət qədər problemi olur. Məsələn, bir qadınımıza qaynı 6 bıçaq zərbəsi vurub, ailəsi də qorxudan onu qəbul etmir. Bu yaxınlarda 45 yaşlı qadını küçədən sığınacağa gətirərkən intihara cəhdinin qarşısı alınıb. Xanımın ərinin əvvəlki həyat yoldaşından olan qızı və əri qadını evdən qovub. Kişi çox yaşlıdır. Qayğıya ehtiyacı olduğu halda ona baxan həyat yoldaşını və 15 yaşlı qızını küçəyə atıblar. Danışıqlara başladıqda ailənin kifayət qədər sənəd problemi aşkarlandı. İş o yerdə idi ki, 15 yaşlı qızın sənədləri belə qaydasında deyildi və atalıq faktı düzgün qeyd edilməmişdi... Bütün bu məsələlər tənzimləndi. Hazırda da iş davam edir.
Ümumiyyətlə, onu deyim ki, sığınacağa gələn şəxslərin əksəriyyətinin sənədləri qaydasında olmur və psixoloji yardıma ehtiyacı olur. İş yeri, peşə bacarığını artırmaq kimi işlərdə bu sıradandır... Tibbi yardım Səhiyyə Nazirliyi tərəfindən edilsə də, əksər vaxt dərman çatışmazlığı olur... Evdən qaçan qadınların geyim, ayaqqabı və s. problemləri həmişə mövcuddur...
Sığınacaq sakinləri ölkənin müxtəlif bölgələrindən olan qadınlardır. Hazırda 3 qız uşağı olan qadın körpə uşaqlarının sənədlərini hazırladıb, körpələr evinə vermək istəyir... Hər cür çalışırıq ki, analar uşaqlarından ayrılmasın. Amma maddi dəstək göstərə bilmədiyimiz üçün çarəsiz qalırıq. Bəzi hallarda sənədlərin hazırlanması üçün şəxslərin rayona getməsi lazım olur ki, bu da vəsait tələb edir...
2016-cı il ərzində sığınacağımıza 133 məişət zorakılığı qurbanı, 41 nəfər isə insan alveri qurbanı yerləşdirilib. Onlardan 134-ü qadın, 40-ı isə uşaq olub. İctimai Birliyimiz imkanı daxilində onlara tibbi, hüquqi yardım edilib. Peşə kurslarına yerləşmələrində, orta məktəbdə təhsillərinə davam etmələrində dəstək olmuşuq. Geyimlə, qida ilə bacardığımız qədər təmin etməyə çalışmışıq... Amma... amma...”
Sığınacağın maddi-texniki dəstək olmadan çox yaşaya bilməyəcəyi göz qabağındadır. Burda məskunlaşan qadınların və onların uşaqlarının zəruri həyat şərtləri təmin olunmur, hətta elementar təmizlik vasitələri belə tükənib. M.Zeynalova özünün şəxsi imkanlarını, dostlarının yardımını bu iş üçün yetərli saymır və haqlı görünür – 33 nəfəri yaşatmaq təsadüfi yardımların hesabına baş tutacaq iş deyil.
Lent.az vasitəsilə dövlət qurumlarına, iş adamlarına, xüsusilə qadın sahibkarlara, imkanlı şəxslərə, yardımsevər insanlara müraciət edərək, onlardan bu problemə diqqət ayırmalarını istəyirik. Söhbət 33 insanın – qadının və uşağın taleyindən gedir. Onların pənah gətirdiyi ünvanın taleyindən, sığındıqları adın yaşayıb-yaşamamasından gedir...
***
Elə qadınların ehtiyacları ilə maraqlanırdıq ki, Mehriban xanıma zəng gəldi. Sumqayıtda ər qadının saçlarını qırxıb, xəsarət yetirib... Qadın çıxılmaz durumdadır və gün ərzində sığınacağa gələcəyi bildirilir...
Oldular 34 nəfər...
***
P.S. Qadın sığınacağına hamımız kömək edə bilərik. Maddi imkanları olmayanlar belə. Bunun üçün qızların təhsilinə daha ciddi yanaşmalı, erkən evliliyə mane olmalıq. Çalışmalıyıq ki, qadınlarımız öz hüquqlarını boşanarkən yox, ailə qurana qədər bilsinlər. Qadınlarımızı var gücü ilə cəhalət adlı quyunun dibinə çəkənlərə “DUR” deməliyik. Tutaq ki, hər zamankı kimi “qadınları boş verdik”, əmin olun, o cəhalət quyusunun dibində dünyaya gələcək oğulların da gələcəyi ölkəmizə xoş gün vəd etmir...