Azərbaycanda uzun müddətdir ki, mal-qara arasında dabaq xəstəliyi yayılıb. İnsana yoluxa biləcəyini düşündüyü üçün çoxları ət və süd istifadəsindən ehtiyat edir.
Bəs görəsən, bu xəstəlik insana ət və süd ilə yoluxa bilərmi?
İnfeksionist-hepatoloq Mərdan Əliyev Lent.az-a açıqlamasında bildirib ki, ət və süd yalnız çiy halda qəbul edildikdə xəstəlik insana yoluxa bilər:

“Ət və süd normal qaydada, tam bişirilibsə, dabaq xəstəliyi insana heç bir halda yoluxa bilməz. Lakin bu xəstəlik insana keçibsə, onda da, adətən fəsadsız ötüşür. Fikrimcə, bu aralar ətdən uzaq durmaq lazımdır. Yoluxma olmasa belə, heç kim xəstə heyvanın ətini yemək istəməz. İnsan üçün təhlükə olmasa belə, ətin keyfiyyəti heyvan xəstələnəndə aşağı düşür. Südə gəlincə isə, hələlik pasterize edilmiş, qablaşdırmada satılanlardan istifadə etmək məsləhətlidir”, -deyə həkim fikrini yekunlaşdırıb.
Bəs ətin bişirilmə temperaturu nəçə dərəcə olmalıdır? Sağlamlıq naminə ət istehsalında nələrə fikir verməliyik?
Qida Təhlükəsizliyi Hərəkatının rəhbəri, sağlam qidalanma mütəxəssisi Məhsəti Hüseynova isə bildirib ki, əti bişirərkən daxili temperaturuna diqqət etmək lazımdır:

“Heyvanlar arasında yayılan mövsümi xəstəliklərin artması, həm heyvandarlığa, həm kənd təsərrüfatına, eləcə də, insan orqanizminə təhlükə yaradır. Bir çox heyvan və heyvan mənşəli, eləcə də süd və süd məhsullarının istər satılmasında, istər xammal kimi daşınmasında qaydalara riayət edilməməsi müəyyən infeksiyaların, bakteriyaların çoxalmasına səbəb olur. Bu zaman isə istehlakçılarda ciddi sağlamlıq problemləri ortaya çıxır. Dabaq xəstəliyinin də, sürətlə çoxalması insanlar arasında ət və süd məhsullarına qarşı şübhə yaradır. Məsləhətdir ki, bu qidalar mənşəyi bəlli olan yerlərdən alınsın. Eyni zamanda ət kəsim məntəqələrində baytarlıq nəzarəti keçirilib, sənəd yaxud uyğun arayış təqdim olunmalıdır. İstehlakçılar həmin sənədi satış məntəqələrindən tələb etməlidir. Əgər arayışın alıcıya göstərilməsindən imtina olunursa, o ətləri təhlükəlilər sırasına aid etmək olar. Ət kəsildikdən sonra da sanitar-gigiyena qaydalarına riayət edilməlidir.
İnsanlar bir çox etibarsız və yaxud məhəlləarası yerlərdən daha ucuz ət alırlar. Nəzərə almaq lazımdır ki, ucuzluqdan əlavə, ətin sonraki fəsadlarının olub-olmaması önəmlidir. Fəsadlar heç də həmişə anında bəlli olmur.
Ət alarkən, saxlayarkən və bişirərkən temperatur rejiminə mütləq əməl edilməlidir. Bişmə dərəcəsi az olduqda, onun tərkibindəki bakteriya mənşəli infeksiyalar, viruslar məhv olmur. Ət bişəndə onun daxili temperaturunun 70 dərəcədən çox olmasına diqqət etmək lazımdır. Bu dərəcə zərərli bakteriya və virusların məhvi üçün tələb olunan istilikdir”.
“Gənclərə tövsiyəm odur ki, çiy heyvan mənşəli məhsullardan istifadə etməsinlər”,-deyə mütəxəssis qeyd edib.
“Süd içən zaman onun tam bişmiş olmasına diqqət edilməli, yaxud pasterizə edilmiş məhsul alınmalıdır. Həmçinin çiy məhsullarla təmasda olan doğrama lövhəsi, bıçaq, boşqablar bişmiş məhsullarla qarışdırılmamalıdır. Hətta əllər belə, təmiz yuyulmadan bişirilmiş məhsula vurulursa, heyvan mənşəli virus və bakteriyalar insana ötürülə bilər.
Azərbaycanda bu problemlə bağlı Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tədbirlər keçirir. Lakin nəzərə almaq lazımdır ki, qida təhlükəsizliyi çox geniş məhfumdur. Ona hansısa qurumun nəzarəti ilə yanaşı, istehlakçılar özləri də məsuliyyətli olmalıdır. Çünki bir çox satış yerləri, ət kəsilmə məntəqəsi nəzarətdən yayına bilər.
Ət uzun müddət soyuducuda saxlanılacaqsa, mənfi 18 dərəcə temperaturda dondurulmalıdır və donu açıldıqda yalnız 1 dəfə istifadə olunmalıdır. Təkrar-təkrar dondurulmaya yol verilməməlidir. Əgər ət alındıqdan sonra tez zamanda bişiriləcəksə müsbət 4 dərəcəyədək olan temperaturda saxlanılmalıdır.
Dabaq xəstəliyinin heyvandan insana keçməsi nadir hallar olur. O ən çox heyvandan heyvana sürətlə yoluxur. Ətin emalının qaydala uyğun olduğu, yüksək temperaturda bişdiyi halda virus və bakteriyalar tamamilə məhv olur. Hər bir halda heyvan mənşəli məhsulları, etibarlı yerlərdən almaq lazımdır. Həmçinin marketdən ət alınacaqsa, onu alış-verişin sonuna saxlamaq lazımdır”.