Tələbə psixologiyasında tədris prosesinə qayıdış
14 sentyabr 2023 13:10 (UTC +04:00)

Tələbə psixologiyasında tədris prosesinə qayıdış

Tələbələrin  psixologiyada ayrıca yaş dövrü və sosial-psixoloji kateqoriya kimi fərqləndirilməsi ilk dəfə 1960-cı illərdə Leninqrad psixoloji məktəbi tərəfindən irəli sürülmüşdür. Tələbələr “yetkinliyə keçid mərhələsini” təmsil edən yetkin insanın inkişaf mərhələləri ilə əlaqələndirilir və gec yeniyetməlik və ya erkən yetkinlik (18-25 yaş) anlayışı ilə xaraqterizə olunurdu. Tələbə sözü latınca studens, studentis sözlərindən olub, mənası  zəhmətkeş, oxuyan deməkdir.  Bəzi ölkələrdə bilik əldə edən və idrak prosesinə cəlb olunmuş istənilən şəxs “tələbə” adlandırılırdı. XII əsrdə universitetlərin təşkil edilməsi ilə bərabər müəllim kateqoriyaları – magistr, professor və s. fərqləndirilməyə başlandı və bu dövrdən sonra tələbə yalnız təhsil alanlar adlandırıldı.

Tələbəlik dövrü fərdin bir şəxsiyyət kimi formalaşdığı, öz düşüncə və əqidəsini müəyyənləşdirdiyi, sosial aləmlə öz münasibətlərini qurduğu bir dövrə təsadüf edir. Tələbəlik illəri xarakterin formalaşması, özünütənqidetmə, ideal “mən”-in yoxlanılmaması, əsl “mən”-in hələ fərdin özü tərəfindən tam qiymətləndirilməməsi, ətrafdakılara üsyankar yanaşma, digər insanlarla münasibətlərin qurulmasında çətinlik çəkmə dövrüdür.

Tələbə yaşına həsr olunmuş əksər psixoloji tədqiqat materiallarında onlar, şəxsiyyətini tapmaqda, unikal, yaradıcı şəxsiyyət kimi formalaşmaqda çətinlik çəkən, daxili aləmdə uyğunsuzluq yaşayan şəxslər kimi qeyd olunur.

Məhz bütün bu faktorları nəzərə alaraq tələbələrin müəyyən qısamüddətli və ya uzunmüddətli ara intervalından sonra elm aləminə qazandırılması cəmiyyət qarşısında ən vacib məsələlərdən biri olmalıdır. Bu ara intervalına həm bayram tətilləri, həm sessiya arası fasilələr, həm də yay tətilində tədrisə qayıdış aid edilir.

Ənənəvi tədrisə qayıdış dedikdə - tələbə və şagirdlərin isti yay günlərində doyunca dincəldikdən  sonra universitet və məktəblərə qayıdışı nəzərdə tutulur. Bu tarix öncəki nəslin yaddaşında bir sentyabr – BİLİK GÜNÜ kimi canlansa da, müasir ölkəmizin gəncləri artıq bir neçə illərdir ki, yeni dərs ilinə 15 Sentyabrdan başlayırlar. Üç aylıq yay tətilində bilikalanlar tədris prosesindən kənarda qalır, hətta bəziləri öncəki illərdə mənimsəmiş olduğu bilik və bacarıqları da unutmağa başlayırlar. Təcrübə göstərir ki, 21 gün davamlı olaraq eyni hərəkət və hərəkətsizliyin təkrarlanması həmin əməlin vərdiş halına gəlməsinə səbəb olur. Nəzərə alsaq ki, universitetdə təhsil müddəti şəxsiyyət xüsusiyyətlərinin formalaşmasının mürəkkəbliyi ilə seçilən ikinci yeniyetməlik dövrünə və ya birinci yetkinlik dövrünə təsadüf edir, bəs onda tələbələri təhsilə yenidən qaytarmağın ən effektli yolları olaraq nələri yoxlamalıyıq? Onları elm aləminə yenidən necə qazandıra bilərik, və ya burada əsas məsuliyyət kimlərin öhdəsinə düşür?

Təbii ki, elm aləmində parlamağın ən birinci yolu şəxsin intensiv və davamklı olaraq öz üzərində çalışmağı olmalıdır. Tələbənin bu sahədə bilik və bacarığının olması, özündə məsuliyyətli distiplin formalaşdırması da ən əsas şərtlərdəndir. Lakin şəxsin fitri istedadının və potensialının burada vacib rol oynadığı da istisna edilmir.

Tələbəllərin təhsil və tədris mühitinə adaptasiyasının ən vacib motivatorlarından biri məhz valideynlər olmalıdırlar. Övladlarını dəstəkləyən valideynlər hər zaman istədikləri nəticələri daha tez və uğurlu surətdə əldə edirlər. Təbii ki, bu tələbə psixologiyasına da dərin təsir göstərir, həmin tələbələr təhsil həyatına ailələri tərəfindən dəsdəklənməyən həmyaşıdlarından daha öndə başlayırlar.  Onlar dərslərdə daha uğurlu, daha özgüvənli  olur, bacarıqlarını daha effektiv nümayiş etdirə bilirlər. Heç təsadüfi deyil ki, qiymətləndirmə meyarı məhz tələbənin özünü ətrafdakı şəxslərə, o cümlədən müəlliminə nümayiş etdirməsi əsasında aparılır. Bura həm tələbənin dərs danışan zaman şifahi nitq və savad bacarıqlarının nümayişi, həm sərbəst praktiki işlər zamanı keyfiyyətli işlərin üzə çıxarılmaı, həm də yazı zamanı daha yaradıcı tədqiqatçıların formalaşdırılmasında göstərir.  

Təbii ki, tələbəni təhsilə təşviq edən yeganə faktor valideyn faktoru deyil. Asudə vaxtın səmərəli təşkilinin özü belə tələbənin təhsil həyatına müsbət təsir edə bilir. Təcrübə göstərir ki, boş vaxtını daha çox manitor arxasında və səmərəsiz fəaliyyətlərdə keçirən tələbələrin getdikcə təhsilə də marağı azalır və onlar qrup yoldaşlarından daha zəif nəticələr göstərməyə başlayırlar. Əksinə, asudə vaxtlarını müxtəlif əyləncəli-öyrədici fəaliyyətlərə, intelektual məşğuliyyətlərə sərf edən tələbələrin təhsildə göstəriciləri də yüksək olur.

Heç təsadüfi deyil ki, zehni əmək fiziki əməklə növbələşdiyi zaman beynin işləmə qabiliyyəti daha da çoxalır, tələbə dərs materiallarını daha yaxşı mənimsəyir və yadda saxlayır. Bunu üçün  istər oğlan, istərsə də qız tələbələrin müxtəlif idman dərnəklərinə və ya idman oyunlarına cəlb olunması, müntəzəm məşqlər etməsi arzuolunandır. Bu onlardakı stress və həyəcanı azaldacaq, zehinlərini rahatladacaqdır. İdman zallarına gedə bilməyən tələbələr isə, təbii ki,  həyətyanı meydançalarında da bədən tərbiyəsi ilə məşğul ola bilərlər.

Tələbənin aktiv təhsil həyatına adaptasiyasını asanlaşdıran digər variantlardan biri də dərs məşğul olma vaxtını istirahətlə əvəzləyərək düzgün bölüşdürə bilmək faktorudur. Bu vərdişə tələbələr müəyyən zaman kəsiyində təcrübə vasitəsilə yiyələnə bilirlər.

Gənclərin həyata keçirdiyi sosial iş də onların intellektual inkişafına və hafizələrinin möhkəmlənməsinə töhfə verir, təşkilatçılıq və fərdi surətdə müstəqil problem həlli bacarıqlarını inkişaf etdirir. Bununçün onlar könüllü olaraq müxtəlif xeyriyyə təşkilatlarına və ya dərnəklərə üzv ola bilərlər.

Bundan başqa nəzərə alınmalıdır ki, insan həm də cəmiyyətdə sosial varlıq olaraq inkişaf edir. Məhz buna görə də, fərdin inkişafına irsiyyət nöqteyi-nəzərindən yanaşmaq daha məqsədəuyğun olardı. İnkişaf təbiət və cəmiyyət hadisələri ilə bağlı olub hərəkətlə, tərəqqi ilə, yaradıcılıqla səciyyələnir, eyni zamanda mühit və tərbiyə ilə də şərtlənir. Bunun üçün gənclər ətrafda sosiallaşdıqları insanları incəliklə seçməli, daha uğurlu şəxslərə üstünlük verməlidirlər.

Lakin iş bununla bitmir. Tələbələr də tədris prosesində maksimum nəticə almaqda maraqlı olmalı, bunun üçün özlərində işgüzar vərdişlər formalaşdırmaq məqsədilə müxtəlif seminarlara, onlayn kurslara, vebinarlara və ya alternativ təlim üsullarına müraciət etməli, lazım gələrsə, peşəkar mütəxəssislərə – psixoloqlara da müraciət etməkdən çəkinməməlidirlər.

Unutmayaq ki, dərs ilinin başlandığı ilk aylar tədris prosesinə uyğunlaşma dövrüdür. İstər müəllimlər, istərsə də tələbələr yayın qızmar xatirələri aurasından hələ tam azad ola bilməmişlər. Məhz buna görə də, semestrin ilkin mərhələsində heç də bütün gənclər universitetdə təlim və təhsil proqramını uğurla mənimsəyə bilmirlər. 

Sonda qeyd olunmalıdır ki, tələbəlik həm də romantika, sevgi, həyat nikbinliyi, aktiv ictimai mövqe dövrüdür. Gənclik dövrü hər zaman sosial tərəqqiyə, cəmiyyətin daha yaxşı gələcəyinə ümid hissləri ilə bağlıdır. Bu il ali təhsil müəssisələrinə ilk və ya növbəti addımı atacaq bütün tələbələrə təhsil və peşə fəaliyyətlərinin sevincini yaşamağı, özləri üçün uğurlu özünütəsdiqləmə sahəsini tapmağı, dövlətimizə və xalqımıza layiqli şəxsiyyət kimi formalaşmağı və daima milli mənafelərimiz üçün səylə  çalışmağı arzulayırıq. 

Əziz tələbələr, hər anın xoşbəxtliyindən, bu dövrün gəncliyindən və orijinallığından həzz alın.

 

Rəhimova Mələkxanım Seyfulla qızı, 
Bakı Dövlət Universiteti, 
İnsan hüquqları və İnformasiya hüququ 
UNESCO kafedrasının müəllimi

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 3702
avatar

Oxşar yazılar