Qırışlar düşündüyümüzdən də daha tez yarana bilər. Bunun əsas səbəbi dərinin zamanla kollagen və elastin itirməsidir. Məhz bu maddələr dərinin strukturu, möhkəmliyi və elastikliyinə cavabdehdir. Yaşlanma prosesi qaçılmaz olsa da, bəzi amillər bu prosesi sürətləndirə və qırışların daha erkən və daha nəzərəçarpan şəkildə ortaya çıxmasına səbəb ola bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, araşdırmalara görə, stress birbaşa yaşlanma prosesi və aktiv oksigen formalarının artması ilə əlaqəlidir.
Eyni zamanda həyat tərzi də böyük rol oynayır. Sağlam yaşamayan, vaxtaşırı belə tərəvəz və meyvə istehlak etməyən insanlarda dərinin daha zəif və sağlam olmayan görünməsi ehtimalı artır. Bu fonda mütəxəssislər üz dərisində erkən qırışlanma riskini göstərən üç əsas əlaməti vurğulayırlar.
Birinci əsas siqnal günəş şüalarına həddindən artıq məruz qalmaqdır. Günəş müəyyən qədər faydalıdır: orqanizmdə D vitamininin sintezini dəstəkləyir, əhval-ruhiyyəni yaxşılaşdırır və bioloji saatın tənzimlənməsinə kömək edir. Lakin ultrabənövşəyi şüaların çoxluğu dəri üçün ciddi təhlükə yaradır. UV şüaları sərbəst radikalların yaranmasına səbəb olur, kollagen və elastini parçalayır, DNT-ni zədələyir, iltihabı artırır və dərinin qocalmasını sürətləndirir.
Günəşə nə qədər məruz qalmağın “icazəli” olduğu dəri tipindən və gündəlik UV indeksindən asılıdır. Bununla belə, risk indeksi 3 və daha yuxarı olduqda hər kəs üçün qoruyucu vasitələrin, papaq, gün eynəyi və ən azı SPF 30 olan günəşdən qoruyucu kremin istifadəsi tövsiyə olunur.
İkinci əlamət dəriyə müntəzəm qulluq edilməməsidir. Günəşdən qoruyucu krem istənilən düzgün dəri baxım rejiminin əsasını təşkil edir və qırışlarla mübarizədə açar rol oynayır. Daimi qulluq, xüsusilə də hər gün, hətta açıq havada olunmadıqda belə – SPF istifadəsi olmadıqda zamanla qırışların yaranma ehtimalı artır. Mütəxəssislər mineral tərkibli günəşdən qoruyucularla yanaşı, yerli və ağızdan qəbul edilən antioksidantlara da diqqət yetirməyi məsləhət görürlər.
Üçüncü əsas faktor isə siqaret çəkməkdir. Məqalədə bu vərdiş dəri üçün hətta günəşlənmədən də daha zərərli hesab olunur. Siqaret qan damarlarını daraldır, kollagen və elastini məhv edir və günəş zədələnməsinin təsirini gücləndirir. Nikotin xüsusilə dərinin oksigen və qida maddələri ilə təminatını məhdudlaşdırır. Qeyd olunur ki, genetik və ekoloji amillər rol oynasa da, siqaret çəkən şəxslərdə dərinin daha nazik olması və xüsusilə ağız ətrafında qırışların yaranması ehtimalı daha yüksəkdir.
Siqaret çəkən üz göz və dodaq ətrafında dərin qırışlarla, sallanan dəri ilə, solğun, sarımtıl-boz üz rəngi və vaxtından əvvəl qocalmış görünüşlə xarakterizə olunur. Bunun səbəbi siqaret çəkərkən dodaqların davamlı büzülməsi və tüstünün gözlərə düşməməsi üçün tez-tez göz qıyılmasıdır.