Laçınsız 25 il
17 may 2017 12:42 (UTC +04:00)

Laçınsız 25 il

0

 

Laçın rayonu qədim tarixi keçmişə malik, çox zəngin və əlverişli təbii-coğrafi ərazisi ilə seçilən Qarabağın mühüm hərbi-strateji əhəmiyyətli mərkəzlərindən biridir. Laçın abidələri hələ eramızdan əvvəl II-I minilliyə aid edilən dəyərli və nadir tarixi faktlardandır. 1828-ci il Rusiya-İran müharibələrindən sonra bağlanan Türkmənçay müqaviləsinə əsasən, bölgə Şimali Azərbaycanın tərkibində Rusiyaya qatılıb. Rusiyanın himayəsi altında Cənubi Qafqaza Osmanlı dövlətindən və İrandan ermənilərin kütləvi şəkildə köçürülüb məskunlaşdırılmasına başlanıldı. Ancaq Laçın bölgəsinə ermənilərin məskunlaşdırılması mümkün olmamışdı. Azərbaycanda xanlıqlar ləğv edildikdən sonra isə Laçın bölgəsi 1829-cu ildən yeni yaradılan Qarabağ əyalətinə verilir, 1861-ci ildən isə həmin ərazi təzə qurulmuş Zəngəzur qəzasına qatılır.

1905-1907 və 1914-1920-ci illərdə Laçının da daxil olduğu Zəngəzur bölgəsində silahlı erməni dəstələrinin törətdiyi qırğınlar nəticəsində təxminən yarım milyon müsəlman həlak olmuşdur. Azərbaycan Xalq Cümhuriyyəti dövründə də Qarabağı və Zəngəzuru mənimsəmək üçün ermənilərin ərazi iddiaları nəticəsində kütləvi qırğınlar davam etmişdir.

1920-ci il noyabrın 30-da keçirilən Azərbacan K(b)P MK Siyasi və Təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzur bölgəsi 2 yerə bölündü. Nəticədə Zəngəzur qəzasının 6.742 kv. verstlik ərazisindən 3.105 kv. versti Laçın da daxil olmaqla Azərbaycan SSR tərkibində qaldı, 3.637 kv. verstlik hissəsi isə Ermənistana verildi.

Bölgü nəticəsində Zəngəzur vilayətinin Azərbaycanda qalan hissəsində hansısa bir inzibati idarə mərkəzinin yaradılması zərurəti meydana gəlmişdi. Beləliklə, Laçın və Abdallar kəndləri arasındakı ərazidə rayon mərkəzinin yaradılması qərara alndı. 1930-cu ildə yerli relyef və əhalinin xarakteri kimi göstəricilər də nəzərə alınaraq Laçına rayon statusu verilir. Azərbaycanın qərb torpaqlarına sahib çıxaraq bu torpaqlar üzərində özlərinə qondarma dövlət qurmağı bacaran  ermənilər bununla kifayətlənməyərək Azərbaycana qarşı yeni, daha böyük ərazi iddiaları ilə çıxış etməyə başladılar. Onlar Qarabağın Ermənistana birləşdirilməsi məsələsini daim diqqət mərkəzində saxlamaqla, bu yolda bir maneə kimi mövcud olan Laçın rayonunu ələ keçirməyin yollarını düşünürdülər. Sovetlər dönəmində ermənilər dəfələrlə Laçın rayonunun bir inzibati mərkəz kimi ləğvinə çalışsalar da, təşəbbüsləri baş tutmamışdı. Bunun əvəzində onlar 1970-1980-ci illərdə Güləbird, Cicimli, Malıbəy, Qarıqışlaq, Sadınlar və digər kəndlərin yüz hektarlarla pay torpaqlarını və bütövlükdə Qaragöl yaylağını mənimsəməyə nail oldular.

Lakin 1992-ci ildə yenicə müstəqillik əldə etmiş Azərbaycanda mövcud abu-havadan, siyasi xaosdan məharətlə istifadə edən erməni separatçıları “havadarlar”ının dəstəyilə bu niyyətlərini reallaşdıra bildilər. Şuşanın işğalı ilə Laçına  yol açılmışdı. İşğal günü Laçın da güclü top və raket atəşinə məruz qalmışdı. Laçının ələ keçirilməsi Ermənistanın Qarabağ  yolunun tamamilə açılması demək idi.  Buna görə də, qədim və əzəmətli Laçının işğalı ermənilərin uzun illər ərzində planlaşdırdığı ən vacib məqsədlərindən biri idi. 1992-ci il may ayının 16-dan 17-nə keçən gecə Şuşa şəhərinin Turşsu deyilən ərazisindən və Ermənistanın Gorus rayonu istiqamətindən hücuma keçən təcavüzkar erməni ordusu mayın 18-də Laçını işğal etdi. Xəyanət və məsuliyyətsizlik əzəmətli Laçının , bütünlükdə isə Qarabağın itirilməsinə səbəb oldu.

 İşğal nəticəsində 264 nəfər şəhid olmuş, 65 nəfər girov götürülmüş, 103 nəfər əlil olmuşdur. Rayon üzrə 1 yaşdan 16 yaşadək mövcud olan 24374 nəfər uşaqdan 18 nəfəri şəhid, 225 nəfəri əlil olmuş, 2000-dən çox uşaq isə hər iki valideynindən yetim qalmışdır. Rayona 7,1 milyard ABŞ dolları dəyərində ziyan dəymişdi. Rayonun 70 mindən artıq əhalisi Azərbaycanın 59 şəhər və rayonlarına, "Taxta-körpü" qışlaqlarındakı 84 obaya məcburi köçkün düşmüşdür.

Torpaqlarının bir hissəsi işğal olunduqdan sonra da, Azərbaycan Respublikası bütün vasitəçilik missiyalarından imtina etməyərək, problemin BMT və ATƏT prinsipləri çərçivəsində həllinə tərəfdar olduğunu nümayiş etdirir. Lakin Ermənistan indiyədək BMT TŞ-nın qətnamələrinə, regional təşkilatlar çərçivəsində qəbul edilən bəyannamələrə, beynəlxalq hüquq normalarına məhəl qoymur. Atəşkəsin elan olunmasından bu yana ən irimiqyaslı hərbi əməliyyat olan aprel döyüşləri ilə Azərbaycan sübut etdi ki, ordumuz istənilən vaxt hücuma hazır vəziyyətdədir, biz güclüyük, eyni zamanda  humanist  siyasət yeridirik. Amma ədalətin bərpa olunması üçün beynəlxalq ədalət tətbiq olunmazsa, öz torpaqlarımızı azad etməyə qadirik.

 

Nailə Məmmədova

“Azerbaijan Realities”

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 429

Oxşar yazılar