Arterial təzyiqin düzgün ölçülməsi bir sıra vacib qaydalara əməl etməyi tələb edir. Bu proses sadəcə manjeti qola bağlayıb təzyiq ölçən aparatın düyməsini basmaqdan ibarət deyil.
Qolun vəziyyəti niyə vacibdir?
Lent.az xəbər verir ki, təzyiqin dəqiq ölçülməsində əsas amillərdən biri qolun düzgün vəziyyətdə saxlanılmasıdır. 2024-cü ildə yayımlanan klinik araşdırmanın nəticələrinə görə, qolun mövqeyində hətta kiçik dəyişikliklər belə nəticələri əhəmiyyətli dərəcədə təhrif edir.
Fərq 4–10 mm civə sütununa qədər çatır. Bu isə insanın sağlamlıq vəziyyətinin səhv qiymətləndirilməsinə səbəb olur.
Əgər qolunuzu dizinizin üstündə saxlayırsınızsa və ya sərbəst şəkildə aşağı sallayırsınızsa, təzyiq göstəriciləri real göstəricidən daha yüksək çıxacaq.
Mütəxəssislər qolu həmişə ürək səviyyəsində saxlamağı tövsiyə edirlər. Bu, xarici amillərin təsirini azaldır və daha etibarlı nəticə əldə etməyə imkan verir.
Təzyiqi necə düzgün ölçmək lazımdır?
Qol sabit səthin üzərində və ürək səviyyəsində olmalıdır. Bunun üçün masa və ya başqa uyğun dayaqdan istifadə etmək olar.
Oturarkən kürəyiniz dayağa söykənməli, ayaqlarınız yerə tam basmalı və bir-birinin üstünə keçirilməməlidir.
Ölçmədən əvvəl bir neçə dəqiqə sakit oturmaq, proses zamanı isə hərəkət etməmək və danışmamaq vacibdir. Hətta kiçik fiziki aktivlik və söhbət belə nəticəyə təsir göstərə bilər.
Beləliklə, arterial təzyiqi düzgün ölçmək üçün manjetin düzgün taxılması ilə yanaşı qolun mövqeyi, oturuş forması və ölçmə zamanı sakit qalmaq da mühüm əhəmiyyət daşıyır. Bu qaydalara əməl etməklə daha dəqiq nəticə əldə etmək və göstəricilərin yanlış qiymətləndirilməsinin qarşısını almaq mümkündür.