Bu gün Pedaqoji Universitetdə 2015-2016-cı tədris ilinin yaz semestrinin imtahan sessiyasının monitorinqi ilə bağlı tədbir keçirilib.
Lent.az-ın məlumatına görə, tədbirdə “Azərbaycan müəllimi” qəzetinin redaktoru Bayram Hüseynzadə, “Korrupsiyaya Qarşı Mübarizə Fondu”nun icraçı direktoru Vasif Mövsümov, “Konstitusiya” Araşdırmalar Fondunun prezidenti Əliməmməd Nuriyev, “Cəmiyyət və vətəndaş münasibətlərinin inkişafı” İctimai birliyinin icraçı direktoru Əhməd Abbasbəyli, Vətəndaşların Əmək Hüquqlarının Müdafiəsi Liqasının sədri Sahib Məmmədov, “Şəffaflıq Azərbaycan” İctimai Birliyinin qrant meneceri Zümrüd İsmayılova, digər qeyri-hökumət təşkilatlarının nümayəndələri və KİV təmsilçiləri iştirak ediblər.
Tədbirdə çıxış edən ADPU-nun rektoru vəzifəsini icra edən, professor Malik Cəbrayılov universitetdə yaz semestrinin imtahan sessiyasının obyektiv, şəffaf keçirilməsini təmin etməyin qarşıda duran əsas vəzifələrdən biri olduğunu vurğulayıb.
M.Cabbarov bildirib ki, hazırda yaz semestrinin imtahan sessiyasının gedişində yarana biləcək münaqişə və şikayətləri həll etmək üçün universitetdə 9 nəfərdən ibarət İmtahan qərargahı yaradılıb.
İmtahan qərargahının üzvləri tərəfindən hər hansı müraciətin araşdırılması və qəbul olunmuş qərar qarşı tərəfi qane etmədikdə və ya müraciətlər imtahan qərargahının səlahiyyətlərinə aid olmadıqda rektorluğa müraciət edilir və qarşı tərəfin iştirakı ilə məsələyə baxılır.
Rektorun sözlərinə görə, hazırda universitetdə test üsulunda keçirilən imtahanlar üçün 5 imtahan zalı fəaliyyət göstərir. Həmin zallarda 200 kompüter vasitəsi ilə təxminən 2000-dək tələbə imtahan verə bilər.
Rektor əlavə edib ki, hazırda ADPU-a birləşdirilən keçmiş Müəllimlər İnstitutunun tələbələri imtahanları yazılı, Pedaqoji Universitetin tələbələri isə test üsulu ilə verirlər: “ Ancaq növbəti 2016-2017-ci tədris ilindən vahid imtahan qaydası, yazılı imtahana keçirilməsi nəzərdə tutulur. Əlbəttə, burda da ictimai rəy nəzərə alınacaq və sonda ya test, ya da yazılı imtahan qaydası tətbiq ediləcək”.