AMEA-nın Ümumi yığıncağı və Təhsil Nazirliyinin Kollegiyasının birgə elmi sessiyası keçirilir. Lent.az-ın məlumatına görə, elmi sessiyada çıxış edən Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) prezidenti Akif Əlizadə AMEA və təhsil sistemində çalışan istedadlı gənclərin məlumat bazasının yaradılmasının vacibliyini ifadə edib. A. Əlizadənin sözlərinə görə, həmin gənclərin sosial vəziyyətlərindən tutmuş elmi nailiyyətləri, iş yerləri, vəzifələri, ailə vəziyyəti, mənzil şəraiti yoxlanmalı və təhlil edilmədir: “Gənclərlə bağlı bütün məlumatlar analitik təhlillər əsasında qurulmalıdır. Məqsəd yalnız elm və təhsilin inkişafı deyil, hər iki sahədə qarşılıqlı əlaqələrin gücləndirilməsi, ölkənin intellektual inkişaf modelinə əsaslanan strateji inkişaf modelini hazırlamaqdır”.
A. Əlizadə bildirib ki, son 4 ildə AMEA-da həyata keçirilən islahatların mühüm istiqamətlərindən birini elm və təhsilin inteqrasiyası təşkil edir: “Akademiyanın bir sıra institut və təşkilatlarında bəzi ali təhsil müəssisələrinin 20-yə yaxın baza kafedraları yaradılıb, birgə kadr hazırlığına dair əməkdaşlıq memorandumu imzalanıb. Elm və təhsilin inteqrasiyası sahəsində ən mühüm nailiyyət AMEA-da magistratura təhsilinin yaradılmasıdır”.
AMEA-da illərlə formalaşmış elmi potensialın ölkə səviyyəsində səmərəliliyini artırmaq üçün elmlə təhsilin inteqrasiyasının yeni, müasir modellərinin tətbiqinə ehtiyac olduğunu deyən AMEA prezidenti qeyd edib ki, alimlər təhsil prosesində yaxından iştirak etməli, auditoriyalara üz tutmalı, tələbələr isə elmi təhlil və təcrübələrin aparıldığı laboratoriyalara gəlməlidir. Təhsilin tələbləri elmi araşdırmalarda öz əksini tapmalıdır. Elmin tələbləri isə yetişməkdə olan gənc nəsildə formalaşmalıdır.