ARDNŞ naməlum blogger tərəfindən Azərbaycanın dövlət strukturlarının elektron məlumat bazasından ələ keçirildiyi iddia olunan bir neçə sənədin yayılması ilə bağlı açıqlamalarla əlaqədar bəyanat yayıb.
ARDNŞ-in mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, Azərbaycan neftinin beynəlxalq bazarlarda satışı ARDNŞ tərəfindən dünya standartlarına tam uyğun və şəffaf şəkildə təşkil olunmuşdur.Bu haqda hər həftə elan olunan tenderlərdə dünyanın bütün iri terydinq şirkətləri iştirak edir.
Həmin tenderlər beynəlxalq audit şirkətləri tərəfindən ciddi yoxlanılır. ARDNŞ bütün dünyada Mədən Sənayesində Şəffaflıq Təşəbbüsünün pioneri kimi tanınan Azərbaycan Respublikasında bu təşəbbüsü dəstəkləmiş ilk Şirkət olaraq Mühasibat Uçotunun Beynəlxalq Standartlarına keçid prosesini uğurla başa çatdırıb. Şirkətin konsolidasiya olunmuş bütün hesabatları beynəlxalq audit şirkətlərinin müsbət rəyini alıb. Eyni zamanda ARDNŞ 3 nüfuzlu beynəlxalq reytinq şirkəti tərəfindən müsbət reytinqlərə layiq görülmüşdür və həmin reytinqlər ilbəil artan istiqamətdə yenilənir.
Buna görə də ARDNŞ neft satışı üzrə beynəlxalq tenderlərdə qalib gəlmiş tərəf-müqabillərinin işgüzar xüsusiyyətlərini araşdırır, onlar haqqında nüfuzlu beynəlxalq bankların, bazar iştirakçılarının rəylərini öyrənməyə üstünlük verir. Eyni zamanda, həmin şirkətlərin maliyyə vəziyyəti haqqında beynəlxalq audit şirkətləri tərəfindən hazırlanmış maliyyə hesabatları da tələb olunur. Bütün bu məlumat və sənədlər ətraflı təhlil olunduqdan sonra ARDNŞ qarşı tərəflərlə əməkdaşlıq və ya qarşılıqlı fəaliyyət haqqında müqavilələr imzalayır və birgə çalışır. Sinqapurun “Sumato Energy PTE Limited” şirkəti ilə ARDNŞ-nin əməkdaşlığı 2010-cu ilin sonlarında başa çatıb. ARDNŞ ilə əməkdaşlıq etdiyi müddətdə həmin şirkət şəffaf və peşəkar fəaliyyət göstərmiş, neft satışı üzrə öhdəliklərinə vaxtlı-vaxtında əməl edib.
ARDNŞ vurğulayır ki, neft biznesində treydinq kampaniyalarla çalışmaq beynəlxalq bazarın zəruri şərtidir və bu təcrübədən analoji fəaliyyət göstərən bütün şirkətlər istifadə edir. Treydinq kampaniyaları dünya neft bazarının tənzimlənməsində mühüm rol oynayır. ARDNŞ əməkdaşlıq etdiyi bütün treydinq şirkətlərlə yanaşı, dünya neft bazarını da ciddi şəkildə izləyir. ARDNŞ bəyan edir ki, həyata keçirilən regional və qlobal əhəmiyyətli layihələr çərçivəsində qazanılan nailiyyətlərdən, Şirkətin beynəlxalq nüfuzunun yüksəlməsindən narahat olan bir sıra daxili və xarici bədxah qüvvələrin hansısa naməlum blogger tərəfindən guya Azərbaycanın dövlət strukturlarının elektron məlumat bazasından ələ keçirildiyi iddia olunan bir neçə sənədin yayılması ilə bağlı həqiqətə uyğun olmayan, əsassız açıqlamalarla çıxış etmələri şirkətimizin işgüzar nüfuzuna və uğurlu neft biznesinə heç bir şəkildə təsir göstərə bilməz.