"Avqust ayında Səhiyyə Nazirliyinin Toksikologiya şöbəsinə ilansancma ilə baǧlı ümumilikdə 14 müraciət daxil olub".
Bunu Lent.az-a açıqlamasında Kliniki Tibbi Mərkəzin Toksikologiya şöbəsinin müdiri Azər Maqsudov deyib.
Baş toksikoloqun sözlərinə görə, onlardan 9-u xəstəxanaya qəbul edilib: " İlansancma halları əsasən Yevlax, Şəmkir, Qəbələ, Şamaxı, Ağsu və Bakıətrafı kəndlərdə qeydə alınıb. Daxil olan ilansancma müraciətləri arasında ölüm halı olmayıb”.
Bu ilin avqust ayında Toksikologiya şöbəsinə 5 nəfər əqrəbsancma, 3 nəfər isə qaraqurd dişləməsi ilə baǧlı müraciət edib.
A.Maqsudov bildirib ki, ötən ay ərzində 11 nəfər dərmanların əks təsirinə və allergik reaksiyasına məruz qalıb. Dərman zəhərlənmələri əsasən antibiotiklərdən istifadə nəticəsində baş verib. 16 nəfər isə spirtli içki sərxoşluğu ilə bağlı şöbəyə müraciət edib.