Bu gün Səhiyyə Nazirliyində 2016-cı ilin yekunlarına həsr olunmuş kollegiya iclası keçirilib.
Lent.az-ın məlumatına görə, iclasda qeyd edilib ki, şəkərli diabet üzrə tədbirlər proqramı çərçivəsində hazırda 218 mindən çox şəkərli diabet xəstəsi daim dövlət hesabına dərman və özünənəzarət vasitələri ilə təmin olunurlar. Diabetli uşaqlar insulin şpris-qələmi ilə yanaşı, tədricən insulin pompası ilə təmin edilirlər. Hazırda 90 belə uşaq insulin pompası daşıyıcısıdır.
Dağınıq skleroz xəstəliyinin müalicəsi, profilaktikası və onunla mübarizə tədbirlərinə dair Dövlət Proqramı çərçivəsində 737 xəstənin dövlət tibb müəssisələrində müayinə və müalicəsi aparılır. Bütün xəstələr yüksək effektli dərman preparatları ilə pulsuz təmin olunurlar.
Respublikanın şəhər və rayonlarında fəaliyyət göstərən 39 mərkəzdə üç mindən artıq xəstə hemodializ seansları və müvafiq dərman vasitələri ilə tam həcmdə pulsuz təmin olunurlar. Diqqətə layiqdir ki, bu mərkəzlərdən 30-u bölgələrdə yerləşir.
2016-cı ildə Ağsu, Biləsuvar, Qusar, Göygöl rayonlarında yeni hemodializ şöbələri açılmış, bəzi mövcud mərkəzlərdə əlavə aparatlar quraşdırılıb.
Bundan başqa, Nazirlik tərəfindən son illər ərzində kadr hazırlığı sahəsində müstəsna əhəmiyyətli tədbirlər həyata keçirilib. İl ərzində 5399 həkim və 7942 orta tibb işçisi təkmilləşmə kurslarından keçib, 3331 həkim və 8608 orta tibb işçisi sertifikat alıb.
2016-cı ildə həkimlərin işə mərkəzləşdirilmiş qaydada test imtahanı ilə qəbul edilməsi davam etdirilib. Cari ildə keçirilmiş imtahanlar nəticəsində 351 həkim mərkəzləşdirilmiş qaydada işə qəbul olunub. Onlardan 171 nəfəri Respublikamızın müxtəlif regionlarında işlə təmin olunub.
2015/2016-cı tədris ilində rezidentura təhsilini bitirən həkim-mütəxəssislərin sayı 332 olub. Onlardan 271 həkim təyinatla iş yerlərinə göndərilib.