İyunun 10-da Azərbaycan Dillər Universitetində (ADU) təhsil naziri Mikayıl Cabbarovun “İmtahan sessiyasının təşkili və keçirilməsi barədə” əmrinə əsasən, imtahan sessiyasının gedişini izləmək üçün monitorinq keçirilib.
Lent.az-ın məlumatına görə, 2015-2016-cı tədris ilinin yay imtahan sessiyasının mövcud qaydalara uyğun təşkili, tələbələrin biliyinin qiymətləndirilməsində şəffaflığın, obyektivliyin və qərəzsizliyin təmin edilməsi məqsədi ilə universitetin Pedaqoji (ingilis dili-alman dili), Regionşünaslıq və Beynəlxalq münasibətlər, Magistratura və doktorantura fakültələrində keçirilən monitorinqdə Konstitusiya Araşdırmaları Fondunun rəhbəri, İnsan Haqları üzrə Birgə Qrupun üzvü Əliməmməd Nuriyev, təhsil üzrə ekspert Nadir İsrafilov, Azərbaycan Təhsil Şurasının sədri, professor Əjdər Ağayev, Korrupsiyaya Qarşı Mübarizə Fondunun icraçı direktoru Vasif Mövsümov, Azərbaycan Dövlət İnformasiya Agentliyinin nümayəndəsi, “Azərbaycan müəllimi” qəzetinin baş redaktoru Bayram Hüseynzadə, modern.az saytının rəhbəri Elşad Eyvazlı, media nümayəndələri, eyni zamanda tələbələrin valideynləri iştirak ediblər.
Sonra QHT, təhsil ekspertləri və media nümayəndələrinin iştirakı ilə bütün fakültələr üzrə imtahan yazı otaqlarına baxış keçirilib.
İzləmə prosesindən sonra qonaqları qəbul edən ADU-nun rektoru vəzifəsini icra edən professor Dünyamin Yunusov birgə fəaliyyətin obyektivliyin və şəffaflığın genişlənməsinə, yarana biləcək neqativ halların aradan qaldırılmasına kömək edəcəyini diqqətə çatdırıb.
Görüşdə imtahan prosesinin müvafiq qaydalara uyğun baş tutduğu qeyd edilib və İctimai Nəzarət Şurasının yaradılması təşəbbüsünü yüksək qiymətləndirərək ictimai nəzarətin tədris sisteminin bütün komponentlərini əhatə edərək bu sahədə əldə olunacaq nailliyyətlərdən də söz açılıb. İctimai Nəzarət Şurasının üzvləri Şura üzvləri ilə tələbələrin qarşılıqlı və mütəmadi əlaqədə olmalarına şərait yaradılması kimi təkliflər səsləndiriblər.
Daha sonra təhsil müəssisəsində ictimai iştirakçılıq və nəzarətin daha da gücləndirilməsi, şəffaflığın artırılması, proseslərin daha düzgün, obyektiv qiymətləndirilməsi, gələcəkdə ümumi işin keyfiyyətini artırmaq, təkmilləşdirmək, təhsil sistemində daha uğurlu islahatlara nail olmaq, fəaliyyəti səmərəli davam etdirmək, universitetlə ictimaiyyət arasında qarşılıqlı əlaqələrin təşkili, hüquqların müdafiə olunması, idarəetmə formalarının inkişafına şərait yaratmaq və təkliflərin verilməsi məqsədi ilə ADU İctimai Nəzarət Şurasına üzvlər seçilib.
Xatırladaq ki, “İctimai iştirakçılıq haqqında Azərbaycan Respublikasının Qanunu”na əsasən, ADU-nun 8 iyun 2016-cı il tarixli “Elmi Şura”sının qərarı ilə, ADU-da İctimai Nəzarət Şurası yaradılıb.