İslam Əməkdaşlıq Təşkilatına (İƏT) üzv ölkələrin əmək nazirlərinin Bakıda keçirilən ikinci konfransı başa çatıb. Bu barədə Lent. az-a Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən məlumat verilib. Konfransın sonunda Təşkilata üzv ölkələr arasında əmək və məşğulluq məsələləri ilə bağlı Bakı Çərçivə Sənədi, Bakı Bəyannaməsi və Əmək, məşğulluq və sosial müdafiə sahələrində əməkdaşlıq üzrə Qətnamə qəbul olunub.
Sənədlər Təşkilata üzv ölkələr arasında işsizliyin azaldılması, işçi qüvvəsinin rəqabət qabiliyyətinin artırılması və beynəlxalq standartlara çatdırılması, onun məhsuldarlıq səviyyəsinin yüksəldilməsi, təhsil sistemi ilə əmək bazarı arasında uyğunsuzluğun aradan qaldırılması, əməyin mühafizəsi, qeyri-leqal məşğulluq hallarına son qoyulması və digər sahələrdə uzunmüddətli əməkdaşlıq prioritetlərini nəzərdə tutur.
Bununla yanaşı, Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycan ərazisinin 20 faizinin işğal olunması, bir milyondan artıq azərbaycanlının doğma yurdlarından məcburən qaçqın və köçkünə çevrilməsi, o cümlədən işğal edilmiş ərazilərdə yüz minlərlə iş yerinin qalması konfransda vurğulanıb. Bununla bağlı olaraq, Konfrans iştirakçılarının yekdil rəyinə əsasən, qəbul olunmuş Qətnamədə Ermənistan silahlı qüvvələri tərəfindən Azərbaycanın işğal edilmiş ərazilərinin qeyd-şərtsiz boşaldılması barədə müddəa da əksini tapıb.
Eyni zamanda, İslam Əməkdaşlıq Təşkilatına üzv ölkələr arasında əmək və məşğulluq məsələləri ilə bağlı uzunmüddətli əməkdaşlıq prioritetləri üzrə əlaqələndirmə işlərini yerinə yetirmək üçün Təşkilatın xüsusiləşdirilmiş orqanının yaradılması, bu orqanın Bakıda fəaliyyət göstərməsi barədə Azərbaycan tərəfinin təklifi yekdilliklə dəstəklənib və qeyd olunan sənədlərə daxil edilib.