<b>Qurban bayramında ət kəsim məntəqələrində nəzarət gücləndiriləcək</b>
08 sentyabr 2016 11:54 (UTC +04:00)

Qurban bayramında ət kəsim məntəqələrində nəzarət gücləndiriləcək

 

Sentyabrın 12-13-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar respublika üzrə ət kəsim məntəqələrində dövlət baytarlıq nəzarəti gücləndiriləcək.

 

Kənd Təsərrüfatı Nazirliyi Dövlət Baytarlıq Xidmətinin mətbuat katibi Yolçu Xanvəli Lent.az-a açıqlamasında bildirib ki, hər il olduğu kimi bu il də Bakı və rayonlar üzrə ət kəsim məntəqələrinə nəzarət ediləcək.

 

Y.Xanvəlinin sözlərinə görə, bu il Bakı şəhəri üzrə 10 ət kəsim məntəqəsində DBNX-nin əməkdaşları xidmət göstərəcək: “ Hər il Qurban bayramı ərəfəsində bu məntəqələrə nəzarət bizə həvalə olunur. Bu məntəqələrin sırasına “Nəfis MMC” ət və ət məhsulları emalı müəssisəsi, Nizamı rayonu, B. Çobanzadə küçəsində yerləşən  “Heyvan kəsimi və satış pavilyonu”, Binəqədi rayonu, Atatürk prospekti ilə Heydər Hüseynov küçəsinin kəsişməsində yerləşən heyvan kəsimi və satış məntəqəsi, Nərimanov rayonunda yerləşən “Keşlə” ticarət mərkəzi, Xəzər rayonu, Buzovna qəsəbəsində yerləşən “AzProtein FOODS GROUP ət kəsimi zavodu, Qaradağ rayonu, Lökbatan qəsəbəsində yerləşən “Qoç ət” heyvan kəsim məntəqəsi, Nizami rayonunda yerləşən “Bəsit” heyvan kəsim məntəqəsi, Səbail rayonu, Bayıl qəsəbəsində yerləşən “ Əliyev Hamlet Soltanoğlu” adına heyvan kəsim məntəqəsi, Nərimanov rayonunda yerləşən “Ucal Ergün “adına ərzaq kəsim məntəqəsi, Xəzər rayon, Binə qəsəbəsində yerləşən “Öz fermamızdan” kəsim sexi daxildir. Bu kəsim məntəqələrində laboratoriyalar da mövcuddur”.  

 

Qurum rəsmisi bildirib ki, əgər bayramla əlaqədar əlavə yarmarkalar və ya yeni kəsim məntəqələri yaradılarsa, həmin yerlərə də  həkim təhkim olunacaq: “Yeni yaradılacaq kəsim məntəqələri və yarmarkalarla bağlı siyahı hələ bizə təqdim olunmayıb. Təqdim edilərsə, hər kəsim məntəqəsinə 3-4 nəfərdən ibarət həkim heyəti və DBNX-nin mütəxəssisləri yönləndiriləcək”.

 

Y.Xanvəli vurğulayıb ki,  bayram ərəfəsində heyvanın sağlamlıq arayışının olmaması,  ət kəsimi və ya gətirilməsində xətalar müşahidə edilərsə,  qanunvericiliyə uyğun cəza tədbirləri görüləcək.

 

Qeyd edək ki, sentyabrın 12-13-də qeyd olunacaq Qurban bayramı ilə əlaqədar dövlət baytarlıq nəzarətinin gücləndirilməsi haqqında Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Nəzarəti Xidməti tərəfindən (DBNX) əmr verilib.

 

İmzalanmış əmrdə rayon, şəhər baytarlıq idarələrinin rəislərinə tapşırılır ki, Qurban bayramı ilə əlaqədar olaraq heyvanların kütləvi halda satışı və kəsimi üçün xüsusi ayrılmış yerlərdə heyvanların sağlamlığının müəyyən olunması, həmçinin baş verə biləcək təhlükəli xəstəliklərin qarşısını almaq, ətin və ət məhsullarının qanunvericiliklə müəyyən edilmiş qaydada baytarlıq-sanitariya ekspertizasının aparılmasına dövlət baytarlıq nəzarətini gücləndirisinlər. Bu məqsədlə heyvan satışı və kəsimi yerlərinə baytarlıq mütəxəssisləri təhkim olunub.

 

Həmçinin, rayon və şəhərə satış üçün gətirilən iribuynuzlu və xırdabuynuzlu heyvanların sağlamlıqları barədə baytarlıq şəhadətnamənin olmasının müəyyənləşdirməsi, bunun nəticəsindən asılı olaraq müvafiq tədbir görülməsi, qurbanlıq heyvanların qəbulunda, saxlanmasında və kəsilməsində baytarlıq-sanitariya qaydalarına ciddi əməl edilməsi tapşırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 345

Oxşar yazılar