Hava kəskin soyuyacaq
07 yanvar 2013 13:36 (UTC +04:00)

Hava kəskin soyuyacaq

0

Temperatur 5-10 dərəcə düşəcək, qar yağacaq, yollar buz bağlayacaq


 

Bir neçə gün davam edən, qış üçün nisbətən mülayim havadan sonra yanvarın 9-da Bakı və Abşeron yarımadasında hava şəraitinin kəskin dəyişiləcəyi gözlənilir. Bu barədə APA-ya açıqlamasında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentinin Hidrometeoroloji Proqnozlar Bürosunun direktoru Umayra Tağıyeva bildirib.

 

 

U. Tağıyeva deyib ki, yanvarın 9-u və 10-da havanın temperaturu ötən günlərlə müqayisədə 5-10 dərəcə enəcək. Yanvarın 9-u axşam saatlarında və 10-da havanın gün ərzində fasilələrlə yağıntılı olacağı, sulu qar və qar yağacağı proqnozlaşdırılır. Bu proses şimal küləyinin güclənməsi ilə müşahidə olunacaq.

 

Yanvarın 9-10-da küləyin maksimal sürəti saniyədə 15-20, arabir 25 metrə çatacaq. Havanın temperaturu yanvarın 9-da gecə 0-2 dərəcə isti, gündüz 2-4 dərəcə isti müşahidə olunacaq. Yanvarın 10-da gecə və gündüz saatlarında temperatur rejimi eyni olacaq. Həmin gün 1 dərəcə istidən 2 dərəcəyədək şaxta müşahidə olunacaq.

 

Azərbaycanın rayonlarında isə havanın yağıntılı olacağı, sulu qar və qar yağacağı gözlənilir. Yağıntıların bəzi rayonlarda intensivləşəcəyi də proqnozlaşdırılır. Bu proses yanvarın 8-i axşam şimal və qərb rayonlarından başlayacaq və yanvarın 11-i səhərədək davam edəcək.

 

Havanın temperaturunun kəskin aşağı enməsi, havanın şaxtalı olması ilə əlaqədar yolların buz bağlayacağı ehtimalı var.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 4233

Oxşar yazılar