Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinə (NİİM) məxsus “Avto FM” radiosu bağlanmayıb.
Bunu Nəqliyyatın İntellektual İdarəetmə Mərkəzinin mətbuat katibi Rauf Mirqulamov Lent.az-a açıqlamasında deyib.
R.Mirqulamov bildirib ki, radio bağlanmayıb: “ Avto FM” radiosu sadəcə Bakı Nəqliyyat Agentliyinə verilib və bu gündən Nəqliyyat Agentliyinin nəzdində fəaliyyət göstərəcək. Radionun fəaliyyətində ciddi bir dəyişiklik yoxdur. NİİM arasındakı müqaviləyə əsasən yayıma adıçəkilən şirkət çıxırdı. Prezident İlham Əliyev tərəfindən 16 mart 2016-cı il tarixli Lisenziyalar və İcazələr Haqqında Qanuna Əlavələr Haqqında Sərəncam imzalanıb. Lisenziyalar və İcazələr Haqqında Azərbaycan Respublikasının qanunun 5.4 bəndinə əsasən lisenziyanın sahibi lisenziyadan yalnız özü istifadə edə bilər və onu başqa şəxsə verə bilməz.
Bunu əsas tutaraq Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi və “Avto FM” MMC arasında olan yayım müqaviləsinə bir ay əvvəl xəbərdarıq edilməklə 1 sentyabr 2016-cı il tarixindən xitam verilib".
Qurum rəsmisi deyib ki, radionun adı da dəyişdirilib: " Avto FM" radiosu artıq "Avto Radio" adı altında fəaliyyət göstərəcək. Radio öz fəaliyyətinə əvvəl də olduğu templə davam edəcək”.
Qeyd edək ki, Avto Radionun əsas məqsədi Bakı şəhərində nəqliyyatın vəziyyəti haqqında yol hərəkəti iştirakçılarını operativ olaraq məlumatlandırmaq, sürücülərin hüquqi maariflənməsi üçün nəzərdə tutulan media məhsullar istehsal etməkdir.