Bu gün Prezident İlham Əliyev Abşeronun Hökməli qəsəbəsində “AzFP CO LTD” MMC-nin tərkibində fəaliyyət göstərən birdəfəlik plastik qablar, priforminqlər, polistirol və polipropilen kisələr, süd məhsulları və dondurma istehsalı zavodlarının açılışında iştirak edib. Lent. az-ın məlumatına görə, “AzFP CO LTD” MMC-nin sədri Manuçehr Əhədpur Xangah dövlət başçısına məlumat verib ki, 2006-cı ildən fəaliyyət göstərən şirkət tərəfindən Abşeron rayonunda yaradılan bu zavodlar və meyvə-tərəvəz soyuducu anbarları sahibkarlığın inkişafına göstərilən diqqətin bariz nümunəsidir. Müəssisələrdə 1500 nəfər işlə təmin olunacaq. Bu zavodların fəaliyyətə başlaması heyvandarlığın inkişafına müsbət təsir edəcək. Zavodların yerləşdiyi ərazi ümumilikdə 8 hektardır. Müəssisələr ən son texnologiyalar əsasında yaradılıb, ərazidə geniş yaşıllıq işləri görülüb.
Prezidenti zavodu işə salıb.
Prezident İlham Əliyev zavodun istehsal prosesi ilə tanış olub.
Bildirilib ki, zavodun tikintisinə 45 milyon manat vəsait sərf olunub.
Prezident İlham Əliyev polistirol və polipropilen kisələr istehsalı zavodunun fəaliyyəti ilə də tanış olub. Diqqətə çatdırılıb ki, bu müəssisənin yaradılmasına beş milyon manat investisiya qoyulub. Burada istehsal sahəsi iki hissədən ibarətdir. Müəssisə gün ərzində 13 çeşiddə 125 min kisə istehsal etmək gücünə malikdir. Sifarişə əsasən istehsal edilən kisələrin üzərində loqolar və reklamlar çap olunur.
Sonra Prezident İlham Əliyev süd məhsulları və dondurma istehsalı zavoduna gəlib.
Bildirildi ki, “Milla” brendi altında fəaliyyət göstərən zavoda 49 milyon manat investisiya qoyulub. Bu istehsal müəssisəsi ən müasir standartlara cavab verir. Müəssisədəki texnoloji avadanlıq Avropadan dəvət olunan mütəxəssislər tərəfindən quraşdırılmış və istismara verilmişdir.
Dövləts başçısı süd və dondurma istehsalı zavodunda buraxılan məhsulların nümayiş etdirildiyi stendlə tanış olub.
Məlumat verilib ki, müəssisənin gündəlik istehsal gücü 250 ton təşkil edir.
Prezident İlham Əliyev müəssisənin fəaliyyəti ilə bağlı tapşırıq və tövsiyələrini verib.