<b>Prezident məscid və teatrın açılışında iştirak edib</b> - YENİLƏNİB
24 dekabr 2016 18:17 (UTC +04:00)

Prezident məscid və teatrın açılışında iştirak edib - YENİLƏNİB

Dekabrın 24-də İçərişəhərdəki “Bəylər” məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatı olub.

 

 

Lent.az-ın AzərTAc-a istinadən məlumatına görə, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin rəisi Əsgər Ələkbərov dövlət başçısına və xanımına bildirib ki, 1895-ci ildə inşa olunan “Bəylər” məscidi də yerli əhəmiyyətli tarix-memarlıq abidəsidir.

Qeyd olunub ki, İçərişəhər ərazisində inşa olunan bu sonuncu məscid zalın böyüklüyünə və tikinti quruluşuna görə digər dini abidələrdən fərqlənir. Onun inşasında Avropa, Şərq, eləcə də yerli memarlığın konstruktiv prinsiplərindən istifadə olunub. Memarlıq abidəsi qədim məscidin yerində tikilib.

“Bəylər” məscidində bərpa və konservasiya işləri “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin dəvət etdiyi avstriyalı məşhur bərpaçı ekspert Erix Pummer tərəfindən aparılıb. 2014-2015-ci illərdə görülən işlər zamanı məscidin bərpasında “İçərişəhər Ənənəvi İncəsənət Mərkəzi” də iştirak edib, qapı və pəncərələri memarlıq elementləri ilə bəzəyib. Nəticədə təyinatına uyğun muzeyləşdirilən məsciddə “Müqəddəs əmanətlər” ekspozisiyası yaradılıb.

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyevanın diqqətinə çatdırılıb ki, ekspozisiyada İslam dininin müqəddəs əmanəti olan müxtəlif dövrlərə aid qədim “Qurani-Kərim” kitabları nümayiş etdirilir. Burada 73 Quran, 7 dini kitab, 19 dini atribut - ümumilikdə, 99 eksponat nümayiş olunur. Yanğından hifz olunan kitabların vərəqləri, Dərbənd məscidinə aid və axund tərəfindən divara hörülərək qorunan Quran, eləcə də burada nümayiş etdirilən Quranın cüzləri ekspozisiyada diqqəti cəlb edən eksponatlardır. Azərbaycanın müxtəlif regionlarından toplanılan müqəddəs əmanətlər yanğına məruz qalan kitabxanalar və şəxsi mülklərdən aşkar edilib.

 

Dekabrın 24-də İçərişəhərdə Marionet Teatrının da açılışı olub.

 

Açılışda iştirak edən prezident İlham Əliyev və xanımına görülən işlərlə bağlı ətraflı məlumat verilib.

 

Bildirilib ki, Müslüm Maqomayev 20 ünvanında yerləşən Marionet Teatrının binası 1880-ci ildə antik obraz və motivlərdən istifadə edilərək neoklassisizm üslubunda inşa olunub. Yerli əhəmiyyətli tarixi-memarlıq abidəsi olan bina Bakı zadəganlarından olan Səlimxanovlara aid idi. Tarixi binanın fasadında XIX əsrin sonuna xas klassik rus memarlığı elementlərindən və Avropa dekorlarından istifadə edilib.

Qeyd olunub ki, milli dəyərlərə bağlılığı qorumaq və mədəni irsimizi gələcək nəsillərə ötürmək məqsədilə “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin nəzdində Marionet Teatrı 2013-cü ildən fəaliyyət göstərir. Tarixi və mədəni irsimizin, milli-mənəvi dəyərlərimizin qoruyucusu olan, onu beynəlxalq aləmdə tanıdan Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın xüsusi dəstəyi ilə teatrın fəaliyyətinin genişləndirilməsi istiqamətində kompleks işlər həyata keçirilib. Nəticədə teatr üçün İçərişəhərdə bina ayrılıb və bu binanın teatrın fəaliyyətinə uyğunlaşdırılması işləri uğurla tamamlanıb. Teatrda istifadə olunan kuklalar buradakı emalatxanada hazırlanacaq.

Marionet Teatrı fenomeni yetərincə maraqlı olmaqla yanaşı, dünyada populyar olan teatr incəsənəti janrlarındandır. Bu janr teatr növləri arasında çox çətin başa gələn və eyni zamanda, ən maraqlı və cəlbedici sayılanlardan biridir. Çətin olduğuna görə, əksər ölkələrdə belə teatr ənənəsi mövcud deyil. Azərbaycanda Marionet Teatrı ilk dəfə 1980-ci illərin ortalarında rejissor və rəssam Tərlan Qorçunun təşəbbüsü ilə yaranıb.

 

Sonra Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva teatrın səhnəsində marionet kuklalarının ifasında “Leyli və Məcnun” operasından bir hissəyə tamaşa ediblər.

 

Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva burada İçərişəhər Ənənəvi İncəsənət Mərkəzinin yeni “Şirvanşahlar” kolleksiyası ilə də tanış olublar.

İncəsənət Mərkəzi 2012-ci ilin oktyabrında Heydər Əliyev Fondunun təşəbbüsü ilə Nazirlər Kabineti yanında “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsi və Londonda yerləşən Ənənəvi İncəsənət üzrə Şahzadə Məktəbi arasındakı razılaşma əsasında yaradılıb.

 

***

 

13:01

 

 

İçərişəhərdə Marionet Teatrının açılışı olub.

Lent.az-ın AzərTac-a istinadən məlumatına görə, açılışda  Prezident İlham Əliyev və xanımı Mehriban Əliyeva da iştirak ediblər.

Azərbaycan Prezidenti və xanımı teatrın binasında yaradılan şəraitlə tanış olublar.

 

Dövlət başçısı xanımı ilə birgə İçərişəhərdəki “Bəylər” məscidinin bərpa və konservasiya işlərindən sonra təqdimatında da iştirak edib.

Prezident İlham Əliyev və xanımı məsciddə yaradılan “Müqəddəs əmanətlər” ekspozisiyası ilə tanış olublar.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 175

Oxşar yazılar