<span style="color:red;">Regionlarda səhiyyə:  yeni xəstəxana binalarında çatışmayan həkimlər - <span style="color:red;">REPORTAJ
26 sentyabr 2016 14:05 (UTC +04:00)

Regionlarda səhiyyə: yeni xəstəxana binalarında çatışmayan həkimlər - REPORTAJ

 

Regionlarda yaşayan əhalinin tibbi xidmətlərlə keyfiyyətli şəkildə təmin olunması məqsədi ilə bütün növ müayinə və müalicə, həmçinin, ən ağır əməliyyatların icrasına imkan verən müasir səhiyyə müəssisələri yaradılıb.

 

Səhiyyə Nazirliyi ictimaiyyəti bu barədə məlumatlandırmaq üçün regionlarda yerləşən tibbi müəssisələrə media turlar təşkil edir. Növbəti media tur çərçivəsində 23-24 sentyabr tarixlərində mətbuat nümayəndələri Göygöl RMX və Yevlax RMX-larında olublar.

 

İlkin olaraq Göygöl Rayon Mərkəzi Xəstəxanasına baş çəkən media nümayəndələri xəstəxanadakı vəziyyətlə tanış olduqdan sonra onları maraqlandıran sualları xəstəxananın baş həkimi Hamlet Ömərova ünvanlayıblar.

 

Göygöl Rayon Mərkəzi Xəstəxanasının 1930-cu ildən fəaliyyət göstərdiyini deyən baş həkim H. Ömərov bildirib ki, 2009-cu ildən xəstəxana yeni korpusda fəaliyyət göstərir: “Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət Proqramı"na uyğun olaraq 2009-cu ildə mayın 25-də xəstəxana kompleksi tikilərək Göygöl sakinlərinin istifadəsinə verildi. Xəstəxanaya 2009-cu ilə qədər 1 ildə 3 minə yaxın xəstə daxil olurdusa, 2015-ci ildə artıq  5800-ə yaxın xəstəyə xidmət göstərilib.  Bundan əlavə, 2007-ci illə müqayisədə xəstəxanamızda 1 ildə  400-ə yaxın körpə dünya gəlirdisə, 2015-ci ildə artıq 2 min 38 yenidoğulmuş olub. 2007-ci ildə xəstəxananın cərrahiyyə şöbəsində cəmi 400-500 cərrahiyə əməliyyatı aparılırdısa, 2015-ci ildə 1670 cərrahiyyə əməliyyatı gerçəkləşdirilib. Cari ildə əhalinin icbari tibbi müayinəsi keçirildi. Rayonun ümumilikdə 62 min əhalisi var ki, onlardan 47 mini 18 yaşdan yuxarı sakinlərdir.  Bu il rayon əhalisinin 38 mini tibbi müayinəyə cəlb olundu, aşkarlanan xəstələrin əksəriyyəti ambulator və stasionar müalicəyə cəlb edildi. Cəmi 21 nəfər ixtisaslaşmış yardım almaq üçün Bakıya göndərilib. Ümumiyyətlə xəstəxananın intensiv və extensiv göstərişlərində irəliləyişlər var”.

 

Gəncə Səhiyyə İdarəsi ilə daima əlaqəli şəkildə işlədiklərini deyən baş həkim deyir ki, xəstəxanada aparılması mümkün olmayan bəzi müayinələr üçün Gəncə Səhiyyə İdarəsinə müraciət edilir.

 

Xəstəxananın su təchizatı üçün 200 kub metr həcmində içməli su hovuzu  və eyni həcmdə də yanğınsöndürmə hovuzu var.

 

Həkim deyir ki, xəstəxanada yaradılan bu şərait  müsbət nəticələr əldə etməyə kömək edib: “Artıq neçə ildir ki, rayonumuzda 1 yaşa qədər uşaqların ölüm sayı azalıb.  2-3 ildir ki, xəstəxanamızda ana ölümü yaşanmır. Bundan başqa, xəstəxanamızda digər endokrin xəstəliklərin vaxtında aşkarlanması, müalicəsi, profilaktik müayinələrin aparılması artıq mümkündür. Rayonumuzda uşaqların peyvəndlə əhatəsi  97,8%  təşkil edib.  Bu günə qədər bizim rayonda qarayara, göyöskürək, tetanus və digər infeksion xəstəliklər müşahidə olunmur. Göygöl rayonunda  malyariya xəstəliyi demək olar ki, heç yoxdur. Sadəcə təsadüfi hallarda ola bilər ki, o da həmin şəxs başqa yerdə yoluxub gəlir, bizə müraciət edir, onun da davamlı müalicəsi xəstəxanamızda davam etdirilir”.

 

Bununla belə, rayonun həkim məntəqələrində, eləcə də xəstəxananın özündə ciddi həkim çatışmazlığı var.

 

Belə ki, xəstəxanada ümumi həkim ştatının sayı 124 olmasına baxmayaraq, cəmi 78 həkim işləyir. 230-a yaxın orta tibb işçisi ştatı var, ancaq 30 tibb işçisi çatışmır. Bundan başqa, rayonda fəaliyyət göstərən 10 həkim məntəqəsinin sadəcə 3-də həkim mövcuddur.

 

Daha sonra Yevlax Şəhəri Mərkəzi Xəstəxanasında olan jurnalistlər xəstəxananın stomatologiya, kompüter-tomoqrafiya, rentgen və digər şöbələrindəki vəziyyətlə tanış olublar.

 

Yevlax Rayon Mərkəzi Xəstəxanasının baş həkimi İlhami Quliyev bildirib ki, xəstəxana 2013-cü ildə istifadəyə verilib: “176 çarpayılıq xəstəxanada terapiya, cərrahiyə, reanimasiya, doğum, ginekologiya, travmatologiya, poliklinika və başqa şöbələr fəaliyyət göstərir. Ötən il ərzində xəstəxanaya 3500-4000-ə qədər xəstə qəbul olunub. Bunlardan 94 xəstə ixtisaslaşmış müalicə üçün Bakı və digər regionlara göndərilib. Göndərilənlərin əksəriyyəti vərəm, onkoloji xəstələr olub”.

 

Baş həkimin sözlərinə görə, Yevlax sakinləri arasında əsasən şəkər, endemik ur ( zob), onkoloji, ürək-damar xəstəliklərinin sayı artıb: “Xəstəxanamıza ən çox bu xəstəliklərlə bağlı müraciət olunur. Artıq 7 ilə yaxındır Yevlaxda ana ölümü qeydə alınmır.  Çünki şəhərimizdə  qadın məsləhətxanalarının fəaliyyətini gücləndirmişik. Kəndlərdə, eləcə də şəhərin özündə həkim briqadaları var ki, tərkibinə  mama-ginekoloq, pediatr, terapevt, laborator mütəxəssislər daxildir. Bu həkim briqadaları hər 3 aydan yerlərdə patologiyalı hamilələri aşkarlayıb onlar üçün lazımı tədbirləri görürlər. Bu da ana ölümünün qarşısını almağa  kömək edir”.

 

Yevlax Şəhər Mərkəzi Xəstəxanasında 218 həkim, 564 orta tibb işçisi çalışır.

 

Baş həkim bildirib ki, indiyə qədər aparılan “Nikahdan əvvəl müayinə” zamanı 25 nəfərdə talassemiya aşkarlanıb.

 

Qeyd edək ki, xəstəxanada fəaliyyət göstərən hemodializ şöbəsində 65 xəstə qeydiyyatdadır ki, onlardan 30 nəfər yerli sakinlərdir. 

 

Media tur çərçivəsində Gəncə şəhərinin Səhiyyə İdarəsində mətbuat konfransı keçirilib.

 

Konfransda çıxış edən Gəncə Səhiyyə İdarəsinin rəis müavini Akif Zərbəliyev bildirib ki, hazırda idarənin tabeliyində 35 müəssisə fəaliyyət göstərir. Bu müəssisələrdən 16-sı stasionar, 19-u poliklinik tiplidir: “Şəhərdə ixtisaslaşmış sahələr üzrə Psixiatriya xəstəxanası, Endokrinoloji Xəstəxana, Vərəm Əleyhinə Xəstəxanası, Oftalmoloji  Xəstəxana, Yoluxucu xəstəliklər xəstəxanası, Kardioloji Xəstəxana, Onkoloji Xəstəxana, Narkoloji Dispanser və Psixonevroloji dispanser ixtisaslaşmış tibbi xidmət göstərir.

 

Abbas Səhhət  adına 1 saylı şəhər  xəstəxana, terapiya, cərrahiyyə, urologiya, travmatologiya, anesteziologiya-reanimasiya, doğum şöbələrindən, bundan başqa şüa diaqnostikası, laboratoriya, fizioterapiya bölmələrindən ibarətdir. 2013-cü ildən xəstəxananın nəzdində fəaliyyətə başlayan 40 çarpayılıq hemodializ şöbəsində hazırda 250 nəfərədək xəstə proqramlı hemodializ olunur. Gəncədə hazırda 1915 onkoloji xəstə qeydiyyatdadır”.  

 

 A. Zərbəliyev bildirib ki, bu il mayın 13-də Səhiyyə Nazirliyinin akad. Z.Əliyeva adına Elmi-Tədqiqat Göz xəstəlikləri  İnstitutunun  Gəncə şəhərində filialı istifadəyə verilib. Səhiyyə İdarəsinin tabeliyində olan tibb müəssisələrində 794 həkim, onlardan 1 tibb elmləri doktoru, professor, 12 tibb elmləri namizədi, 1636 tibb bacısı işləyir.

 

Konfransda çıxış edən Gəncə Şəhəri Təcili və Təxirəsalınmaz tibbi yardım stansiyasının baş həkimi Namiq Nəbiyev deyib ki, stansiyanın şəhərin müxtəlif 4 müxtəlif istiqamətlərində bölmələri var: “Stansiyamıza gün ərzində 240-270, ay ərzində 70-75 min, il ərzində isə 90-95 min çağırış daxil olur. Bu ilin yanvar-iyul ayları ərzində Təcili Tibbi Yardıma 46126 müraciət daxil olub, onlardan 1660-ı uşaqlarla bağlı olub. Müraciət edənlərdən 604 nəfər stasionar müalicə üçün xəstəxanalara yerləşdirilib. İxtisaslaşdırılmış tibbi yardım göstərilənlərin sayı 4176 nəfər olub. Bu il ərzində stansiyamıza 3265 kardioloji, 211 isə psixiatrik problemlə bağlı çağırışlar daxil  olub. Bu ilin yanvar-iyul ayları ərzində stansiyamıza doğum və hamiləlik patologiyası ilə bağlı 197, bədbəxt hadisələrlə bağlı 309 müraciət daxil olub. Onlardan 26-sı nəqliyyat hadisəsi ilə əlaqəli olub. Nəticəsiz çağırışların sayı isə 283-dür”.

 

Gəncə Şəhəri Gigiyena və Epidemiologiya Mərkəzinin direktor müavini Hüriyyə İsmayılova çıxışında bildirib ki, hazırda Gəncədə yoluxucu xəstəliklərin sayı kəskin azalıb, malyariya xəstəliyi ilə demək olar ki ləğv olunub.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 441

Oxşar yazılar