Birgə layihə və proqramların icrasına dəstək veriləcək
Bu gün Neapol Şərq Universitetinin prorektoru, professor Cüzeppe Kataldi və həmin universitetin professoru Mikele Bernardini Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunda olublar.
Lent.az-ın verdiyi məlumata görə, italiyalı alimlər Şərqşünaslıq İnstitutunun direktoru, professor Gövhər Baxşəliyeva ilə görüşüblər.
Gövhər Baxşəliyeva institutun yaranma tarixi və ötən 54 ildə fəaliyyəti, institutun elmi istiqamətləri, fəaliyyət göstərən şöbələrdən danışıb. Şərqşünaslıq İnstitutunda ilk vaxtlardan ənənəvi istiqamətlər – ərəbşünaslıq, iranşünaslıq və türkologiya istiqamətində araşdırılmalar aparıldığını deyən Gövhər Baxşəliyeva son zamanlar Mərkəzi Asiya və Uzaq Şərq regionlarının da institutda tədqiqatlar dairəsinə daxil olduğunu və bu istiqamətdə ayrıca bir şöbənin fəaliyyət göstərdiyini nəzərə çatdırıb. İnstitutda çap olunan kitablar haqqında məlumat verən Gövhər Baxşəliyeva İtaliya və Azərbaycan arasında tarixi əlaqələrdən də söz açıb, xüsusən də Səfəvilər dövründə Azərbaycanın İtaliyada səfirlərinin olduğunu xatırladıb.
Cüzeppe Kataldi isə qeyd edib ki, 300 yaşı olan Neapol Şərq Universiteti ilk öncə çinşünaslıq sahəsində bir kollec kimi yaradılıb. Bu kollec Avropada çinşünaslıq sahəsində ilk təhsil müəssisəsi olub. Hazırda universitetdə humanitar elmlər sahəsində tədris və tədqiqatlar aparılır. O, Neapol Şərq Universitetinin AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu ilə əlaqələrin qurulmasında çox maraqlı olduğunu söyləyib və bu əməkdaşlığın hər iki tərəfə böyük fayda verəcəyindən əminliyini bildirib. İtaliyalı mütəxəssis hər iki ölkə alimlərinin birgə layihələrinin keçirilməsi perspektivlərindən danışıb.
Daha sonra italiyalı mütəxəssislər AMEA Mərkəzi Elmi Kitabxanasının Şərq fondu, kitabxananın əsas qiraət zalı, AMEA-nın konfrans zalı, Şərqşünaslıq İnstitutunun kitabxanası ilə tanış olublar. Sonra onlar Şərqşünaslıq İnstitutunun kollektivi ilə görüşüblər. Cüzeppe Kataldi və Mikele Bernardini azərbaycanlı alimlərə Neapol Şərq Universitetində şərqşünaslıq sahəsində aparılan tədqiqatlardan danışıblar. Eyni zamanda Şərqşünaslıq İnstitutunun alimləri də öz elmi fəaliyyətləri haqqında məlumat veriblər.
Görüşün sonunda AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu və Neapol Şərq Universiteti arasında qarşılıqlı anlaşma haqqında müqavilə imzalanıb. Müqaviləni Azərbaycan tərəfindən Gövhər Baxşəliyeva, İtaliya tərəfindən Cüzeppe Kataldi imzalayıblar. Müqavilədə müəssisələrin tədqiqatçı, aspirant və tələbələrinin mübadiləsinə yardım göstərilməsi, əməkdaşların elmi ixtisasının artırılması sahəsində qarşılıqlı yardım, qabaqcıl metodlar sahəsində təcrübə mübadiləsi, ikitərəfli birgə simpozium, seminar və konfransların təşkili, qarşılıqlı maraqlar əsasında birgə layihə və proqramların icrasına dəstək verilməsi nəzərdə tutulur.