GÜNÜN ŞƏRHİ
Türkiyəni Yaxın Şərq bataqlığında batırmaq istəyənlər öz məqsədlərinə addım-addım nail olurlar. Zatən yürüdülən siyasət ölkəni illərdir bu bataqlığa doğru sürüyürdü. Qapılarını suriyalı qaçqınların üzünə açan Türkiyə üzləşdiyi problemlərdən sonra Suriyadakı proseslərə müdaxilədən nisbətən çəkinməyə başlamışdı. Lakin Rusiyanın Suriyaya hərbi müdaxiləsi vəziyyəti kökündən dəyişdi və Türkiyəni Qərb-Rusiya qarşıdurmasının ön cəbhəsinə çevirdi. Rusiya təyyarələrinin Türkiyənin hava sərhədlərini pozması, ardınca NATO və Qərb liderlərinin Ankaraya “qorxma, qorxma” mesajları təhlükənin miqyasını artırırdı. Bu addımlar Türkiyəni yenidən bataqlığa soxmaq və bataqlıqda batırmaq məqsədi daşıyırdı. Yaranmış situasiya rəsmi Ankaranın səbirli siyasət yürütməsini və təxribatlara uymamasını tələb edir, lakin Suriya sərhədində təyyarə vurulması göstərir ki, hökumət situasiyanı lazımınca dəyərləndirə bilmir. Vurulan təyyarənin hansı ölkəyə məxsus olması sual altındadır, böyük ehtimalla bu Rusiya, ya İran pilotsuz uçuş aparatıdır. Amma istənilən halda bu insident Türkiyə-Rusiya, yaxud Türkiyə-İran münasibətlərini gərginləşdirəcək. Bu gərginliyin açıq münaqişə həddinə keçməsinin isə hansı nəticəyə gətirib çıxaracağını yalnız təxmin etmək olar. Türkiyədən açıq-aşkar Suriya qoxusu gəlir....