“Hazırda ali məktəblərdə əksər tələbələr tədris ilini başa vursa da, təhsil haqqını ödəyə bilməyib. Bu tələbələr üçün Maarifçi Tələbə Kredit Fondundan yararlanmaq çox gözəl bir məqamdır”.
Lent.az-ın məlumatına görə, bunu Maarifçi Tələbə Krediti Fondunun fəaliyyətə başlamasına dair keçirilmiş media-brifinqdə Təhsil Nazirliyinin elm, ali və orta ixtisas təhsili şöbəsinin sektor müdiri Sülhəddin Gözəlov deyib.
S.Gözəlov bildirib ki, I kursdan sonra II, III və IV kurslarda tələbələr illik ödənişi birdən yox, hissə-hissə verirlər. Təhsil naziri də universitetlərə tələbələrə semestr üzrə ödəniş etmək imkanı yaratmalarına dair tövsiyə edib: “ Həmçinin aztəminatlı, sosial durumu biraz zəif olan tələbələr təhsil haqqını semestrin axırına kimi ödəyə bilmirlər. Belə hallarda universitetlər onları bir neçə imtahana şərti olaraq buraxırlar ki, imtahanları versinlər. Ancaq təhsil haqqı bütün təhsil ili ərzində ondan tələb olunacaq".
S.Gözəlov qeyd edib ki, bu il üçün tələbə kreditləri yalnız bakalavrlara aid ediləcək:” Ancaq bu o demək deyil ki, magistr və doktorantlara bunlar şamil edilməyəcək. Gələcəkdə bu kredit sistemi magistr və doktorantlara da tətbiq oluna bilər”.
Maarifçi Tələbə Kredit Fondunun icraçı direktoru Rüfət Mahmud isə bildirib ki, gələcəkdə tələbələrə yaşayış krediti vermək üçün Fondda maliyyə tutumu olmalıdır: "Çünki tələbə yataqxanasında və ya kirayə qaldığı ev üçün real olaraq vəsait ayrılmalıdır. Növbəti illərdə bu məsələnin gerçəkləşdirilməsi çətindir. Lakin qəbul olunan Təhsilin İnkişafı üzrə Dövlət Strategiyasına uyğun olaraq fondun əsas hədəfi olaraq gələcəkdə yaşayış, yaxud tələbənin araşdırma aparmaq üçün lazım olan hər hansı texnikanın alınmasına maddi yardımın edilməsi layihələrinə pul ayrılması da nəzərdə tutulub”.
Media-brifinqdə çıxış edən Təhsil Nazirliyinin İctimaiyyətlə Əlaqələr Sektorunun müdiri Cəsarət Valehov isə bildirib ki, yeni başlanan bu pilot layihə gələcəkdə daha da genişlənəcək: “Tələbələr gələcəkdə təkcə təhsil kreditləri deyil, yaşayışla bağlı kreditlər, müxtəlif iş-tədris şəraitini yaxşılaşdırmaq üçün digər ləvazimatların alınması üçün kreditlər də əldə edə biləcəklər. Hazırda yalnız 10 universitetin tələbələrinə şamil edilən bu layihəyə gələcəkdə digər universitetlər də qoşulduqda onların da aztəminatlı ailələrdən olan tələbələri bu cür kreditləri almaq imkanı olacaq”.