Tibbi sığortanın tətbiq ediləcəyi xəstəxanaların idarəçiliyi dəyişəcək
08 dekabr 2016 12:10 (UTC +04:00)

Tibbi sığortanın tətbiq ediləcəyi xəstəxanaların idarəçiliyi dəyişəcək

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş tibb müəssisələrinin idarəçiliyində dəyişiklik ediləcək.

 

Lent.az-ın  məlumatına görə, bunu İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Monitorinq, təhlil və İT şöbəsinin müdiri İsa Əliyev deyib.

 

İ.Əliyev bildirib ki, icbari tibbi sığortanın pilot layihə şəkilində tətbiqi üçün görüləcək işlər həmin tibb müəssisələrində administrativ resurslar tələb edir: “ Biz nəzərdə tutmuşuq ki, həmin tibb müəssisələrin idarəçiliyində də dəyişiklik olsun. Tibb müəssisələrinin rəhbərliyinə baş həkimlərlə yanaşı, orda inzibati fəaliyyətlə  məşğul olan direktor da təyin olunacaq. Bu, tibb müəssisələrinin tibbi tərəfini deyil, həm də administrativ tərəfinin də effektiv idarəsini təmin edəcək”.

 

İ.Əliyevin sözlərinə görə, icbari tibbi sığorta xəstəxanaların indiki maliyyələşmə mexanizmdən yeni mexanizmə keçidini nəzərdə tutur: “ Hazırda xəstəxanalarda büdcə vasitəsilə maliyyələşmə metodundan istifadə edilir. Ümumiyyətlə, hər bir xərc üzrə müəyyən bir maddə  müəyyənləşdirilib və ona uyğun olaraq da bu xidmətlər maliyyələşdirilir. Amma gələcəkdə planlaşdırmışıq ki, bəzi xidmət növləri üçün müxtəlif maliyyələşmə mexanizmdən istifadə olunsun. Məsələn, əhalinin daha çox müraciət etdiyi ilkin səhiyyə xidmətləri üçün adambaşına ödəniş mexanizmindən istifadə edilsin. Hər  bir ilkin səhiyyə xidmət müəssisəsində müəyyən qrup insanlar qeydiyyata duracaq və həmin qeydiyyata duran insanların sayına uyğun olaraq ilkin səhiyyə xidmət müəssisəsinə ödəniş olacaq. Dolayısı ilə hər  bir ilkin səhiyyə xidmət müəssisəsi maraqlı olacaq ki,  orda daha çox adam qeydiyyata dursun və daha çox vəsait alsın. Bu, həm ilkin səhiyyə xidməti müəssisələri arasında rəqabəti artıracaq həm də tibbi xidmətin keyfiyyətini yüksəldəcək. Bunlar da xəstəxana və ambulator xidmət göstərən müəssisələrin  göstərilən xidmətə görə maliyyələşməsini nəzərdə tutur”.

 

İ.Əliyev qeyd edib ki, indiki halda xidmət sayından asılı olmayaraq bütün həkimlər eyni məvacib alır və bütün xəstəxanalara standart vəsait ödənilsə də, icbari tibbi sığortanın tətbiqindən sonra hansı tibb müəssisəsi daha çox xəstə qəbul etsə, daha keyfiyyətli xidmət göstərərsə, onlara ödənilən vəsait daha çox olacaq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 329

Oxşar yazılar