Avqust ayında 3 toyda baş verən kütləvi zəhərlənmədi 122 nəfər ziyan çəkib. Təkcə Beyləqan rayon mərkəzində yerləşən “Xudafərin” şadlıq sarayında avqustun 28-i keçirilən toy mərasimi zamanı 77 nəfər qidadan zəhərlənib.
Maraqlıdır, insanların şənlik, yeyib-içmək, oynamaq üçün qatıldığı toy məclisləri niyə xəstəxanalarda başa çatır?
Səhiyyə Nazirliyinin Gigiyena və Epidemiologiya Mərkəzinin şöbə müdiri İmran Abdullayev Lent.az-a açıqlamasında deyib ki, toylarda baş verən kütləvi zəhərlənmə hadisələrinin əsas səbəbi qidanın emalı zamanı gigiyena qaydalarının ciddi pozulmasıdır: “Bu pozuntunun başında duran səbəb temperatur rejiminə düzgün əməl edilməməsidir. Hava isti olduğundan qidalar mütləq soyuducuda saxlanmalı və soyuducunun temperaturu 6 dərəcədə təyin edilməlidir. Amma aparılan araşdırmalar zamanı məlum olub ki, şadlıq evlərinin əksəriyyətində fərqli çeşidlərdə qidaları saxlamaq gücündə olan soyuducular yoxdur. Şadlıq evlərində qəlyanaltı saxlanılan soyuq sexlər olmalıdır, amma hər restoranda bu, yoxdur və soyuq qəlyanaltılar da isti yeməklərin bişirildiyi 60-70 dərəcə temperaturda bişirilir. Beləcə qidanın ilkin çirklənməsi onda baş verir.
Bu halların qarşısını almaq üçün istehlakçı və sahibkarların bu məsələləri diqqətdə saxlamaları mütləqdir”.