UNEC-də “Sosial biznes-inkişafa gedən yol” adlı beynəlxalq konfrans keçirilib
21 iyun 2016 11:19 (UTC +04:00)

UNEC-də “Sosial biznes-inkişafa gedən yol” adlı beynəlxalq konfrans keçirilib

 

Bu gün Azərbaycan Dövlət İqtisad Universiteti (UNEC) və Beynəlxalq Avrasiya Mətbuat Fondunun birgə təşkilatçılığı ilə “Sosial biznes-inkişafa gedən yol” adlı beynəlxalq konfrans keçirilib. 
 

Lent.az-ın məlumatına görə, tədbirdə Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov, təhsil naziri Mikayıl Cabbarov, əmək və əhalinin sosial müdafiəsi nazirinin müavini İdris İsayev, Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus, Beynəlxalq Avrasiya Mətbuat Fondunun sədri Umud Mirzəyev və digər rəsmi şəxslər iştirak ediblər. 


Tədbirdə çıxış edən UNEC rektoru Ədalət Muradov Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus haqqında iştirakçılara məlumat verərək qeyd edib ki, o, sosial biznes və makrokreditləşmənin əsas yaradıcılarından hesab olunur və Banqladeşdə yerləşən Gramen Bankı və 50-dən çox şirkətin qurucusudur: "Onun davamlı yenilikləri və təşəbbüskarlıq fəaliyyətinə görə "Fortune" jurnalı 2012-ci ilin mart ayında professora "Zəmanəmizə ən böyük təşəbbüskarlarından biri" adını verib. 2006-ci ildə M. Yunis və Gramen Bankı birgə Nobel sülh mükafatına layiq görülüb. M.Yunus 20-dən çox universitetin 55 fəxri adına sahibdir. O, 26 dövlətdən 112 mükafatla qiymətləndirilib və bu dövlətlərdən 10-u professoru dövlət mükafatı ilə təltif edib". 

Prezidentin iqtisadi islahatlar üzrə köməkçisi Natiq Əmirov vurğulayıb ki, sosial rifahın yüksəlməsi Azərbaycan iqtisadiyyatının əsas xəttidir. Ölkədə insan potensialının inkişafı üçün ardıcıl tədbirlər həyata keçirilməlidir.

Təhsil naziri Mikayıl Cabbarov isə çıxışında bildirib ki, Azərbaycanda  çox qısa zamanda aşağı gəlirli iqtisadiyyatdan orta gəlirli iqtisadiyyata keçid edilib: "İlk planda hər zaman insan kapitalı durur. Təhsil sisteminin insan kapitalının formalaşdırılmasında xüsusi rolu olub. Ölkədə ümumtəhsil müəssisələrinin 70 faizindən çoxunun əsaslı şəkildə təmiri və ya tikilməsi, eləcə də dövlət hesabına xaricdə təhsilin genişləndirilməsi kimi tədbirlər əhəmiyyət kəsb edir. Sosial biznesin kökündə gəlir əldə etmək dayanmamalıdır. Təhsilin kökü daimi ünsiyyətdədir. Əmək bazarı üçün kadr hazırlığında ali təhsil müəssisələrinin rolu danılmazdır. Bu gün tələbələr arasında yeni təfəkkürlü yanaşmalarda sosial biznes baxımından inkişafın olması sevindirici haldır. Sosial biznes fəlsəfəsi cəmiyyəti bütöv və harmonik məfhum kimi görür".

Nobel sülh mükafatı laureatı Məhəmməd Yunus isə deyib ki, bank sahəsində fəaliyyətə başlayanda çılğın fikirləri olduǧu üçün bəzi insanlar ona əqli çatışmazlığı olan biri kimi yanaşırdı: "Biz bank sahəsində fəaliyyətə başlamaqla bütün ənənəvi bank prinsiplərini kökündən dəyişdik. Sən nə qədər varlısansa, bank üçün bir o qədər cəlbedicisən. Amma biz kasıb insanlar üçün çalışmaǧa başladıq. Bizim müştərimiz olmaq üçün sən sadəcə heç nəyinin olmadıǧını, kasıb olduǧunu sübut etməlisən. Ənənəvi banklar daha çox kişi müştərilərlə işləyir. Bizdə isə 8, 5 milyon müştərinin 97 %-i qadındır.  Gramen bankın Banqladeşin 80 min kəndində filialı fəaliyyət göstərir". 
 

Dünyanın maliyyə sisteminin  yanlış qurulduǧunu vurǧulayan M.Yunus deyib ki, bütün banklar qapısını qadınların, xüsusən də  kasıb qadınların üzünə baǧlayır: "Bu isə məntiqsizdir, axı sən hardan bilirsən ki, o qadın bank borcunu aylıq ödəyə bilməyəcək. Kasıb olmaq insanın günahı deyil. Banklar nəyə görəsə düşünür ki, kasıb insanlar xəstə olur və bank borcunu ödəmədən öləcəklər. Ancaq bizdə müştərilərin saǧlamlıǧı sıǧortalanır. Biz bir bank olaraq gəlir əldə etmək, mənfəət güdmürük, əksinə, insanların problemlərinin həlli üçün çalışırıq".

Tədbirdə həmçinin, Yunus Mərkəzi ilə UNEC arasında birgə əməkdaşlıq memorandumu imzalanıb və universitetdə Yunus Sosial Biznes Mərkəzinin açılışı olub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 361

Oxşar yazılar