<b>Yalançı elmlə necə mübarizə aparılacaq? </b>
12 dekabr 2016 11:37 (UTC +04:00)

Yalançı elmlə necə mübarizə aparılacaq?

 

“Yalançı elm” anlayışı deyəndə müəyyən siyasi, iqtisadi ya da şəxsi məqsədlər naminə elmi tədqiqatları, elmi qanunları saxtalaşdırmaq nəzərdə tutulur.

 

Bunu Lent.az-a açıqlamasında Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Rəyasət Heyətinin qərarı ilə yaradılmış Yalançı elmə qarşı mübarizə üzrə Komissiyanın sədri Dilqəm Tağıyev deyib.

 

D.Tağıyevin sözlərinə görə, “yalançı elm” deyəndə elmi prinsiplər sisteminə zidd olan nəticələrə elmi nailiyyət donunu geyindirmək cəhdi nəzərdə tutulur: “Azərbaycanda son illər elmin inkişafı ilə əlaqədar elmdə neqativ meyllər, elmin imitasiya olunması istiqamətində fəaliyyət güclənib. Elmi işin mahiyyətini açıqlamaq, onun şərhini vermək lazımdır ki, insanları çaşdırmasın”.

 

Azərbaycanda “yalançı elm”lə bağlı halların az qeydə alındığını deyən komissiya sədri bildirib ki, AMEA-ya da belə müraciətlər olur: “Dövlət başçısından tutmuş müxtəlif orqanlara müraciətlər edirlər. Onlar da müraciətləri bizə ünvanlayırlar. Birbaşa bizə də müraciətlər daxil olur. Bəzən elə elmi layihələr təklif edilir ki, o layihənin həlli üçün bütün dünya işləyir. Amma bunlar çox sadə yol təklif edirlər ki, bunu bu yolla etmək olar. Belə insanların əksəriyyəti sadə yolla məşhurlaşmaq istəyirlər. Məsələn, bu yaxınlarda belə bir rolik təqdim olunmuşdu ki, “İki günə ağciyər xərçəngini müalicə edirəm”. Halbuki, bu, mümkünsüz bir şeydir. İnsanların özündə də möcüzəyə inanmaq var.  Birdən-birə heç bir əsas olmadan elmə zidd olan nəticəni elmi nailiyyət kimi təqdim etmək doğru deyil. Müraciətlər olur ki, elmi layihəm var və onun üçün maliyyə vəsaiti lazımdır. Komissiya layihənin elmin prinsiplərinə, elmi qanunlara ziddi olub-olmadığını araşdırdıqdan sonra maliyyələşdirilməsinə yardım edəcək”.

 

D.Tağıyev qeyd edib ki, Komissiyanın əsas məqsədi yalançı, elmə zidd olan nəticələrin mahiyyətini açıqlamaqdır: “ Bu işlərdə  Komissiya xüsusi ekspert komissiyasının köməyi ilə iştirak edəcək. Sonra əhali arasında maarifləndirmə işləri aparılacaq. Yalançı elmlə mübarizə o qədər asan məsələ deyil. Çünki dəqiq sərhəd qoymaq çətindir. Yalançı elm, elmi səhv haradan başlayır, bunu dəqiqləşdirmək lazımdır. Elmdə səhv ola bilər, amma bu, yalançı elm demək deyil, ona görə belə məsələləri araşdırmaq üçün bu komissiyanın yaradılması məsləhət görüldü. Rusiyada  belə komissiya Rusiya Elmlər Akademiyasının Rəyasət heyətinin nəzdində 1999-cu ildən yaradılıb. Bəzən savadlı alimlər belə avantüraya əl atır. Onlarla mübarizə aparmaq çətindir. Dünya praktikasında belə hallar var. Bizdə belə hallar olmasa da, yenə də bu ehtimalı nəzərə alaraq onlara qarşı qəti prinsipial mövqe tutmaq lazımdır”.

 

D. Tağıyev deyib ki, AMEA-nın bölmələrinə edilən bu səpkili müraciətlər Komissiyaya təqdim ediləcək: "Komissiyanın iclasında ekspert komissiyası yaradılacaq, mütəxəssislər cəlb olunacaq və məsələ araşdırılıb onlara cavab veriləcək. Əvvəlcə komissiyanın  əsasnaməsi yaradılmalıdır. Komissiyanın birinci iclası keçirildikdən sonra bölmələrdən müraciətləri qəbul etməyə başlayacayıq”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 465

Oxşar yazılar