"ZİRZƏMİ"  kolbasaları gün altında satılır: DİQQƏTLİ OLAQ
20 may 2025 14:00 (UTC +04:00)

"ZİRZƏMİ" kolbasaları gün altında satılır: DİQQƏTLİ OLAQ

Yay mövsümünün yaxınlaşması ilə birlikdə açıq havada qida satışı yenidən artıb. Metro çıxışlarında, bazar yaxınlıqlarında və dayanacaqlarda satılan ucuz ət və kolbasa məhsulları əksər hallarda gigiyenik və qanuni tələblərə cavab vermir. Qida təhlükəsizliyi üzrə ekspertlər belə məhsulların insan sağlamlığı üçün ciddi təhlükə yaratdığını bildirirlər.

Qida üzrə ekspert Ağa Salamov Lent.az-a açıqlamasında bildirib ki, küçədə satılan və heç bir əmtəə nişanı olmayan ət, süd, balıq, və toyuq kimi qidalardan qaçınmaq lazımdır:

“Tez xarab olan məhsullar, yəni ət, toyuq, balıq və süd məhsulları qida zəncirində heç bir qırılma baş vermədən, yəni daşınmadan satışa qədər hər mərhələdə düzgün temperatur rejimində saxlanılmalı və təqdim olunmalıdır. Xüsusən bu məhsulların emalı gigiyenik şərtlər altında aparılmalıdır. Belə riskli məhsulların qorunması üçün əsas şərtlərdən biri də onların +4 dərəcə temperaturda soyuducuda, istehsal və son istifadə tarixinə uyğun şəkildə saxlanılmasıdır.”

Ekspertin sözlərinə görə, küçədə satılan məhsulların bir çoxu “padval” sexlərində istehsal olunur:

“Paytaxtın müxtəlif ərazilərində, xüsusən metro çıxışlarında satılan kolbasa məhsullarının üzərində nə istehsal tarixi, nə də əmtəə nişanı olur. Bu məhsulların əksəriyyəti, deyildiyi kimi, qeyri-rəsmi, “padval” sexlərdə emal olunur. Belə kolbasaların tərkibində istifadə olunan ətin mənşəyi məlum deyil. Onların hansı şəraitdə və nə ilə hazırlandığına dair heç bir rəsmi məlumat yoxdur.Küçə şəraitində satılan məhsulların əksəriyyətində mikrobioloji çirklənmə riski çox yüksəkdir. Bu isə insan sağlamlığı üçün təhlükədir.

Saatlarla günəş şüası altında qalan, nə düzgün temperaturda, nə də sanitar qaydalara uyğun saxlanılan bu cür məhsullar ciddi qida zəhərlənməsinə səbəb ola bilər. Mühafizə olunmayan, açıq şəkildə təqdim edilən bu qidaların alınması və istehlakı təhlükəlidir”. 

Qida eksperti və aidiyyəti qurumlar vətəndaşlara xəbərdarlıq edirlər ki, ucuz və qeyri-müəyyən mənşəli qidalara aldanmaq əvəzinə, sertifikatlı və nəzarətdən keçmiş məhsullara üstünlük versinlər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1246

Oxşar yazılar