Uzaq keçmişdə bir qadın onu zorlayan kişiyə müqavimət göstərdiyi üçün həbsxanaya göndərilmişdi.
Cənubi Koreyada, 60-cı illərdə zorlayıcıya müqavimət göstərməkdə təqsirli bilinən qadına qarşı 60 ildən çox müddətdən sonra ittihamlar götürülüb.
Lent.az-ın xarici mediaya istinadən məlumatına görə, 79 yaşlı Çoy Mal-ca hücum zamanı təcavüzkarının dilini dişlədiyi üçün on ay dəmir barmaqlıqlar arxasında yatıb.
Bildirilir ki, bəraət onun üçün uzun sürən mübarizənin sonu olub. Məhkəmə salonunda hökmün yenidən nəzərdən keçirildiyini öyrənən Çoy, emosional olaraq deyib: "Mən, Çoy Malca, nəhayət günahsız sayıldım!"
Binanın xaricində tərəfdarları “Çoy Malca uğur qazandı” şüarları səsləndiriblər.
Çoyun hekayəsi 2018-ci ildə #MeToo kampaniyasından sonra yenidən gündəmə gəlib. Məhz o zaman qadın öz hərəkətlərinin özünümüdafiə aktı olduğunu sübut etməyə qərar verib. O, zorakılığın digər qurbanları üçün ümid simvolu olmaq istədiyini izah edib.
Yenidən məhkəmə prosesi bu yay başlayıb. Çoy, onun hərəkətlərinin - dilinin 1,3 santimetr uzunluğunda bir parçasını dişləməsinin - məcburi və hücumun şiddəti ilə mütənasib olduğunu iddia edib. O, yalnız "Ro" kimi tanınan təcavüzkarın onun bədən toxunulmazlığı və cinsi azadlıq hüququnu kobud şəkildə pozduğunu iddia edib.
Hücum 1964-cü ilin may ayında baş verib. 18 yaşlı qız Pusan yaxınlığındakı Qimhe şəhərində 21 yaşlı bir yad kişinin hücumuna məruz qalıb. Onu yerə itələyib, burnunu sıxıb və güclə öpüb, onu saxlamağa çalışıb. Bu zaman çarəsizlik içində olan Çoy dilini dişləyib və qurtularaq qaçıb.
Lakin onun iztirabları bununla bitməyib. Daha sonra bıçaqla silahlanmış Ro Çoyun evinə soxulub və atasını öldürməklə hədələyib. Buna baxmayaraq, sağlamlığa ağır xəsarət yetirdiyini iddia edərək məhkəməyə müraciət edən o olub. Nəticədə qızın arqumentlərinə məhəl qoyulmadan on ay həbs cəzası verilib. Üstəlik, prokurorlar Çoyun təcavüzkarına qarşı hisslər bəslədiyini iddia edib və hakim kinayəli şəkildə onunla evlənməsini təklif edib.
Ro özü daha yüngül cəza alıb - sərhədi pozma və təhdidlərə görə altı ay həbs edilib.