Hər an çökə biləcək döşəmə, kif qoxusu və… - Təbiət Tarixi Muzeyindən REPORTAJ
29 aprel 2022 19:00 (UTC +04:00)

Hər an çökə biləcək döşəmə, kif qoxusu və… - Təbiət Tarixi Muzeyindən REPORTAJ

“Təbiət Tarixi Muzeyinin vəziyyəti acınacaqlıdır” - Bunu biz demirik. Akademik Akif Əlizadə deyir. Özü də AMEA-nın Ümumi yığıncağında...

Söhbət Həsən bəy Zərdabi adına Təbiət Tarixi Muzeyinin hazırkı vəziyyətindən gedir. Vəziyyət o qədər dözülməzdi ki, akademik bunu dilə gətirdi? 

Vəziyyətin necə olduğunu görmək üçün Lent.az-ın əməkdaşı muzeyə yollandı. 

Şəhidlər Xiyabanı istiqamətindən, Bakı elmi-tədqiqat göz xəstəlikləri klinikası olan küçədən üzü yuxarı yol aldıq. Düzü, belə muzeyin gözdən uzaq yerdə olması təəccüblü idi. Demək olar ki, muzeyi çətinliklə tapdıq. Görəsən, daha neçə belə əhəmiyyətli məkanları tapa bilməyənlər var? Nə isə, çatdığımızı yalnız qapının ağzındakı lövhəni oxuyarkən bildik ki, düz gəlmişik. Muzey hündürmərtəbəli binanın birinci mərtəbəsində yerləşir. Ətrafını gəzdik, fasadını və çöldən görüntüsünə nəzər yetirdik. İçəridə demək olar heç kim yox idi.  Bir-iki dəqiqə keçmədi ki, əməkdaşlarla ayaqüstü söhbət etdik. Xoş qarşılanmadan sonra muzeyi kəşf etməyə başladıq. İçəri elə zəngin idi ki, addımbaşı ayaq saxlayıb baxırsan. 1930-cu ildə yaradılan bu muzeydə müasir və keçmiş dövrdə suda-quruda yaşamış heyvanların skeletləri, müqəvvaları, xüsusi məhlulda saxlanmış cəsədləri və kolleksiyaları nümayiş etdirilir. Lakin gəzdikcə ayağının altında hər an çökəcək kimi cırıldayan döşəmə, təbii kif qoxusu, darısqallıqdan pəncərə yanına qoyulan eksponatlar və qəribə abı-hava Akif müəllimin sözlərini təsdiqləyirdi. Muzeyin həqiqətən də qayğıya ehtiyacı var. Göründüyü budur ki, muzey şəraitli, baxımlı məkana köçürülməlidir. Bu zərurəti ora gələn hər bir adam ilk baxışdan hiss edə bilər. 

İstər-istəməz belə bir sual yaranır - Bax, niyə bu cür məkanlar diqqət mərkəzində olmasın? İnsanlar onun görkəmini lap çöldən görüb ayaq saxlayıb içərisini gəzim deməsin? Buna layiq deyilmi ora? 

Məsələn İncəsənət muzeyi, Xalça muzeyi, Tarix muzeyi və s. bu kimi milli-mənəvi məkanlarımız necə modern şəraitdə, baxımlı vəziyyətdədirlər. İnsan baxdıqca baxmaq istəyir. Gözün, könlün xoş olur, maarif işıqları üzərinə şölə saçır. Bəs bu məsum Təbiət Tarixi muzeyimiz? Halından hali olub dərdinə əlac qılmaq bu qədərmi çətindir?

Redaksiyamız tərəfindən müdiriyyətlə əlaqə saxlamaq, bizi maraqlandıran suallar barədə münasibət bildirməyini istəsək belə, bu, elə istək kimi də qaldı. Nə müdirin köməkçisi, nə də dəfələrlə ünvanladığımız sorğuya cavab verən oldu. Ümid edirik Akif Əlizadənin dedikləri və bizim yayımladığımız görüntülərə aidiyyatı qurumlar biganə qalmayacaq. Bu gözəl Təbiətin Tarixi daha yadlaşdırılmayacaq! 

Axı o bizim sərvətimizdir… 

Təbiət Tarixi muzeyindən REPORTAJ

# 3192
avatar

Nigar Namiq

Oxşar yazılar