Qara dənizdə Rusiyaya məxsus bir gəmidə partlayış baş verib.
Lent.az istinadən xəbər verir ki, İstanbul boğazının girişinə yaxın bir mövqedə, Qara dəniz sularında səfərdə olan “KAIROS” adlı xam neft tankerində güclü partlayış olub.
Partlayışdan sonra sözügedən tankerdə yanğın başlayıb. Hazırda tankerdəki 25 nəfərlik heyətin xilas edilməsi istiqamətində işlər davam etdirilir.
Hadisənin Kocaeli vilayəti yaxınlığında baş verdiyi bildirilir. Kocaeli valiliyi hadisə yerinə aidiyyəti qurumların əməkdaşlarının cəlv edildiyini və lazımi müdaxilələrin davam etdiyini açıqlayıb.
Türkiyə Dənizçilik İdarəsi hadisə ilə bağlı açıqlama yayıb.
Açıqlamada, Rusiyanın Novorossiysk limanına gedən boş KAIROS tankerinin Türkiyə sahillərindən 28 mil aralıda xarici faktor səbəbindən alovlandığı, gəmidə olan 25 nəfərlik heyət üzvünün hamısı gəmidən təxliyə edildiyi və vəziyyətinin yaxşı olduğu bildirilib.
“Dənizçilərin təxliyəsi üçün bölgəyə xilasedicilər göndərilib, proses nəzarət altında saxlanılır”, - deyə açıqlamada qeyd olunub.
“Reuters” agentliyi isə gəminin batma təhlükəsinin olduğu haqda məlumat yayıb.