ABŞ federal hökumətinin fəaliyyətinin 1 oktyabr gecə yarısı başlayan qismən dayandırılması (şatdaun), ölkə tarixində ən uzunmüddətli bağlanma olub.
Lent.az xəbər verir ki, bu dəfəki bağlanma Donald Trampın (2017–2021) ilk prezidentlik dövründə, 2018–2019-cu illərdə baş vermiş əvvəlki rekordu geridə qoyub.
2018-ci il 22 dekabr gecə yarısı başlayan əvvəlki şatdaun 35-ci gün – 2019-cu il yanvarın 25-də aradan qaldırılmışdı. Həmin vaxt Konqresin hər iki palatasında uğurlu səsvermədən sonra Ağ Ev Trampın müvafiq qanunu ABŞ-ın şərq sahil vaxtı ilə 21:23-də imzaladığını elan etmişdi. O zaman hökumətin fəaliyyəti ümumilikdə 34 gün, 21 saat və 23 dəqiqə dayandırılmışdı.
Mövcud vəziyyətə görə, 4 noyabr saat 20:24-ə qədər federal hökumətin fəaliyyətini bərpa etməyə imkan verəcək maliyyə qanun layihəsi hələ də Konqres tərəfindən razılaşdırılmayıb.
ABŞ-ın 2 noyabrda qış vaxtına keçməsi də nəzərə alınmaqla, hazırkı şatdaun artıq 34 gün, 21 saat və 24 dəqiqə davam edir. Beləliklə, bu, ABŞ tarixində ən uzunmüddətli hökumət “şatdaunu” olub.