Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır
27 avqust 2026 14:15 (UTC +04:00)

Yerin altında 1000 tondan çox qızıl tapıldı - Yatağın dəyəri 83 milyard dollardır

0

Çinin Hunan əyalətində 1000 tondan çox ehtiyatı nəhəng qızıl yatağı aşkarlanıb. Hesablamalar təsdiqlənərsə, Vanqu adlı yeni xəzinə dünyanın ən böyük yüksək keyfiyyətli qızıl yataqlarından birinə çevrilə bilər.

Lent.az xarici mediaya istinadən xəbər verir ki, yataq Hunan əyalətinin Pinczyan bölgəsindəki Vanqu qızıl sahəsinin altında yerləşir. Kəşf barədə ilk rəsmi açıqlama 2024-cü ilin noyabrında verilib.

Geoloqlar iki kilometrədək dərinlikdə 40-dan çox qızıl damarı müəyyən ediblər. Ərazidə kəşfiyyat nəticəsində müəyyənləşdirilən qızıl ehtiyatı təxminən 300 ton qiymətləndirilir. Üç kilometrədək dərinlikdə isə ehtiyatların 1000 tonu keçə biləcəyi proqnozlaşdırılır.

Çin rəsmilərinin 2024-cü ildəki hesablamasına görə, bu həcmdə qızılın dəyəri 600 milyard yuan, yəni təxminən 83 milyard dollar təşkil edə bilər. Lakin 1000 ton göstəricisi hələ proqnozdur və əlavə kəşfiyyatla təsdiqlənməlidir. 

Aylarla davam edən qazma işləri zamanı müxtəlif dərinliklərdən süxur nümunələri götürülüb. Nümunələrin bəzilərində qızılın miqdarı olduqca yüksək olub. Bir ton süxurda maksimum 138 qram qızıl aşkarlanıb. Müqayisə üçün, gəlirli hesab edilən bir çox yataqda bu göstərici bir ton süxur üçün cəmi 1-3 qramdır.

Çinli geoloq Çen Rulinin sözlərinə görə, təxminən iki kilometr dərinlikdən çıxarılan bəzi süxur nümunələrində qızılı adi gözlə görmək mümkün olub.

Araşdırma zamanı ümumilikdə 65 kilometrdən çox quyu qazılıb və üçölçülü geoloji modelləşdirmədən istifadə edilib. Yatağın ətrafında aparılan qazma işlərində də qızıl əlamətlərinə rast gəlinib.

Vanqu yatağının işlənməsi ilə dövlətə məxsus “Hunan Mineral Resources Group” şirkəti məşğul olur. Bununla belə, ehtiyatların həcmi hələ beynəlxalq səviyyədə tanınan müstəqil qiymətləndirmədən keçirilməyib. Genişmiqyaslı hasilata başlanmazdan əvvəl ekoloji təsirlər və tələb olunan infrastrukturun dəyəri də hesablanmalıdır.

Ehtiyatlarla bağlı proqnoz təsdiqlənərsə, yataq Çinin dünya qızıl bazarındakı mövqeyini gücləndirə və ölkənin xarici tədarükdən asılılığını azalda bilər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 362

Oxşar yazılar