Quantanamoda saxlanılan azərbaycanlının dosyesi açıqlanıb
25 aprel 2011 18:19 (UTC +04:00)

Quantanamoda saxlanılan azərbaycanlının dosyesi açıqlanıb

0
Quantanamo həbsxanasında saxlanılan məhkumların dosyesi açıqlanıb. APA-nın məlumatına görə, dosyesi açıqlanan şəxslərin arasında azərbaycanlı məhkum Polad Siracov da var. Dosyedə P. Siracovun fotosu da yerləşdirilib.




P. Siracova aid dosyedə onun “Taliban” döyüşçüsü olduğu qeyd olunub. Dosyedə, həmçinin, bildirilir ki, P. Siracov 2001-ci ildə könüllü olaraq Azərbaycandan Əfqanıstana gəlib və “Taliban” qüvvələrinə qoşularaq ABŞ koalisiyasına qarşı hərbi əməliyyatlarda iştirak edib. Onun döyüşlərdə istifadə etdiyi silah isə 7.62 millimetr çaplı “AKM” avtomatı olub. P. Siracov Əfqanıstanda Şimali Atlantika Alyansı qüvvələrinin açdığı atəş nəticəsində yaralanıb. 2001-ci ilin noyabrında isə Məzari Şərif şəhəri yaxınlığında NATO qüvvələrinə təslim olub.


ABŞ hökuməti tərəfindən açılan dosyelərin hər birində “Taliban” və “Əl-Qaidə” tərəfdarları düşmən döyüşçü kimi qəbul edilib. P. Siracov da “Taliban” döyüşçüsü olduğu üçün ABŞ hökuməti onu düşmən döyüşçü kimi tanıyıb və məhkəmə qarşısına çıxarıb.



Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Quantanamo həbsxanasının bağlanması barədə 2009-cu ildə sərəncam imzalayıb. Məlum sərəncamdan sonra həmin həbsxanada cəza çəkən məhkumların böyük əksəriyyəti azadlığa buraxılıb. P. Siracov da əfv olunan məhkumlar sırasında olub. Əfv olunduqdan sonra isə P. Siracov ölkəsinə qayıtmaqdan imtina edib. O, beynəlxalq təşkilatların köməkliyi ilə üçüncü ölkəyə yerləşdirilib. P. Siracov hazırda Slovakiyadadır.


Xatırladaq ki, Quantanamoda olan yeganə azərbaycanlı məhbus P. Siracov Türkiyənin Kayseri şəhərindəki Ərciyəz Universitetində iqtisad fakültəsini bitirib və bir müddət Rusiyada fəaliyyət göstərən türk şirkətində çalışıb. O, 2001-ci ilin əvvəlində evdən çıxıb və geri qayıtmayıb.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 672

Oxşar yazılar