Yollarda aparılan müşahidələr zamanı bəzi moped və motosiklet sürücülərinin yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq digər hərəkət iştirakçılarının həyat və sağlamlığı üçün ciddi təhlükə yaratdığı qeydə alınıb.
Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən Lent.az-a verilən məlumata görə, təkcə bu ilin ilk 6 ayı ərzində özlərinin törətdiyi kobud qayda pozuntuları nəticəsində 12 moped və motosiklet sürücüsü həyatını itirib, 23 nəfər isə ağır xəsarət alıb.
Eyni zamanda onların törətdikləri qayda pozuntuları səbəbindən təqsiri olmayan 30-dan çox digər hərəkət iştirakçısı ağır xəsarət alıb və ya dünyasını dəyişib.
Baş Dövlət Yol Polisi İdarəsi bir daha moped və motosiklet sürücülərini qanunla müəyyən edilmiş qaydalara ciddi əməl etməyə, hərəkət zamanı məsuliyyətli davranaraq nəinki öz, həm də digər insanların həyatını təhlükəyə atmamağa çağırır.
Motosiklet, moped, skuter, həmçinin velosiped kimi nəqliyyat vasitələrinin səbəb olduğu yol-nəqliyyat hadisələrində ağır xəsarət və ölüm halları daha çox olur. Sürücülər anlamalıdır ki, qəza baş verdikdən sonra gələn zamanı geri qaytarmaq istəyi heç vaxt reallaşmayacaq. Amma baş verən hadisələrdən nəticə çıxarıb nəqliyyat vasitəsini qaydalar çərçivəsində idarə edərək, ara məsafəsini gözləyərək, sürət həddini aşmayaraq, svetoforun qadağanedici nişanında keçməyərək, təhlükəli manevrlər etməyərək qəzalardan yayınmaq mümkündür!
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzində bu cür nəqliyyat vasitələrinin sürücülərinə qarşı davam etdirilən profilaktik tədbirlər zamanı hər bir qayda pozuntusunun müxtəlif ağır nəticələrə səbəb ola bilməsi diqqətə çatdırılır. Onlara real qəza videoları izlədilməklə hadisələrin baş vermə səbəbləri daha aydın göstərilir.
İkitəkərli nəqliyyat sürücülərinə bir daha müraciət edirik ki, ağır faciələrə səbəb olmamaq üçün yola çıxarkən bütün hərəkət iştirakçılarının hüquqlarına hörmətlə yanaşmaq, qaydalara riayət etmək lazımdır.