Gəncədə 4-cü sinif şagirdləri zəhərləndi   - YENİLƏNİB
01 oktyabr 2026 14:04 (UTC +04:00)

Gəncədə 4-cü sinif şagirdləri zəhərləndi - YENİLƏNİB

0

Gəncə şəhərində zəhərlənmə şübhəsi ilə xəstəxanaya yerləşdirilən şagirdlər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbinin şagirdləri olublar.

Bu barədə Lent.az-ın sorğusuna cavab olaraq Gəncə-Daşkəsən Regional Təhsil İdarəsindən cavab verilib. 

"Bu gün Gəncə şəhəri, Cəfər Cabbarlı adına 6 nömrəli tam orta ümumtəhsil məktəbində dərs prosesi zamanı 4-cü sinif şagirdlərindən bir neçəsi özünü pis hiss ediblər. Məsələ dərhal məktəb rəhbərliyi tərəfindən nəzarətə götürülüb, şagirdlər müvafiq tibb müəssisəsinə yönləndiriliblər. Hadisənin səbəblərinin müəyyənləşdirilməsi istiqamətində müvafiq qurumlarla birgə araşdırma aparılır. Şagirdlərin səhhəti təhsil müəssisəsi və idarə tərəfindən nəzarətdə saxlanılır", - deyə məlumatda vurğulanıb.

TƏBİB-dən isə Lent.az-a bildirilib ki, oktyabrın 1-də saat 12:30-da 5 qız zəhərlənmə şübhəsilə Gəncə Şəhər Birləşmiş Xəstəxanasının nəzdində olan Abbas Səhhət adına xəstəxananın Yoluxucu xəstəliklər şöbəsinə hospitalizasiya olunub. 

Zəruri tibbi xidmətlər göstərilən pasiyentlərin müalicələri müvafiq şöbədə davam etdirilir, vəziyyətləri stabil qiymətləndirilir.

Həmçinin AQTA-dan sorğumuza verilən cavabda qeyd olunub ki, Gəncə şəhərində orta məktəblərdən birində baş verən zəhərlənmə hadisəsi nəzarətdədir. Qida Təhlükəsizliyi Agentliyinin mütəxəssisləri tərəfindən araşdırmalara başlanılıb. Araşdırmanın nəticələri barədə ictimaiyyətə əlavə məlumat veriləcək.

***

13:59

Gəncədə zəhərlənmə hadisəsi baş verib.

Lent.az APA-ya istinadla xəbər verir ki, hadisə Gəncə Şəhər Cəfər Cabbarlı adına 6 nömrəli tam orta məktəbdə qeydə alınıb. Məktəbin bir neçə şagirdi zəhərlənmə əlamətləri ilə xəstəxanaya yerləşdirilib.

Məsələ ilə bağlı müvafiq qurumlara sorğu ünvanlamışıq.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 444

Oxşar yazılar