Bu gün saat 06:20 radələrində yaşayış binasının uçması səbəbilə xəsarət alan 4 nəfər (3-ü qadın, 1-i kişi olmaqla) Goranboy Rayon Mərkəzi Xəstəxanasına hospitalizasiya olunub.
Lent.az xəbər verir ki, bu barədə APA-nın sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib.
Onlara bədənin müxtəlif nahiyələrinin çoxsaylı travması diaqnozu təyin edilib.
Hazırda 2 nəfərin müalicəsi Təcili və təxirəsalınmaz tibbi yardım şöbəsində davam etdirilir.
Vəziyyətləri orta ağır olaraq qiymətləndirilir.
Digə şəxslərə isə zəruri tibbi yardım göstərildikdən sonra ambulator müalicə üçün evə buraxılıb.
***
saat 11.59
Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli altı bloklu yaşayış binasında 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçması ilə əlaqədar 60 ailə evakuasiya edilib.
Lent.az xəbər verir ki, bu barədə APA-nın yerli bürosuna Goranboy rayon İcra Hakimiyyətinin başçısı Məhərrəm Quliyev bildirib.
Qeyd edilib ki, hadisə yerinə müvafiq qurumlar, təcili yardım briqadası cəlb edilib: “Binalarda yaşayan ailələri adiyyatı yerlərə köçürmüşük, zəruri yardımlar göstərilib. Fövqəladə Hallar Nazirliyinin rəyinə uyğun olaraq daha sonra bina ilə əlaqədar işlər aparılacaq”.
***
saat 11.10
Xəbərə video əlavə edilib.
***
saat 10.33
Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə Goranboy şəhəri, Cəfər Cabbarlı küçəsində yerləşən beşmərtəbəli yaşayış binasında uçqun baş verməsi barədə məlumat daxil olub.
FHN Mətbuat xidmətindən Lent.az-a verilən xəbərə görə, məlumatla əlaqədar dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Aran Regional Mərkəzinin qüvvələri əraziyə cəlb olunub.
Əməliyyat şəraiti qiymətləndirilərkən, beşmərtəbəli 60 mənzildən və 6 girişdən ibarət yaşayış binasının 2-ci girişinin birinci mərtəbəsində 2 mənzilin döşəməsi və arakəsmə divarlarının uçduğu müəyyən olunub.
FHN-in qüvvələri tərəfindən bina sakinləri təxliyə olunub, ərazidə müvafiq təhlükəsizlik tədbirləri görülüb.
Hadisə nəticəsində 4 nəfər yüngül xəsarət alıb.
Hadisə ilə əlaqədar aidiyyəti qurumlar tərəfindən araşdırma aparılır.
***
saat 10.07
Goranboyda yaşayış binasının döşəməsin çökməsi zamanı xəsarət alanların adları məlum olub.
Lent.az-ın APA-ya istinadən verdiyi xəbərə görə, xəsarət alanlar bina sakinləri 1951-ci il təvəllüdlü S.Süleymanova və 1966-cı il təvəllüdlü S.Məmmədovadır.
Hazırda xəsarət alan hər iki şəxsin müalicəsi Goranboy Rayon Mərkəzi Xəstəxanasında davam etdirilir.
***
saat 08.16
Goranboyda yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsi çöküb.
Lent.az xəbər verir ki, hadisə Goranboy şəhərinin Cəfər Cabbarlı küçəsində yerləşən 5 mərtəbəli yaşayış binasında qeydə alınıb.
Sözügedən binanın birinci mərtəbəsində yerləşən mənzilin döşəməsinin anidən çökdüyü bildirilir.
Goranboy rayon İcra Hakimiyyətinin Fövqəladə Hallar Komissiyasının sədri Seymur Nazarov bildirib ki, yaşayış binasının 1-ci mərtəbəsində yerləşən mənzilin döşəməsinin çökməsi nəticəsində 2 nəfər yüngül xəsarət alıb.
Onun sözlərinə görə hazırda əraziyə aidiyyəti qurumların əməkdaşları cəlb edilib. O həmçinin bina sakinlərinin təxliyə edildiyini deyib.
Hazırda ərazidə təhlükəsizlik tədbirləri görülür.