Biologiyada onilliklərdir müzakirə edilən bir sual var: heyvanlar aləmində ilk yaranan canlı hansı olub? Cavab iki variant arasında dəyişir, əzələ və neyronlara malik olan qrebenli meduza (ctenophora) və ya bu strukturlara sahib olmayan dəniz süngərləri.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, bu sadə görünən sual alimləri artıq 10 ildən çoxdur iki fərqli düşərgəyə bölüb.
İlk heyvanlar haqqında mübahisə
Əgər ilk olaraq qrebenli meduzalar meydana gəlibsə, bu halda heyvanların ilk nümayəndələri artıq mürəkkəb sistemlərə malik idilər və süngərlər bu sistemləri təkamül ərzində itirmiş ola bilər. Əgər ilk olaraq süngərlər yaranıbsa, bu halda mürəkkəblik mərhələ-mərhələ artıb.
Məhz buna görə də mübahisə bu qədər uzun çəkir.
Kaliforniya Universitetinin (Berkeley) alimləri illərlə apardıqları müşahidələrdən sonra bu uzunmüddətli müzakirəyə qoşulublar. Laboratoriya əsasən heyvanların mənşəyini araşdırsa da, bu mövzuda yaranan suallar onları kənarda saxlaya bilməyib.
Tədqiqatın həmmüəllifi Nikol Kinq deyib: “Düşünürəm ki, hamımız nədən gəldiyimizi bilmək istəyirik.”
Onun sözlərinə görə, qrebenli meduzaların ilk yaranan canlılar ola biləcəyi fikri “illərdir atası hesab etdiyin insanın əslində o olmaması ilə bağlı xəbərə bənzəyirdi”.
Süngərlər və qrebenli meduzalar: kim daha qədimdir?
Uzun illər ərzində alimlərin əksəriyyəti süngərlərin ilk yaranan canlılar olduğunu düşünürdü. Lakin bu fikir 2008-ci ildə yayılan genomik tədqiqatdan sonra dəyişdi. Nəticələr qrebenli meduzaların heyvanlar aləminin əsasının onlar ola biləcəyini göstərirdi.
Bu, tədqiqatçılar üçün gözlənilməz idi, çünki bu halda əzələ və neyronlar süngərlərdə yox olmaqla təkamüldə geriyə doğru addım atmış olardı.
Son illərdə genetikanın yeni alətləri də mübahisəni daha da dərinləşdirdi.
2023-cü ildə aparılan başqa bir metod genlərin xromosomlarda fiziki yerləşməsinin analizi yenidən qrebenli meduzaları göstərdi.
Berkeley komandası necə araşdırdı?
Nikol Kinq bu mübahisəyə qoşulmaq istəməsə də, laboratoriyaya filogeniya və hesablama biologiyası üzrə təcrübəli postdoktor Ceykob Stinvik qoşulduqdan sonra vəziyyət dəyişdi. Kinq süngərlərin, Stinvik isə qrebenli meduzaların daha qədim olduğuna inanırdı, beləliklə, qeyri-adi elmi tərəfdaşlıq yarandı.
Onlar mövcud məlumatları yenidən və daha geniş metodologiya ilə təhlil etməyə qərar verdilər. Komanda çox sayda orqanizmdən qorunmuş genləri birləşdirən böyük data bazası hazırladı və müxtəlif analitik yanaşmaları vahid modeldə cəmləşdirdi.
Daha sonra onlar nəticələrin etibarlılığını yoxlamaq üçün statistikanın müxtəlif testlərini tətbiq etdilər. Məqsəd tək bir sübuta güvənməkdən qaçmaq idi.
Nəticə: ilk yaranan canlı kim olub?
Statistik testlər aydın nəticə göstərdi: ilk yaranan canlılar süngərlər olub.
Testlərin 62%-i süngərlərin ilkin növ olduğunu təsdiqlədi, 38%-i nəticə vermədi. Heç bir test qrebenli meduzalar hipotezini dəstəkləmədi.
Nikol Kinq bildirir: “Bizim analiz süngərlərin ilk yarandığı fikrini güclü şəkildə dəstəkləyir. Bu, morfologiyaya əsaslanan əvvəlki tədqiqatlarla da üst-üstə düşür. Lakin məsələ hələ tam həll olunmayıb, son sözü bütün elmi cəmiyyət deməlidir”.