Bəzən isitmə sistemi işə düşdükdən sonra radiatorlar cüzi isinir. Bu zaman dərhal santexnik çağırmağa tələsməyin: problemlərin böyük hissəsini özünüz də həll edə bilərsiniz.
Lent.az xəbər verir ki, ən çox rast gəlinən səbəbləri öz gücünüzlə aradan qaldırmaq kifayətdir.
Radiatorlardan havanı necə buraxmalı?
Radiatorun zəif qızması çox vaxt içərisində hava qalması ilə bağlı olur. Əgər o, aşağıdan isti, yuxarıdan isə soyuqdursa, deməli, havanı buraxmağın vaxtıdır. Radiatorun üzərində bunun üçün xüsusi krant olur: onu yastı tornavida ilə azca açın, altına qab qoyun və havanın çıxmasına imkan verin. Su axmağa başlayan kimi krantı yenidən bağlayın. Bundan sonra radiator normal şəkildə qızacaq. Əsas odur ki, krantı tam açmayın, çünki sızma yarana bilər.
İsitmə sisteminin balanslaşdırılması
Əgər bir otaqda yalınayaq gəzə biləcək qədər isti, başqa otaqda isə yun corabsız mümkün deyilsə, deməli, sistemin balanslaşdırılmasına ehtiyac var. Radiatorların giriş və çıxış hissələrindəki bağlayıcı krantları və ya termostatları tapın. İsti olan radiatorlarda krantları bir qədər bağlayın ki, istilik daha soyuq radiatorlara yönəlsin. Bunu çox ehtiyatla, yarım döngə qədər edin və 30 dəqiqədən sonra nəticəni yoxlayın.
Nə zaman santexnikə müraciət etmək lazımdır?
İsitmə ilə bağlı problemlər hətta yeni radiatorlarda da yarana bilər. Əvvəl yaxşı qızır, amma bir müddət sonra dayanırsa, səbəb sistemin quraşdırılması zamanı buraxılmış səhvlər və ya aşınmış detallar ola bilər. Əgər özünüz etdiyiniz üsullar nəticə vermirsə, peşəkar santexnik çağırmaq daha yaxşıdır.
Bu sadə radiator məsləhətlərindən istifadə etməklə, bütün qış boyu evinizin isti və rahat olmasını təmin edə bilərsiniz və santexnik çağırışına pul xərcləməkdən də qaça bilərsiniz.