Özbaşına hərbi hissəni tərk edən hərbçi  Ermənistanda saxlanıldı, cinayət işi açıldı - RƏSMİ
01 oktyabr 2026 19:09 (UTC +04:00)

Özbaşına hərbi hissəni tərk edən hərbçi Ermənistanda saxlanıldı, cinayət işi açıldı - RƏSMİ

0

Laçın istiqamətində hərbi qulluqçumuzun itkin düşməsi faktı ilə bağlı cinayət işi başlanıb.

Lent.az xəbər verir ki, bu barədə Baş Prokurorluğun Mətbuat xidmətinin yaydığı məlumatda bildirilib.

Bəzi sosial media səhifələrində Azərbaycan Respublikasının Laçın rayonu istiqamətində yerləşən hərbi hissələrdən birində müddətli həqiqi hərbi xidmət keçən Musayev Nəsimi Rasim oğlunun itkin düşməsi barədə məlumatlar yayılmışdır.

Bildiririk ki, sentyabrın 26-da Nəsimi Musayevin xidmət yerində olmaması və olduğu yerin müəyyən edilməməsi ilə əlaqədar onun axtarışına başlanılmış, Müdafiə Nazirliyi və Fövqəladə Hallar Nazirliyinin aidiyyəti qüvvələri tərəfindən zəruri axtarış tədbirləri həyata keçirilmişdir.

Bununla yanaşı, hadisənin hallarının araşdırılması məqsədilə Hərbi Prokurorluqda müvafiq araşdırma aparılmış və araşdırma nəticəsində Nəsimi Musayevin hərbi hissəni özbaşına tərk etməsinə əsaslı şübhələr müəyyən edilmişdir.

Araşdırma zamanı toplanmış materiallar əsasında Azərbaycan Hərbi Prokurorluğunun İstintaq idarəsində Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılmış, hazırda iş üzrə zəruri istintaq və digər prosessual hərəkətlər davam etdirilir.

Həyata keçirilən tədbirlər nəticəsində Nəsimi Musayevin Ermənistanın ərazisində olduğu və həmin ölkənin aidiyyəti orqanları tərəfindən saxlanıldığı müəyyən edilmişdir.

Hazırda Nəsimi Musayevin Ermənistan ərazisində olması, saxlanılması, habelə hadisənin digər hallarının aydınlaşdırılması məqsədilə Azərbaycanın aidiyyəti dövlət qurumları qarşı tərəfin müvafiq qurumları ilə zəruri təmasları davam etdirir.

Cinayət işi üzrə istintaqın gedişi və nəticələri barədə qanunvericiliyin tələblərinə uyğun olaraq ictimaiyyətə əlavə məlumat veriləcəkdir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar