Kassirə supermarketdən  külli miqdarda   pul oğurlamaq  İTTİHAMI
01 oktyabr 2026 18:20 (UTC +04:00)

Kassirə supermarketdən külli miqdarda pul oğurlamaq İTTİHAMI

0

İspaniyanın Kantabriya bölgəsində supermarketdə çalışan kassir iki il ərzində iş yerindən 333 min 800 avro mənimsəməkdə ittiham olunur.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, qadının nağd ödənişlər zamanı əməliyyatların sistemdə qeydə alınmasının qarşısını almaq üçün ödəniş terminalını 1160 dəfə söndürdüyü iddia edilir.

Araşdırmanın məlumatlarına görə, supermarketdə iki kassa aparatı olub. Onlardan biri alınan məhsullar üçün çek verib, digəri isə ödənişin həyata keçirilməsi üçün istifadə olunub.

İstintaqın versiyasına əsasən, qadın ikinci kassada işləyərkən müştərilərin 400 avrodan az məbləğdə nağd ödəniş etdiyi hallarda terminalı elektrik şəbəkəsindən ayırıb. Nəticədə həmin çeklər üzrə ödənişlər sistemdə qeydə alınmayıb.

Kassirin iki il ərzində bu üsula 1160 dəfə əl atdığı bildirilir. O, bunu iş qrafikindən asılı olaraq, əsasən səhər tezdən və ya axşam gec saatlarda edib.

Onu İT menecerinin diqqəti ələ verdi

Sistemdə ödənişi tamamlanmadan açıq qalan çeklərlə bağlı bildirişlərin çoxluğu supermarketin İT menecerinin diqqətini çəkib. Məlumatlar əməkdaşların sistemdəki identifikasiya göstəriciləri ilə müqayisə edildikdən sonra şübhəli kassirin kimliyi müəyyənləşdirilib.

Supermarket rəhbərliyi qadını gizli nəzarətə götürüb. Müşahidə kameralarının görüntülərinin də şübhələri təsdiqlədiyi bildirilir.

Nəzarətə başlanılmasından iki gün sonra qadın işdən çıxarılıb. Həmin vaxt onun üzərindən 845 avro tapılıb.

10 ilədək həbs tələbi

Məlumata görə, iş üzrə qadına üç il həbs və 4500 avro cərimə tətbiq olunması, həmçinin mənimsədiyi iddia edilən 333 min 800 avronu tam qaytarması tələb edilir.

Şirkəti təmsil edən tərəf isə kassirin 10 il müddətinə azadlıqdan məhrum olunmasını və 288 min avro cərimələnməsini istəyir.

Prokurorluğun tələb etdiyi kompensasiyanın məbləği 331 min 750 avrodur. Xəbərdə qeyd olunur ki, qadının işdən çıxarıldıqdan bir neçə gün sonra 2000 avro qaytardığı nəzərə alınaraq bu məbləğ azaldılıb.

İşə oktyabrın 1-də məhkəmədə baxılması nəzərdə tutulur. Həmin gün tərəflər razılığa gələ bilərlər. Razılaşma əldə olunmasa, məhkəmə baxışı üçün yeni tarix təyin ediləcək.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 230

Oxşar yazılar