Türkiyədə sifarişli  "uşaq bazarı"   - 41 qadından 811 dəfə  hüceyrə satıldı   -  VİDEO
26 oktyabr 2026 12:57 (UTC +04:00)

Türkiyədə sifarişli "uşaq bazarı" - 41 qadından 811 dəfə hüceyrə satıldı - VİDEO

0

Türkiyədə qadınları pul müqabilində yumurta hüceyrələrini satmaq üçün xaricə göndərməkdə şübhəli bilinən şəbəkə ilə bağlı yeni məlumatlar açıqlanıb. İstanbul mərkəzli 14 vilayətdə keçirilən əməliyyat çərçivəsində 8 nəfər həbs olunub.

Lent.az xarici mediaya istinadla xəbər verir ki, istintaq zamanı 41 qadının ümumilikdə 811 dəfə yumurta hüceyrəsi satdığı müəyyən edilib. Şəbəkə üzvləri arasında təxminən 2 milyon avroluq pul dövriyyəsinin olduğu da iddia olunur.

Şəbəkəni rəhbərinin həyat yoldaşı şikayət edib

İstintaq Türkiyə Prezident Administrasiyasının Kommunikasiya Mərkəzinə (CİMER) daxil olan müraciət əsasında başlayıb. İddiaya görə, şəbəkəyə rəhbərlik edən qadının fəaliyyətindən şübhələnən həyat yoldaşı bu barədə məlumat verib.

Araşdırma zamanı Türkiyə, Şimali Kipr, Albaniya və Gürcüstanla əlaqəli qanunsuz reproduktiv hüceyrə ticarətinə dair dəlillər əldə olunub. Telefon əlaqələri, maliyyə əməliyyatları və xaricə səfər məlumatları yoxlanılıb.

53 şübhəli barədə hüquqi prosedur başladılıb

Əməliyyat çərçivəsində şəbəkənin rəhbəri və beş idarəçisi, 41 donor qadın, iki mama-ginekoloq və dörd səfər təşkilatçısı olmaqla 53 nəfər barədə hüquqi prosedur başladılıb.

Məhkəməyə çıxarılan şəxslərdən səkkizi həbs edilib, 36 nəfər isə məhkəmə nəzarəti şərti ilə sərbəst buraxılıb. Digər şübhəlilərlə bağlı qərarlar təqdim olunan məlumatda açıqlanmayıb.

Ölkəyə görə qiymət danışığı aparılıb

İstintaq materiallarına daxil edilən səs yazılarında donor namizədlərinə ödəniləcək məbləğlərin müzakirə olunduğu bildirilir.

Namizədlərdən biri başqa vasitəçidən 2 min avroluq təklif aldığını deyib. Şübhəlilərdən Hacer T. isə davamlı olaraq qadınları xaricə göndərdiyini, Kiprdə belə yüksək ödənişin mümkün olmadığını bildirib.

Onun səs yazısında “Gürcüstan, Amerika daha çox verir, 3 min 500” dediyi qeyd olunub.

Başqa bir danışıqda donor namizədi gözlərinin rəngini, qan qrupunu və əldə oluna biləcək yumurta hüceyrələrinin sayını əsas gətirərək daha yüksək ödəniş istəyib.

Donor tapana komissiya verilib

Yazışmalara əsasən, şəbəkəyə yeni donor namizədləri yönləndirən şəxslərə komissiya vəd olunub. Qadınlardan biri maddi çətinlik yaşadığını bildirərək əvvəl yönləndirdiyi namizədə görə pulunun həmin gün ödənilməsini istəyib.

Digər şəxs isə yaxşı ödəniş alacağı təqdirdə yeni namizədlər tapmağa davam edəcəyini yazıb.

Hacer T. ifadəsində onu bu fəaliyyətə ilk cəlb edən Emine Ç.-nin təxminən 12 ildir bu işlə məşğul olduğunu iddia edib. Onun sözlərinə görə, qadınlar Kipr, Gürcüstan və Albaniya ilə yanaşı, Livan, Birləşmiş Ərəb Əmirlikləri və Kosovoya da göndərilib.

“Sarı saçlı, mavi gözlü” donorlar istənilib

İstintaqla bağlı yayılan məlumatda şəbəkənin yumurta hüceyrələrini qadınlardan 80 avroya alıb 100 avroya satdığı bildirilir.

İddiaya görə, süni mayalanma yolu ilə övlad sahibi olmaq istəyən bəzi şəxslər sarı saçlı, mavi gözlü donorlar tələb edib. Şəbəkə üzvləri isə belə namizədləri tez tapa biləcəklərini söyləyiblər.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 210

Oxşar yazılar